Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1409/2021 26.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar X1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına olan 3,97 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının və torpağa mülkiyyət hüququna dair JN-0024 KOD 30222058 nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar X2 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “X3 adına olan 3,97 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının və torpağa mülkiyyət hüququna dair JN-0024 KOD 30222058 nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbi ilə bağlı inzibati orqana müraciətinin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmədiklərini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçıların tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, həmin növ iddiaya məhkəmədə baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müraciət edilməsi müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar X1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına olan 3,97 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının və torpağa mülkiyyət hüququna dair JN-0024 KOD 30222058 nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1409/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1409/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver