Məhkəmə qərarları › İş №2-1(118)-1414/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1414/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1414/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı almağa və Prezidentin aylıq 80 manat təqaüd almağa barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2-1(118)-8108/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 30 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin 24 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1414/2025 nömrəli qərardadı ilə hazırkı iddia tələbinə dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının müraciətinə yenidən baxılması məqsədilə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 20 gün müddət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın Şəxsi Heyət Baş İdarəsinin 24 oktyabr 2025-ci il tarixli, 14/2-6752//2025 nömrəli məktubundan görünür ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair N nömrəli hərbi hissədən və N1 nömrəli hərbi hissədən daxil olmuş müvafiq sənədlər cavabdeh orqanın Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sında baxılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilərək siyahıya daxil edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın Şəxsi Heyət Baş İdarəsinin 12 dekabr 2025-ci il tarixli, 3-25-14/2-8210/2025 nömrəli məktubundan görünür ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair N nömrəli hərbi hissədən və N1 nömrəli hərbi hissədən daxil olmuş müvafiq sənədlər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən siyahıya salınıb və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndəriləcək. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuş Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 8 may 2025-ci il tarixli, 3-25-14/2-2522/2025 nömrəli məktubundan görünür ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün toplanmış sənədlər razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş öhdəliklər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən yerinə yetirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, müharibə veteranı adı və vəsiqəsinin hazıradək verilmədiyi, adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmədiyi üçün iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinin müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən ibarət olduğu, cavabdeh tərəfindən iddianın təmin edilməsinə dair etiraz edilmədiyi və verilmiş məlumata əsasən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq sənədlərin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədilə siyahıya salındığı üçün iş üzrə icraata xitam verilməlidir. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar