Məhkəmə qərarları › İş №2-1(118)-1412/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1412/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1412/2025 23.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin ВТЭ-7 seriyalı, 092313 nömrəli arayışından görünür ki, X10 2 aprel 1998-ci il tarixdə “Hərbi travma. Azərbaycan Respublikası müdafiəsi zamanı” səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 23 aprel 2024-cü il tarixli, 36-171/2-Q-9265 nömrəli məktubundan görünür ki, İddiaçı 2 aprel 1998-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın pensiyasının ödənişi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” aitsistemində onun əlilliyinə dair məlumatlarının, həmçinin Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin olmaması səbəbindən 31 may 2019cu il tarixdən dayandırılmışdır. N.A.Mohammadin əlilliyinin yenidən qiymətləndirilməsi nəticəsində təkrar əlilliyi müəyyən ediləcəyi, eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olması barədə müvafiq sənədi təqdim edəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq onun əmək pensiyasının ödənişi məsələsinə baxılacaqdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. X9 dair tərtib edilmiş çıxarış epikrizi.

4. 20 dekabr 2000-ci il tarixli, 235090 nömrəli “Əlilin vəsiqəsi”ndən görünür ki, X6 “Qarabağ müharibəsi” səbəbi ilə birinci qrup əlildir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 7 mart 2024cü il tarixli, 51 nömrəli arxiv arayışından görünür ki, X13 4 mart 1994-cü il tarixdən 20 aprel 1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 və X3-Sosial Ekspert Komissiyasının 13 may 2024-cü il tarixli qərarı.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 və X1-Sosial Ekspert Komissiyasının 10 iyun 2024-cü il tarixli, 3-17-4/3-1- 12423/2024 nömrəli 6 iyun 1970-ci il təvəllülü İddiaçına münasibətə qəbul edilmiş qərarından görünür ki, 2 aprel 1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərarın əlillik altsisteminə daxil edilməsi, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq 2 aprel 1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılaraq, 13 may 2024-cü il tarixdən Gözdən əlil kimi qeydiyyat aparılması barədə qərar qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16 yanvar 2025-ci il tarixli, 3-25-29/2- 52/2025 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində X7 xidməti, döyüşlərdə iştirak etməsi və yaralanması barədə məlumat aşkar edilməmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 1994-cü il tarixli “Yaralıların qeydiyyatı kitabı” Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2019-cu il tarixdən dayandırılmış əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 4 mart 1994-cü il tarixdə yaralanmış, sağ qolunu və sol gözünü itirmişdir. 4 saylı Zona TSEK tərəfindən iddiaçıya 2 aprel 1998-ci il tarixdə müddətsiz olaraq 1ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası 31 may 2019-cu il tarixədək ödənilmiş və həmin tarixdən sonra əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Əmək pensiyasının dayandırılmasının səbəbləri barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinə, cavabdehə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Sosial Ödənişlər üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətini cavabsız və nəticəsiz qoymuşdur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciətini 23 aprel 2024-cü il tarixli məktubla cavablandırmışdır (§2).

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2 aprel 1998-ci il tarixdə Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (TSEK arayışının nömrəsi: 092313). Vətəndaş əlillik təyinatının bərpa edilməsi və Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında 13 may 2024-cü il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçı hərbi Qərar/Şəhadətnamə təqdim etməmişdir. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində Hərbi Şəhadətnamə/Qərar aşkarlanmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı soltərəfli zəif eşitmə və zəif görmədən şikayətlənmiş, astma xəstəliyindən əziyyət çəkdiyini və sağ saidin orta 1/3-dən amputasiya olunduğunu qeyd edilmişdir. Anamnestik məlumatlarında l-ci Qarabağ müharibəsində iştirak etdiyini, lakin əcnəbi vətəndaşa hərbi qərar/şəhadətnamə verilmədiyini söyləmiş, lakin xüsusi səbəbdən l-ci dərəcə müddətsiz əlilliyi olduğunu, 2018ci ildən dayandırıldığını qeyd etmişdir. Müayinə zamanı sağ saidin orta 1/3-dən amputasiya izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, boyu 167 sm, çəkisi 75 kq, BKİ=26.7 müəyyənləşdirilmişdir. X2 5 aprel 2024-cü il tarixli Tibbi rəyində diaqnoz “OS-Buynuz qişanın leyoması” kimi qeyd olunmuşdur. X4 və Ortopediya İnstitutunun 8 aprel 2024-cü il tarixli, ********** 3939/2024 nömrəli arayışında diaqnoz “Hərbi əməliyyat zamanı partlayış travmasından sonrakı vəziyyət. Sağ saidin orta 1/3 amputasiyasından sonrakı güdülü. Sap dirsək sümüyü güdülünün osteofiti. Sağ yuxarı ətrafın funksiya pozulması” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 15 aprel 2024-cü il tarixli Bera test müayinəsinin nəticəsi “iki tərəfli qarışıq tip ağır eşitmə, sağ /, sol İV dələcəli.” kimi qeyd olunmuşdur. Cavabdeh orqanda 13 may 2024-cü il tarixli, 1216 nömrəli Spirometriya müayinəsinin nəticəsi ‘‘Diaqnoz: Bronxial astma. Nəticə: Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 78%, FEV1 58%. Boy 167 sm, çəki 75 kq.” kimi qeyd edilmişdir. Cavabdeh orqanda 13 may 2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OD 1.0, Vis OS-O (sıfır). OS-Buvnuz qişanın total belmosu. Keratoplastikadan sonrakı hal.” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Qeyd edilir ki, vətəndaşın təqdim etdiyi TSEK arayışında əlillik təyinatının səbəbəlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” qeyd olunsa da, həmin səbəb-əlaqəni təsdiqləyən heç bir hərbi sənəd aşkarlanmadığından, həmin əlillik təyinatının səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar olaraq dəyərləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”yə əsasən vətəndaşa dair Hərbi Qərar/Şəhadətnamə təqdim edildiyi təqdirdə, əlillik təyinatının səbəbəlaqəsinə həmin sənədlər əsasında yenidən baxıla bilər. 2 aprel 1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərarın Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq 2 aprel 1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılaraq, 13 may 2024-cü il tarixindən Gözdən əlil kimi qeydiyyat aparılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında mübahisə predmetinə səbəb olan hal baş verməmişdir.

Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş, tələbinin təmin edilməsini xahiş edərək, həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 4 mart 1994-cü il tarixdə yaralanmış, sağ qolunu və sol gözünü itirmişdir. 2 aprel 1998-ci il tarixdə “Hərbi travmalıdır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə müddətsiz olaraq 1ci dərəcəli əlillik qrupu və əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının verilməsi 31 may 2019-cu il tarxindən əsassız dayandırılmışır.

16. Məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, əlilliyin təyin olunması üçün mütləq hərbi həkim komissiyasının qərarı olmalıdır, lakin iddiaçı 13 may 2024-cü il müraciət edərək, şəhadətnaməni təqdim etməmişdir. Əvvəllər iddiaçıya hərbi travma səbəbi ilə əlilliyin təyin olunmasına baxmayaraq, həmin səbəbin əsası hal-hazırda müvafiq qərar və ya şəhadətnamə ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda qeyd etmişdir ki, iddiaçının əlilliyi dayandırılmamış, ümumi səbəb ilə təyin edilmişdir. Əlilliyə görə pensiyanın dayandırılması isə elektron informasiya sisteminin “Əlillik” altsistemində müvafiq məlumatların daxil olnumaması ilə əlaqədardır.

ƏSASLANDİRMA HİSSƏSİ

17. Məhkəmə tərəflərin verdiyi izahatlarını, iddia ərizəsini və iş materiallarında mövcud olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

18. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

19. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

20. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

21. İş materiallarında mövcud olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya 2 aprel 1998-ci il tarixdə “Hərbi travma. Azərbaycan Respublikası müdafiəsi zamanı” səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş və 31 may 2019-cu il tarixədək əlilliyə görə pensiya ödənilmişdir. Pensiyanın dayandırılması səbəbi isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” aitsistemində onun əlilliyinə dair məlumatlarının olmaması olaraq müəyyən edilmişdir.

22. İddiaçı 13 may 2024-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və müraciəti nəticəsində 2 aprel 1998-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar əlillik altsisteminə daxil edilmiş və 2 aprel 1998-ci il tarixli ümumi xəstəlik ilə əlaqədar müddətsiz birinci dərəcə əlilliyin təyinatı barədə qərar qüvvədə saxlanılaraq, 13 may 2024-cü il tarixdən gözdən əlil kimi qeydiyyat aparılması barədə qərar qəbul edilmişdir.

23. Göründüyü kimi, iddiaçıya münasibətdə cavabdeh tərəfindən əlilliyin dayandırılması halı aşkar olunmamışdır. Odur ki, hazırkı iddia tələbində cavabdehin imtinası və ya hərəkətsizliyi mövcud olmadığından mümkünlük şərti ödənilməmişdir.

24. Qeyd olunmalıdır ki, hal-hazırda iddiaçının əlilliyinin və əlilliyi barədə cavabdehin müvafiq qərarı əsasında daxil edilmiş məlumatların Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” aitsisteminə mövcud olduğu üçün əlilliyə görə pensiyanın ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 və Reabilitasiya Agentliyi cavabdeh deyildir.

25. İddiaçının verdiyi izahatlarından həmçinin müəyyən edilir ki, o, 2 aprel 1998-ci il tarixdə təyin olunmuş əlilliyin səbəb-əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olduğunu iddia edir.

26. Lakin məhkəmə, iddianın perspektivliyi baxımından qeyd edilmiş istiqamətdə də iddia tələbini araşdıraraq, qeyd etmək zəruri hesab edir ki, hazırda cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatlarından, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının qeyd edilən tələb ilə cavabdehə müraciətin olmadığı müəyyən olunur.

27. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 13-maddəsinə əsasən, iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, ilk öncə cavabdeh orqana təyin edilmiş əlilliyin “Ümumi xəstəlik” səbəb-əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə dəyişdirilməsinə dair müraciət edilməli, cavabdeh tərəfindən imtina verildiyi təqdirdə, qeyd edilən tələb ilə məhkəmədə iddianın qaldırılması hüququ vardır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, idianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).

29. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlilliyi dayandırılmaması, əlilliyə görə pensiyanın ödənilməsi cavabdehin səlahiyyətlərinə aid olmadığı, eyni zamanda, iddiaçının əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciətin olmadığı üçün iddia mümkün hesab edilməməlidir.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 və Reabilitasiya Agentliyinə qarşı “31 may 2019-cu il tarixdən dayandırılmış əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar