Məhkəmə qərarları › İş №2-1(118)-1414/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1414/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1414/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx" MMC-nin direktoru işləyən, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən 0.05 torpaq sahəsini 12 may 2006-cı il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2 əldə etmişdir. Həmin torpaq sahəsi S.Mirzəyevə Quba bələdiyyəsinin 03 dekabr 2003-cü il tarixli qərarına əsasən fərdi vaşayış evi tikmək üçün ayrılmışdır. Göstərilən torpaq sahəsinə dair 30 mart 2006-cı il tarixdə X3 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqularının qeydə alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciətinə əsasən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı ərizəyə əlavə olunmuş JN-048 (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığı və idarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığı müəyyən edilmişdir. Bununla bağlı iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. İş materiallarında olan : - Quba rayon bələdiyyə sədrinin 213 nömrəli 03.12.2003-cü il tarixli sərəncamından görünür ki, X4 fərdi yaşayış evinin tikintisi üçün Quba şəhəri ”Qəçrəş” yolu yaşayış massivinin sol tərəfindəki ərazidən 500 kv m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - JN-048 F KOD 30301004 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Quba rayon bələdiyyəsi sədrinin 213 nömrəli 03.12.2003-cü il tarixli sərəncamı ilə X4 ayrılmış 0.05 ha torpaq sahəsinə dair verilmişdir. -AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri ”Qəçrəş” yolu yaşayış massivinin sol tərəfindəki ərazidən 500 kv m torpaq sahəsini alıcı İddiaçı satmışdır. -Torpaq sahəsinin situasiya planından görünür ki, X4 ayrılmış 0.05 ha torpaq sahəsi ona təhvil verilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Quba bələdiyyəsinin filialda mühafizə olunan sənədlərində 03 dekabr 2003-cü il tarixli 213 saylı qərarı aşkar edilməmişdir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişindən görünür ki, iddiaçının müraciətinə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmaması və idarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmaması müəyyən edildiyindən iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, torpağın X6 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməsi və daha sonra onun tərəfindən alqı-satqı müqaviləsinə əsasən İddiaçı satması iş materialları ilə təsdiq edilir. Torpağın əvvəlki sahibi S.Mirzəyevə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin dövlət aktının DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında qeydə alınmaması və elektron baza xəritəsində aşkar edilməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funkisyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırmamaldır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X5 verilmiş şəhadətnamə hazıradək mübahiələndirilməmiş, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Cavabdeh inzibati orqana isə həmin şəhadətnaməni mübahisələndirmək səlahiyyəti verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Quba rayonu ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar