Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1411/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı “iddiaçının 05.05.2021-ci il tarixdə 07/Q-25 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 20.05.2021-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi, bələdiyyənin Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3.4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarının ləğv edilməsi, üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmış 3.4 ha torpaq sahəsi üçün verilmiş **********71 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş müraciətinin araşdırılması ilə bağlı təqdim edilmiş sənədlər öyrənilərkən məlum olmuşdur ki, Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid 3,4 ha torpaq sahəsinə bələdiyyə iclasında müzakirəyə çıxarılmadan, hər hansı qərar qəbul edilmədən bələdiyyə sədri tərəfindən Quxuroba bələdiyyəsinin adından təkbaşına tərtib edilmiş və imzalanmış 05.12.2019-cu il tarixli 12 nömrəli qanunsuz iclas qərarı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair **********71 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin, Quxuroba bələdiyyəsinin iclas protokollarına baxış zamanı bələdiyyənin qeyd olunan 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarı regional ədliyyə idarəsində aşkar olunmamışdır. Qeyd olunanları nəzərə alaraq 3,4 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması proseduruna başlanması barədə Quxuroba bələdiyyəsinin 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarının ləğv edilməsi və 3,4 ha torpaq sahəsinə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün ƏMDK yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunması ilə bağlı Quxuroba bələdiyyəsinə 05.05.2021-ci il tarixdə iddiaçı tərəfindən təklif məktubu göndərilmişdir. Lakin Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən qeyd olunan təklif bələdiyyənin 20.05.2021-ci il tarixli 05 saylı iclasında müzakirəyə çıxarılsa da, sözügedən 3,4 ha torpaq sahəsi üzərində 2019-cu ildə bələdiyyənin mülkiyyət hüquqlarının tanındığı əsas gətirilərək Xaçmaz Regional Ədliyyə idarəsinin təklifi təmin edilməmişdir. Bələdiyyənin həmin qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia tamamilə əsassızdır. Belə ki, həmin iddia iddiaçının qanuni mənafeyinin müdafiəsi məqsədi ilə deyil, həmin idarənin rəisi Cavanşir Əvəzov tərəfindən məhz özünün qanunsuz olaraq torpaq sahələrini ələ keçirmək ambisiyalarını həyata keçirmək məqsədi ilə irəli sürülmüşdür. Bundan əvvəl 2020-ci ildə Şamaxı rayon sakini Şirinov Sərdar Əkbər oğlu Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldırmışdır. Şamaxı rayon sakini Şirinov Sərdar Əkbər oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ərazi İdarəsinin rəisi Cavanşir Əvəzovun qohumudur və əslində həmin iddia da əslində Cavanşir Əvəzov tərəfindən irəli sürülmüşdür. İddiaçı Şirinov Sərdar Əkbər oğlunun dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi 13 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxuroba Bələdiyyəsinin mülkiyyətindədir. Sumqayıt İnzibati Məhkəməsi həmin iş üzrə Qusar rayonu Quxuroba Bələdiyyəsini 3-cü şəxs kimi işə cəlb etmədən işə baxaraq iddiaçı Şirinov Sərdar Əkbər oğlunun iddiasını 13 mart 2020-ci il tarixli, 2-1(118)-633/2020 saylı qərarı ilə təmin etmişdir. Həmin qərardan DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Həmin iş Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Hökümə Babayevanın icraatında olan zaman bələdiyyə həmin iddiadan xəbər tutmuş və işə üçüncü şəxs qismində cəlbetmə barədə ərizə vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Qusar rayonu Quxuroba Bələdiyyəsi həmin iş üzrə üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı Şirinov Sərdar Əkbər oğlunun dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin 13 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxuroba Bələdiyyəsinin mülkiyyətində olması barədə Sumqayıt Apellyasiya Məhkəməsinə məlumat verildi və həmin çıxarışın surəti təqdim edildi. Bundan sonra X3 Sərdar Əkbər oğlunun iddia materialları ilə tanış olduğunda aşkar edildi ki, Şirinov Sərdar Əkbər oğlunun həmin torpaq sahəsinin Quxuroba Bələdiyyəsi tərəfindən ona satılması barədə istinad etdiyi 19 sentyabr 2004-cü il tarixli 11 nömrəli qərar saxtalaşdırılmışdır. Belə ki, həmin qərar o dövrdə Quxuroba Bədiyyəsinin sədri vəzifəsində işləmiş X4 tərəfindən imzalanmamışdır, onun, eləcə də digər bələdiyyə üzvlərinin imzaları başqa şəxslər tərəfindən icra edilərək həmin qərar saxta hazırlanmışdır. O dövrdə Quxuroba Bələdiyyəsinin sədri vəzifəsində işləmiş X4 və digər bələdiyyə üzvləri həmin qərardakı imzaların onlara məxsus olmadıqları barədə yazılı izahatlar vermişlər. Həmin bələdiyyə qərarı əsasında iddiaçı Şirinov Sərdar Əkbər oğlunun adına verilmiş JN 0707 KOD 30127005 saylı Dövlət Aktı da saxta sənəddir. Belə ki, həmin Dövlət Aktı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinə iddiaçı Şirinov Sərdar Əkbər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz edilərək 19 sentyabr 2004-cü il tarixli 11 nömrəli qərarın qəbul edildiyi vaxt Quxuroba Bələdiyyəsinin sədri vəzifəsində işləmiş X2 iş üzrə şahid qismində dindirilməsi, Quxuroba Bələdiyyəsi tərəfindən iddiaçı Şirinov Sərdar Əkbər oğluna torpaq sahəsinin satılması barədə iddiaçının istinad etdiyi 19 sentyabr 2004-cü il tarixli 11 nömrəli qərarında edilmiş imzaların həqiqətən də həmin dövrdə Quxuroba Bələdiyyəsinin üzvləri olmuş şəxslərə məxsus olub-olmaması məsələsinin müəyyənləşdirilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verilmişdir. Həmin vəsatəti verdikdən sonra iddiaçı Şirinov Sərdar Əkbər oğlunun nümayəndəsi iddianı geri götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(105)-27/2021 saylı qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(118)-633/2020 saylı qərarı ləğv edilmiş və iddiaçı Şirinov Sərdar Əkbər oğlunun iddia ərizəsi geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir. İddiaçı Şirinov Sərdar Əkbər oğlunun (dolayısı ilə Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzovun) həmin iddianı geri götürməsinin səbəbi özlərinin əllərindəki sənədlərin aşkar saxta olduğunu bilmələridir. Çünki həmin iddiaya axıradək baxılsaydı onlar tamamilə ifşa olunacaqdılar. Qeyd olunmalıdır ki, iddiaçı Şirinov Sərdar Əkbər oğlunun yuxarıda qeyd edilən iddiasının arxasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzov durur. Şirinov Sərdar Əkbər oğlunun həmin torpaq sahəsi barəsində əlində olan sənədləri saxta olduğu üçün Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzov hal-hazırkı əsassız iddianı irəli sürərək yenə də 03 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxuroba Bələdiyyəsinin mülkiyyətində olan 3,4 ha torpaq sahəsini ələ keçirmək istəyir. Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzov təkcə Qusar rayonu Quxuroba Bələdiyyəsinin torpaqlarına deyil, Qusar rayonunun başqa bələdiyyələrinin də torpaqları barəsində bu cür saxta sənədlər hazırlayaraq onlarla, bəlkə də yüzlərlə hektar torpaq sahələrini qanunsuz yolla ələ keçirmişdir. Hal-hazırda bələdiyyələrin şikayətləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzovun qanunsuz əməlləri Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. Konkret olaraq Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi X5 rayonu Quxuroba Bələdiyyəsinə qarşı hal-hazırkı iddiasına gəldikdə isə həmin iddia tam əsassızdır, həmin iddianı irəli sürməkdə Cavanşir Əvəzovun niyyəti budur ki, üzərində Qusar rayonu Quxuroba Bələdiyyəsinin mülkiyyət hüququnu təsdiq edən həmin 3,4 ha torpaq sahəsinə aid 13 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əvvəlcə ləğv etmək, sonra isə həmin torpaq sahəsinə öz qohumu Şirinov Sərdar Əkbər oğlunun əlində olan saxta sənədlər əsasında Şirinov Sərdar Əkbər oğlunun adına çıxarış çıxarmaqla həmin torpaq sahəsini ələ keçirməkdir. X8 bu niyyətini heç vaxt həyata keçirə bilməz. Çünki həmin torpaq barəsində qohumu Şirinov Sərdar Əkbər oğlunun əlində olan sənədlər saxtadır və həmin sənədlərin etibarsızlığı barəsində tezliklə iddia qaldıralacaq. Cavanşir Əvəzov iddia ərizəsində iddia edir ki, "Quxuroba Bələdiyyəsinin sədri, yəni Namik İsmayılov, Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3,4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba Bələdiyyəsinin 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarını təkbaşına tərtib edərək və imzalayaraq DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir, həmin qərar əsasında da həmin torpaq sahəsinə **********71 reyestr nömrəli çıxarış verilmişdir. Quxuroba kəndi ərazisindən icarə prdemeti olan 3,4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba bələdiyyəsinin 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarı Xaçmaz Regional Ədliyyə İdarəsində aşkar olunmadı”. İddiaçı bunun əsasında da Quxuroba Bələdiyyəsinin 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarının ləğv edilməsini, **********71 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb edir. Lakin Quxuroba bələdiyyəsinin 05.12.2019-cu il tarixli 12 nömrəli iclas protokolunun Namik İsmayılov tərəfindən təkbaşına tərtib edilərək imzalanması barədə iddiaçının iddiası yalan və iftiradır. Çünki bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba Bələdiyyəsinin 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarı mövcud deyildir. Quxuroba kəndi ərazisində icarə predmeti olan 3,4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba bələdiyyəsinin 31 avqust 2018-ci il tarixli 8 nömrəli protokolunun 01 saylı qərarı mövcuddur. Həmin protokolqərar isə tam qanuni tərtib olunaraq həm Namik İsmayılov, həm də ki, digər bələdiyyə üzvləri tərəfindən imzalanmışdır. Həmin qərar və digər zəruri sənədlər 05.12.2019-cu il tarixli 100 nömrəli məktubla Quxuroba Bələdiyyəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. İddiaçı Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzov həmin məsələni axıradək öyrənmədən 05.12.2019-cu il tarixli həmin məktubu bələdiyyə qərarı kimi qiymətləndirərək hazırkı əsassız iddianı irəli sürmüşdür. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən 26.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddiaçının iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazla eyniməzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 05.05.2021-ci il tarixli 07/Q-25 nömrəli məktubun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə bələdiyyənin Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3.4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarının ləğv edilməsi, üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmış 3.4 ha torpaq sahəsi üçün verilmiş **********71 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi təklif edilmişdir. Cavabdehin 20 may 2021-ci il tarixli 05 nömrəli iclas protokoluna əsasən iddiaçının 07/Q-25 nömrəli, 05.05.2021-ci il tarixli təklif məktubunun təmin edilməsi mümkünsüz sayılmışdır. İşdə olan 13 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxuroba kəndi ərazisində 3,4 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Qusar rayonu Quxuroba kənd sakini Ağabəyov Teyfur Ağabəy oğlu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubun surətindən görünür ki, o, 2003-cü ilin may ayından 2005-ci ilin yanvar ayına kimi Qusar rayonu Quxuroba Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Sədrlik etdiyi müddətdə o, Şirinov Sərdar Əkbər oğluna onun iddia etdiyi torpaq sahəsini satmamıışdır. Məhkəmə araşdırması nəticəsində əldə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-633/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 19 may 2006-cı il tarixli JN: 0707 KOD 30127005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qusar rayonu Quxuroba bələdiyyəsi ərazisində yerləşən 9.57 hektar torpaq sahəsi üzərində Şirinov Sərdar Əkbər oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Şirinov Sərdar Əkbər oğlunun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2021 saylı qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-633/2020 saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarına, həmçinin, torpaqsahəsinin planı, torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) və Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsinin rəyi də əlavə edilmişdir. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tərəflərə ünvanladığı məktubun surətindən görünür ki, Sərdar Şirinova 9,57 ha torpaq sahəsinin ayrılması ilə bağlı tərtib edilmiş Quxuroba bələdiyyəsinin 19.09.2004-cü il tarixli qərarı və həmin qərara istinad edilməklə tərtib olunmuş Dövlət Aktının (JN -0707, KOD ********) etibarsız sayılması üçün tədbirlər görülməsi, bələdiyyənin mülkiyyəti olan qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin sahibliyinin təmin edilməsinə dair təkliflər irəli sürülmüşdür. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). İşdən göründüyü kimi, iddiaçının iddia tələbi üç hissədən ibarətdir: 1) iddiaçı tərəfindən irəli sürülmüş 05.05.2021-ci il tarixdə 07/Q-25 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 20.05.2021-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi; 2) bələdiyyənin Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3.4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarının ləğv edilməsi; 3) üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmış 3.4 ha torpaq sahəsi üçün verilmiş **********71 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş 05.05.2021-ci il tarixli 07/Q-25 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 20.05.2021-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi üçün qanuni əsas yoxdur. Belə ki, həmin qərarın ləğvi iddia tələbinin ikinci hissəsi ilə bağlı olduğundan və bələdiyyənin Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3.4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə 31 avqust 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə, həmçinin, bu hissədə qeyd edir ki, əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsinə bələdiyyənin Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3.4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarın 31 avqust 2018-ci il tarixli qərar kimi hesab edilməsi təklif edilsə də, iddiaçı tərəfindən bununla bağlı dəqiqləşmə barədə ərizə təqdim edilməmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 33.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 48.3-cü maddəsinə əsasən bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. Həmin Qanunun 49-cu maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, digər şəxslər və onların vəzifəli şəxsləri bir ay müddətində baxmalıdırlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən belə nəticəyə gəlmək olur ki, yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak bələdiyələrin mülkiyyətinmə aiddir. Bələdiyyələr özünün mülkiyyət obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Öz əmlakı üzərində sərəncam verilməsi ilə bağlı məsələlərdə bələdiyyə qərarları sadə səs çoxluğu ilə, yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir, yəni bələdiyələrin qəbul etdiyi qərarların icrası imperativ xarakter daşıyır. Başqa sözlə desək, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlar təşkilat-sərəncamverici xarakterli olmalıdır. Mübahisənin predmeti olan və 3.40 ha torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması haqqında qərar özü özülüyündə təşkilat sərəncamverici xarakterə malik deyil. Nəzərə alınmalıdır ki, DƏDRX əmələ gəlmiş əmlak hüquqlarını qeydiyyata alan orqandır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri bilir ki, “bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması haqqında” qərarı inzibati akt kimi qəbul edilsə həmin qərarın icrası “Bələdiyyələrin statusu haqqında” Qanunun 48.3-cü maddəsinin tələblərinə əsasən DƏDRX tərəfindən hökmən icra edilməlidir. Göründüyü kimi, “bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması haqqında” sənədi inzibati akt (qərar) qüvvəsinə malik deyil və buna görə də həmin sənəd DƏDRX-ə edilmiş müraciət kimi qəbul edilməlidir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması” haqqında qərarın qəbul edilməsi anlayışı Qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni, bələdiyyə tərəfindən sahibliyində olan torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 49-cu maddəsində nəzərdə tutulmuş müraciətin olması həmin hüquqların qeydə alınması üçün kifayət edir. Buna görə də məhkəmə hesab edir ki, müraciət xarakterli qərar adlandırılmış sənədin qəbul edilməsi üçün bələdiyyə üzvlərinin səs çoxluğuna zərurət yoxdur. İddiaçının irəli sürdüyü üçüncü iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslə rin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının irəli sürdüyü mübahisəli – 3,4 ha torpaq sahəsi 13 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon Quxuroba Bələdiyyəsinin mülkiyyətindədir. Qusar rayonu Quxuroba bələdiyyəsi inzibati ərazisində olan 3,4 ha torpaq sahəsinə dair öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Həmin çıxarış alınana qədər Quxuroba Bələdiyyəsi bələdiyyə torpaqlarının rəsmiləşdirilməsi üçün tələb olunan prosedur qaydalarına riayət etmişdir. Belə ki, Quxuroba bələdiyyəsi həmin torpaq sahəsinin təyinatının müəyyən edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsindən müvafiq müsbət rəy almış və sonradan həmin torpaq sahəsinə dair öz adına DƏDRX-in 5 saylı Ərazi idarəsindən mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qanunsuz olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, eləcə də həmin qərarın qanunsuz olması heç bir vasitə ilə müəyyən oluna bilməmişdir. Beləliklə, cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinin 05 saylı 20.05.2021-ci il tarixli qərarının və həmin qərarın əsasında aparılan hüquqi hərəkətlərin qanunsuz hesab edilməsi üçün hər hansı bir əsas mövcud olmadığından hesab olunur ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin 05.05.2021-ci il tarixdə 07/Q-25 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 20.05.2021-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi, bələdiyyənin Quxuroba kəndi ərazisindən icarə predmeti olan 3.4 ha torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydiyyata alınması üçün prosedura başlanması barədə Quxuroba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 05.12.2019-cu il tarixli 12 nömrəli iclas qərarının ləğv edilməsi, üzərində bələdiyyənin mülkiyyət hüquqları tanınmış 3.4 ha torpaq sahəsi üçün verilmiş **********71 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1411/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1411/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver