Məhkəmə qərarları › İş №2-1(118)-1413/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1413/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1413/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 17 yanvar 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçının 2006-cı ilədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə, əmək kitabçasında qeyd oluna illərin güzşətli iş stajı kimi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “ona xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 17 yanvar 2019cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1980-ci ildə 23 nömrəli texniki peşə məktəbinə daxil olmuş, 10 mart 1981-ci ildə oranı bitirmiş və 10 aprel 1981-ci ildən 12 avqust 1982-ci ilə qədər 23 nömrəli “Gəmi təmiri hərbi zavodu”nda çilingər kimi əmək fəaliyyətinə başlamışdır. 01 fevral 1983-cü ildən 20 iyul 1983-cü ilə qədər Azərbaycan SSR Yol Nəqliyyat Nazirliyinin Körpütikmə İdarəsində qaynaqçı kimi işləmişdir. 15 yanvar 1985-ci ildən 19 mart 1985-ci il tarixdə Xızı rayon Südçülük Sovxozunda fəhlə kimi işə qəbul edilmiş və 19 mart 1985-ci il tarixdə fəhləlikdən azad olunaraq həmin sovxozda qaynaqçı-çilingər kimi 10 sentyabr 1986-cı il tarixə qədər işləmişdir. 22 sentyabr 1986-cı ildən 01 noyabr 1997-ci ilə qədər Bakı Baş Tikinti İdarəsinin 8 saylı Tikinti İdarəsində dördüncü dərəcəli elektrik-qaynaqçısı kimi işləmişdir. 01 may 2001-ci ildən 16 noyabr 2005-ci ilə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Avtobaza”sına dördüncü dərəcəli elektrik – qaynaqçısı kimi qəbul edilmiş və işləmişdir. 01 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Təcili və X1 Stansiyası”nda dördüncü dərəcəli qaz-elektro vəzifəsinə qəbul edilmiş və 21 noyabr 2006-cı ilə qədər həmin stansiyada işləmişdir. 02 iyul 2012-ci il tarixdən 01 avqust 2014-cü ilə qədər Yasamal rayon MKTB-nin 60 saylı MKİS-də xarrat vəzifəsində işləmişdir. 01 oktyabr 2018-ci il tarixdən bu günə kimi isə Yasamal rayon MKTB-nin 61 saylı MKİS-də “Dalandar” vəzifəsində işləyir. Onun bu günə kimi işlədiyi müddət 27 (iyirmi yeddi) il, 10 (on) aydır. İşlədiyi müddətdə icra etdiyi vəzifələr bütünlüklə ağır vəziyyətdə olmuş və əmək stajı zərərli işlərə görə 19 (on doqquz) il, 11 (on bir) ay, 9 (doqquz) gün təşkil edir və güzəştli şərtlərlə əmək stajına malikdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiasını qəbul etmirlər. İddiaçıya görə 57 yaşının tamam olduğu tarixə həm ümumi, həm də güzəştli əmək stajını toplamışdır. Buna görə də ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi filialın xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bunun üçün pensiya hüququnun 01 iyul 2017-ci il tarixinədək yarandığını sübut etməlidir. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş və 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, kişilər üçün pensiya yaşı 60 yaşdır və minimum pensiya kapitalı tələb edilir. İddia ərizəsində bu barədə heç bir əsaslandırmaya yer verilməmişdir. İşdəki sənədlərdən belə aydın olur ki, iddiaçının 01 iyul 2017-ci il tarixinədək olan ümumi əmək stajı 25 ildən az (24 il 05 ay 29 gün) təşkil edir. Qeyd edilənlər iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin 01 iyul 2007-ci ildən etibarən qüvvədə olan redaksiyasının tətbiqini zəruri edir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 41.553,6 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı, cəmi 18387,72 manat təşkil edir. Odur ki, filialın imtinası Əmək pensiyaları haqqında Qanunun 9.1, 6.2 və 45-ci maddələrinə uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, filialın imtinası Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Əmək pensiyaları haqqında Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyaları haqqında Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Odur ki, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 3-cü şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Filialın imtinası həm də “Əmək pensiyaları haqqında” Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 62-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və iddiaçının qanuni nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. - İddiaçıya məxsus, ИТ-İ № ******* saylı, xx.xx.1981-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1997-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək, xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivi tərəfindən verilmiş 45 nömrəli, 22 noyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, iddiaçı X3 19 mart 1985-ci il tarixli 32 nömrəli əmri ilə qaynaqçı çilingər qəbul edilmiş və 10 sentyabr 1986-cı il tarixli 104 nömrəli əmrlə işdən azad edilmişdir. - “Təcili və X2 Stansiyası” PHŞ tərəfindən verilmiş 07 saylı, 26 aprel 2021-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixindən Səhiyyə Nazirliyi Təcili və X2 Stansiyasının Avtobazasına dördüncü dərəcəli qaz-elektro qaynağçısı vəzifəsinə qəbul edilmiş, 21 noyabr 2006-cı il tarixindən ƏM-nin 72-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. - НЗ №3690705 saylı hərbi biletdən görünür ki, iddiaçı 11 may 1978-ci ildən 31 may 1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən verilmiş 3585 saylı, 10 mart 1981-ci il tarixli attestatın surətindən görünür ki, İddiaçı 01 sentyabr 1980-ci ildə 23 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 10 mart 1981-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbini bitirmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 07 yanvar 2022-ci il tarixli, Q-350/25 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində 23 nömrəli Bakı Texniki Peşə məktəbinin “Elektrik qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1981-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 25 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçası və digər sənədlərdən görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi stajı vardır. İddiaçının xüsusi iş stajına, yəni güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının əmək kitabçasından göründüyü kimi o, xx.xx.1983-cü ildən 20 iyul 1983-cü ildək qaynaqçı vəzifəsində, 19 mart 1985-ci ildən 10 sentyabr 1986-cı ildək qaynaqçı çilingər vəzifəsində, 22 sentyabr 1986-cı ildən 01 noyabr 1997-ci ilədək qaynaqçı vəzifəsində, xx.xx.2001-ci ildən 16 noyabr 2005-ci ilədək elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Beləliklə idiaçının 12 il 6 ay xüsusi iş stajının qazandığı vaxtda qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXXİİİ. Ümumi peşələr. 23200000 - 19906 – “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ona xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 12 il 6 ay iş stajına da malikdir. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya 57 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. İddiaçıya əmək pensiyasının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddəada müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana pensiya təyin edilməsi ilə bağlı 17 yanvar 2022-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ona əmək pensiyasının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni 17 yanvar 2019-cu ildən təyin edilməsi ilə bağlı tələbi də əsaslıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 17 yanvar 2019-cu il tarixdən əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 17 yanvar 2019-cu il tarixdən əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar