Məhkəmə qərarları › İş №2-1(118)-141/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-141/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-141/2024 31.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli 15 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən alqısatqı yolu ilə aldığı 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəsifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli 15 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən alqısatqı yolu ilə aldığı 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəsifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Allahverdiyeva (Hüseynova) X5 rayonu Təngəaltı bələdiyyəsinə 15 iyul 2002-ci il tarixli 15 №-li qərarı ilə Təngəaltı bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsindən alqı-satqı yolu ilə notarial qaydada 0,24 ha torpaq sahəsini almışdır. Fərdi yaşayış evi tikmək məqsədi ilə aldığı 0,24 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə "Torpağın mülkiyyətə verilməsüinə dair" JN-236 № li Şəhadətnamə (kod ********) Azərbaycan Respublikası DTXK-in Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Azərbaycan Respublikası Dövlət Yerqurluşu və Layihə institutunun nümayəndəsi F.Cəfərov tərəflərindən imzalanmış və möhürlə təsdiqlənərək 2006-cı il tarixdə iddiaçıya verilmişdir.. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh orqan tərəfindən imtina bildirişi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, ərizəyə əlavə olunmuş JN- 236F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Qeyd olunan şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbaən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - JN-236 kod 30329068 “Torpağın mülkiyyətə verilməsüinə dair" Şəhadətnamədən görünür ki, Quba rayonu Dövlət Notariat Kontorunun 29 aprel 2003-cü il tarixli 4-ə-148 saylı qərarı ilə İddiaçı 0.24 ha torpaq sahəsi satılmışdır. - Quba rayon X4 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 539 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu Təngəaltı kəndi ərazisində yerləşən ümumi sahəsi 267.1 kvm olan ikimərtəbəli yaşayış evi X1 adına qeydə alınmışdır. - Məhkəmənin sorğsusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 adına verilmiş xx.xx.2003-cü il tarixli, 539 reyestr nömrəli qeydiyyat vəsiqəsində qeyd edilən ümumi sahəsi 267.1 kv m, yaşayış sahəsi 144.0 kv m olan yaşayış evinə Quba rayon TİB tərəfindən texniki pasport işlənmişdir. Həmin yaşayış evinə dair arxiv sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğsusuna əsasən X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən Allahverdiyeva (Həsənova) Lətafət Məmmədkərim qızının adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda arxivə təhvil verilmiş 4Ə-148 reyestr nömrəli müqavilənin Quba rayon dövlət notariat ofisində 30 aprel 2003-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. - Məhkəmənin sorğsusuna əsasən Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaşın Təngəaltı bələdiyyəsindən 0.24 ha həyətyanı torpaq sahəsi alması barədə bu günə kimi Çiçi- Səbətlər bələdiyyəsinə heç bir məlumat daxil olmamışdır. Araşdırma zamanı məlum oldu ki, İddiaçı həmin 0.24 ha torpaq sahəsini vaxtı ilə Təngəaltı kənd sakinlərindən almışdır və həmin torpaq sahəsi sabiq “Bakı” meyvəçilik sovxozu tərəfindən Təngəaltı kənd sakinlərinə verilmiş həyətyanı torpaqlarıdır. - Məhkəmənin sorğsusuna əsasən Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı həmin 0.24 ha torpaq sahəsini Təngəaltı kənd sakinlərindən alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi sabiq “Bakı” meyvəçilik sovxozu tərəfindən Təngəaltı kənd sakinlərinə verilmiş həyətyanı torpaqları kateqoriyasına daxildir. Bu gün bələdiyyə sakinlərdən, X2 da daxil olmaqla,həmin torpaqlara aid yalnız torpaq vergisi alır. - Məhkəmənin sorğsusuna əsasən X12 filialı tərəfindən verilmiş 31 may 2023-cü il tarixli cavab məktubundan görünür ki,Quba rayonu Təngəaltı bələdiyyəsinin 2002-ci ilə aid sənədləri filiala təqdim edilməmişdir. -Məhkəmənin sorğsusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cavab məktiubundan görünür ki, xx.xx.2003-cü il tarixli 539 reyestr nömrəli qeydiyyat vəsiqəsininin verilməsinə əsas olmuş sənədlərin təqdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ....8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ...8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddia ərizəsində mübahisəsi gedən torpaq sahəsini Quba rayon Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli qərarına əsasən ayrılmış torpaqlardan alqı-satqı yolu ilə əldə edildiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı Quba rayon Təngəaltı bələdiyyəsinin belə bir qərarının olması öz təsdiqini tapmadı. Bundan başqa iddiaçının təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən edildi ki, onun istinad etydiyi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əsas kimi Quba rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 29 aprel 2003-cü il tarixli 4-Ə-148 reyestr nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Həmin müqavilənin arxiv əsaslarının müəyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu verilmiş və müəyyən edilmişdir ki, həmin tarixdə deyil, 4-Ə-148 reyestr nömrəli alqı-satqı müqaviləsi 30 aprel 2003-cü il tarixdə başqa şəxslər arasında bağlanmışdır. Göründüyü kimi həmin müqavilənin iddiaçıya və mübahisəsi gedən torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bundan əlavə cavabdehin imtina məktubundan da görünür ki, təqdim edilmiş şəhadətnamə cavabdeh idarənin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-236F nömrəli şəhadətnamədəki məlumatların həqiqiliyi, yəni şəhadətnamənin qeyd edilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi ilə İddiaçı arasında şəhadətnamədə qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də şəhadətnamədə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Bununla yanaşı iddiaçının təqdim etdiyi həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsi əsasları yoxlanılmış və müəyyən edilmişdir ki, həmin qeydiyyat vəsiqəsi yuxarıda qeyd olunan alqı-satqı müqaviləsi, satıcı X3 torpaq sahəsinin təhkim edilməsi barədə akt əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, həm alqı-satqı müqaviləsində, həm də təhkim aktında torpaq sahəsinin ölçüsü 0.12 ha göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ümumiyyətlə 0.24 ha torpaq sahəsinə mülkiyyət hüququnu iddia etməsi əsassızdır. Evin texniki pasportunda həyətyanı sahənin sənəd üzrə 0.12 ha, faktiki 0.33 ha olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının fərdi yaşayış evi üzrə mülkiyyət hüququ qeydə alınsa da, bu hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda iki cür texniki pasport nəzərdə tutulmuşdur. 1) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ........ 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ......2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Göründüyü kimi iddiaçının təqdim etdiyi fərdi yaşayış evinə dair texniki pasport yuxarıda sadalanan tələblərə uyğun gəlmədiyindən bu əsasla da iddianın təmin edilməsi istinsa olunur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar