Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1417/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4/55 saylı evin 9-cu mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması”na barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4/55 saylı evin 9-cu mənzilindən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 27 oktyabr 2021-ci il tarixli, 123-40080R-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. X3 zəruri cəbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən 4/55 saylı evin 9-cu mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu 05.08.2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış təsdiq edir. Sözügedən mənzil 08.08.2003-cü ildə “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi əsasında valdeyinləri tərəfindən ona bağışlanmışdır. X3 onun qardaşıdır. Mülkiyyətində olan mənzildə qardaşı X3 qeydiyyatdadır. Onun qeydiyyatda olması onun mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Qardaşının qeydiyyatı formal xarakter daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının qanuna görə “Vətəndaşların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması Polis orqanlarının səlahiyyətlərinə daxildir”. AR İMP-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İddiaçı qardaşının mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. Lakin həmin şəxsin mənzilə istifadə hüququna mülki məhkəmə icraatı qaydasında xitam verilə bilər. Bu halda inzibati orqanın üçüncü şəxsi qeydiyyatdan çıxarmaq hüququ yoxdur və məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçıya izah edilsin ki, mülkiyyətində olan yaşayış sahəsinə üçüncü şəxsin istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev