Məhkəmə qərarları › İş №2-1(118)-1407/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1407/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1407/2025 04.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1407/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “mənəvi zərərə görə 5000 (beş min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində mümkün sayılmamışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1975-ci ildən 2013-cü ilə qədər Sumqayıt “Kimya zavodunda" işləmişdir, 1978-ci ildən mənzil növbəsində olmuşdur. 1982-ci ildə Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxanada ailəli olduğuna görə Order əsasında 75A saylı otaq iddiaçıya verilmişdir. Hal-hazırda iddiaçıya məxsus mənzil özəlləşmişdir və xx.xx.2014-cü il tarixdə RX Seriyalı ******* saylı Çıxarışla mənzil mülkiyyətindədir. İddiaçıya məxsus mənzildə mənzil sökülən tarixədək 6 nəfərlik ailə üzvü yaşamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 770s saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 №-li Yataqxana Sumqayıt şəhər İH-nin qərarı ilə sökülmüşdür. Həmin sərəncamın 3-cü bəndinə görə sərəncamın icrası Sumqayıt şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Adı çəkilən sərəncama əsasən həmin yataqxanada yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqqları ilə birlikdə 31000 (otuz bir min) manat ödənilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda yataqxana tamamilə sökülmüşdür. Qeyd etdiyi kimi 75A saylı otaq iddiaçının mülkiyyətindədir. Cavabdeh mülkiyyət hüququnu məhv edərək iddiaçının əmlakını yerlə-yeksən etmişdir. Cavabdehin günahı üzündən iddiaçının əmlakına zərər dəymiş, əmlakı məhv olmuş, evsiz-eşiksiz qalmışdır. Əmlakına görə iddiaçıya hər hansı bir kompensasiya ödənilməmişdir. Hal-hazırda mənzilinin ölçüsündə olan mənzillərin yaşayış yerində dəyəri 60000 (altmış min) manat təşkil edir. İddiaçı kompensasiya ödənilməsi tələbi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubu ilə xahişini təmin etməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli, 153 saylı sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Sözügedən yataqxananın 75A saylı otağı order əsasında İddiaçı verilmişdir. Hal-hazırda sözügedən yataqxana plana düşdüyünə görə Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 770s saylı qərarı ilə 1,2 və 3 ailə üzvü olanlara 31.000 manat məbləğində pul ödənilir. Nazirlər Kabinetinin qərarı çıxarkən İddiaçı həmin mənzildə iki nəfər ailə üzvü ilə birlikdə yaşamış və həmin siyahı Nazirlər Kabinetinə göndərilmişdir. Lakin İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin 31.000 manat məbləğində pulun əvəzinə, maddi və mənəvi ziyan daxil olmaqla, ümumilikdə 50.000 manat kompensasiya ödənilməsini tələb edir. Yataqxana Nazirlər Kabinetinin qərarı ilə plana düşdüyünə görə yataqxanada yaşayan sakinlərin siyahısı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən tərtib edilərək Nazirlər Kabinetinə göndərilmişdir. Həmin vaxtdan sonra yaşayışçıların mənzillə və yaxud pulla təmin edilməsi Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Bu səbəbdən İddiaçı İcra Hakimiyyətini cavabdeh şəklində işə cəlb etməsi qanunsuz və əsassızdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti; Sumqayıt Şəhər İcra Hakimiyyətinin 770 saylı, xx.xx.2023-cü il tarixli sərəncamı; cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 75A saylı mənzilin sökülməsi ilə əlaqədar həmin yataqxanada yaşayan şəxslərə kompensasiya ödənilməsi məqsədilə onların siyahısı tərtib olunmuşdur. Nazirlər Kabinetinin qərarı ilə 4 nəfərdən yuxarı ailə üzvü olanlara mənzil, 1,2 və 3 ailə üzvü olanlara isə 31.000 AZN məbləğində pul ödənilməsi nəzərdə tutulmuş, lakin iddiaçı ona təklif edilən 31 000 manat kompensasiya məbləği ilə razılaşmayaraq, kompensasiyanın əvəzində bir otaqlı mənzil verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli, 770s nömrəli sərəncamına əsasən 1 nəfərdən 3 nəfərədək ailə üzvü olan şəxslərə 31 000 manat məbləğində kompensasiyanın ayrılması nəzərdə tutulmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 243 saylı, xx.xx.2025-ci il tarixli arayışda da İddiaçı 2 nəfərdən ibarət tərkibdə ailə üzvünün olduğu qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 5 mərtəbəli, 3 girişli, ev 28 yataqxana 13 saylı bina ilə əlaqədar məlumat – siyahı məhkəməyə təqdim edilmiş, həmin siyahıda, 39-cu sırada qeyd edilən İddiaçı ailə tərkibi 2 nəfər olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” iddia tələbi, “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar