Məhkəmə qərarları › İş №2-1(118)-1417/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1417/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1417/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamının İddiaçı aid hissədə ləğv edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbini qədiqləşdirərək Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamının İddiaçı aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh razılığına əsasən alqı-satqı yolu ilə 15.00 ha torpaq sahəsi almışdır.Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə 24.05.2014-ci ildə ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh balansında olmuşdur. İddiaçı qeyd olunan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, parniklər tikmək, pomidor və digər məhsullar yetişdirməklə dünya bazarına çıxarmaqla məşğul olmuşdur. Orada təxminən 200 ailə işləyərək dolanır. Qeyd olunan məhsulların yetişdirilməsi üçün İddiaçı sahəni hamarlamış, daş və çınqıldan kollardan, yabanı bitkilərdən təmizləmiş və bütün sahəni peyin və yumşaq torpaqla torpaqlamış, əkinə yararlı hala salmışdır. Eyni zamanda İddiaçı torpaq sahəsində parniklərin böyüdülməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. Müqavilənin qiyməti 1.000.000 manat təşkil etmişdir. Müqavilənin icra müddəti 2020-ci ilədək nəzərdə tutulmuşdur. Hazırda müqaviləyə əsasən parniklərin tikintisi üçün avadanlıqlar xaricdən gətirilmişdir. Tikinti işlərinə başlayarkən onlara məlum olmuşdur ki, Cavabdeh onlara məlumat vermədən, birtərəfli qaydada 03.03.2008-ci ildə onlarla olan icarə müqaviləsinə xitam vermişdir. İddiaçı İcra Başçısına rəsmi ərizə ilə müraciət etmişdir ki, müqavilənin xitam olunması səbəbini ona izah etsin. Başçının müavini tərəfindən onlara göndərilmiş 25.05.2021-cu il tarixli, 5\1268 nömrəli məktubdan görünür ki, guya onlar torpaq sahəsindən 3 ildir ki, istifadə etmirlər. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, başçının sərəncamı ləğv olunmalı və icarə münasibətləri davam etdirilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi onlar torpaq sahəsini 30.04.2014-ci ildə almışlar, aldıqları müddətdən sonra onlar həmin torpaq sahəsində xeyli təsərrüfat işləri görmüş və bu günə kimi də həmin torpaq sahəsinin bir hissəsində parniklər faliyyət göstərir. Amma İcra Hakimiyyətinin ləğv sərəncamında isə torpaq sahəsinin 3 illik istifadə edilməməsi göstərilmişdir. Bundan başqa icra başçısının sərəncamı birtərəfli qaydada ləğv etməsi belə qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi üzərində icarə hüququnu alqı-satqı yolu ilə alaraq 24.05.2014-ci ildə ƏMDK yanında DƏDRX-də qeydiyyata aldıraraq RX Seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. Sonradan torpaq sahəsini hamarladaraq həmin ərazidə parnik quraşdırmağı planlaşdırmışdır. Lakin rayon İcra Hakimiyyəti tərəfindən ona məlumat verilmədən torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən guya icarə şərtlərinə əməl edilməsinə baxmayaraq onunla icarə hüquq münasibətlərinə xitam verilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir, iddiaçı müqavilədə nəzərdə tutlduğu qaydada icarə haqqlarının ödənişini həyata keçirmir və ümumiyyətlə torpaq sahəsindən icarəyə götürüldüyü tarixdən icarə hüququna xitam verilən günədək istifadə etməmişdir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, orada heç bir kənd təsərrüfatı məhsullarının əkini, istehsalı həyata keçirilməmişdir. Rayon icra hakimiyyətində yaradılmış "Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə 24 noyabr 2016-cı il tarixli, 316 saylı sərəncamla yaradılmış komissiya (bundan sonra- Komissiya) tərəfindən mütəmadi olaraq X5 hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məqsədli təyinatına uyğun istifadə edilib-edilməməsi daim diqqətdə saxlanılır və qanunvericiliyin, bağlanmış torpaq icarə müqavilələrinin tələblərini pozaraq torpaqdan təyinatına uyğun istifadə etməyən hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirilir. Növbəti dəfə aparılan müşahidələr zamanı Komissiyanın fəaliyyəti çərçivəsində 02 mart 2018-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonuna təhkim edilmiş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən cəmi 277.69 ha sahənin təyinatı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin və "Yerli İcra Hakimiyyətləri haqqında " Əsasnamənin 28-ci maddəsinin tələblərini rəhbər tutaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən hazırlanmış **********05 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 24,0 hektar torpaq sahəsi üzərində; **********07 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 72,7636 hektar torpaq sahəsindən istifadə olunmayan 46,34 hektar torpaq sahəsi üzərində; **********79 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs İddiaçı Elbrus oğlunun icarəsində olan 15,0 hektar torpaq sahəsi üzərində; **********20 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 44,54 hektar sahədən istifadə olunmayan 14,62 hektar torpaq sahəsi üzərində; **********68 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 17,83 hektar sahədən istifadə olunmayan 11,75 hektar torpaq sahəsi üzərində; **********67 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs “AS İstehsal" MMC-nin icarəsində olan 11,6821 hektar sahədən istifadə olunmayan 0,90 hektar torpaq sahəsi üzərində; **********92 nömrəli reyestrdən çıxarışa əsasən “Grand Agro" MMC-nin icarəsində olan 30,1683 hektar torpaq sahəsindən istifadə olunmayan 5,72 hektar torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X3 icarəsində olan 7,8 hektar torpaq sahəsi üzərində; **********59 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X1 icarəsində olan 52,07 hektar torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X1 icarəsində olan 88,93 hektar sahədən istifadə olunmayan 39,20 hektar torpaq sahəsi üzərində və **********80 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMCnin icarəsində olan 60,29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə yuxarıda qeyd olunan sərəncam verilmişdir. Torpaq sahəsindən uzun illər istifadə edilmədiyindən, icarə haqqları ödənilmədiyindən iddiaçı ilə icarə hüquq münasibətlərinə xitam verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh başçısının 69 saylı, 09 mart 2018-ci il tarixli sərəncamından görünür ki, **********79 nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı Elbrus oğlunun da icarəsində olan 15 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi 24.05.2014-cü il tarixdə icarə hüququ əsasında İddiaçı Elbrus oğlunun adına qeydiyyata alınmışdır. - Cavabdeh 5/1268 saylı, 25.05.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı icarəsinə verilmiş Abşeron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi üzərindəki icarə hüququna xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 15 ha torpaq sahəsi İddiaçı Elbrus oğlunun icarəsinə verilmişdir. Onun həmin torpaq sahəsi üzərində icarə hüququ “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla rəsmişləşdirilmişdir. 09.03.2018-ci il tarixdə Cavabdeh 069 nömrəli sərəncamı ilə iddiaçıya icarəyə verilmiş torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmişdir. İddiaçı hazırda qeyd edilən sərəncamın ona aid hissəsindən narazıdır və ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən sərəncamı iddiaçıya aid hissədə əsassız olmuşdur. Belə ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququna xitam verilməsinin əsası kimi həmin torpaq sahəsinin istifadə edilməməsi göstərilmişdir. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunda nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanları və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırırsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi). İcarə münasibətləri bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Bununla belə, torpaq icarə münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici “Torpaq icarəsi haqqında” ayrıca qanun qəbul etmişdir. Lakin bu qanunun 2-ci maddəsində xüsusilə qeyd olunur ki, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normanın birinci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin maddənin 2-ci bəndinə görə həmin maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Torpaq Məcəlləsinin torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydalarını tənzimləyən 75.1-ci maddəsində isə qeyd olunmuşdur ki, bu Məcəllənin 73cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Həmin Məcəllənin 75.6-cı maddəsinə görə Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən ərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli “Torpaq icarəsi haqqında” Qanunun müddəalarında da öz əksini tapmışdır. Qanunun 13-cü maddəsinə əsasən Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Sadalanan normativ-hüquqi aktların göstərilən müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir. Müqavilənin razılaşma olmadan və məhkəməyə müraciət etmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması həmçinin MM-nin 6.1.1 və 6.1.2-ci maddələrində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsiplərinə uyğun gəlmir. Göründüyü kimi qanunvericilik torpaq icarə müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğvini nəzərdə tutur. Lakin hazırki işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl emtəmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnu əldə etdiyi vaxtdan uzun müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqavilənin iddiaçının iradəsinin ziddinə birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 69 saylı, 09 mart 2018-ci il tarixli sərəncam iddiaçıya münasibətdə qanunvericiliyin tələblərinə zidd olduğundan, bununla da iddiaçının hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən həmin sərəncam iddiaçıya aid hissədə ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv olunsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar