Məhkəmə qərarları › İş №2-1(118)-142/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-142/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-142/2020 12.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin onu növbədənkənar mənzillə təmin etməsinə dair öhdəliyini icra etməsinə” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı növbədənkənar mənzillə təmin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxx 2019-cu il tarixli Ə-88-068 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İ qrup əlildir. Həyat yoldaşı X3 İİ qrup əlil, oğlu X8 isə sağlamlıq imkanı məhdud uşaqdır. İddiaçı xx.xx.2008-ci ildə İ qrup əlil imtiyazı nəzərə alınaraq mənzil növbəsinə qəbul olunmuş və o vaxtdan mənzil növbəsindədir. Yaşamağa başqa yeri olmadığından illərdir qaynatasına məxsus evdə qaytanasıgillə birlikdə yaşayırlar. Bu vəziyyətdən yorulduqları üçün dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdirlər. Lakin bu müraciətləri heç bir nəticə verməmişdir. Onlardan daha sonra mənzilə növbəyə dayanmış eyni kateqoriyalı şəxslər mənzillə təmin olunduğu halda, onlar hələ də mənzil növbəsindədirlər və növbədə neçənci olmaları barədə belə, cavabdeh orqan məlumat vermir. Sonda iddiaçı məsələ ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciət etmişdir. X1 Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə cavab olaraq İcra Hakimiyyəti ümumi olaraq cavab vermiş, iddiaçıya məlum olan halımənzil növbəsinə alınmalarını nəzərlərinə çatdıraraq üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Onların mənzil növbəsinə dayandığı dövrdə- 2008-ci ildə qüvvədə olmuş "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" AR Qanununun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Qanunun tələblərindən göründüyü kimi cavabdeh orqan onları növbədənkənar mənzillə təmin etməli idi. Lakin, cavabdeh əsassız süründürməçiliyə yol verərək illərdir onları mənzillə təmin etmək öhdəliyini icra etməmişdir. "Normativ hüquqi aktlar haqqında" AR Qanununun 87-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə görə, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin məktubunda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, onların ailə vəziyətini nəzərə alaraq, idianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinə qarşı cavabdehin onu növbədənkənar mənzillə təmin etməsinə dair öhdəliyini icra etməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı ümumi xəstəliyə görə 1-ci qrup əlildir, xx.xx.2008-ci il tarixdən imtiyazı əsasında yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə növbəlilik əsasında təmin olunurlar. Bildirilmişdir ki, 2019-u ilin iyun və iyul aylarında AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yalnız yaşayış yeri üzrə mənzil uçotuna alınmış X5, şəhid ailələri və şəhid valideynlərinə mənzil verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci ildən etibarən ev növbəsində olan ümumi xəstəliyə görə 2-ci və 3-cü qrup əlillərə yaşayış sahəsi verilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinin onu növbədənkənar mənzillə təmin etməsinə dair öhdəliyini icra etmək barədə iddia tələbinin təmin olunmasına etiraz olunmuşdur. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında tərəflərə mübahisənin məhkəmədənkənar həlli tövsiyyə olunsada, mübahisə məhkəmədənkənar həllini tapmamışdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi vacib sayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra-uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra-uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. İddiaçı ümumi xəstəliyə görə 1-ci qrup əlil olması, həyat yoldaşı X2 İİ qrup əlil, oğlu X6 isə sağlamlıq imkanı məhdud uşaq olması, ailənin sosial yardıma tam ehtiyaci olan ailə olması, iddiaçının xx.xx.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınması tərəflər arasında mübahisə olunmur. İddiaçı bildirir ki, onlardan daha sonra mənzilə növbəyə dayanmış eyni kateqoriyalı şəxslər mənzillə təmin olunduğu halda, onlar mənzillə təmin olunmur. Cavabdeh inzibati orqan isə bildirir ki, 2019-u ilin iyun və iyul aylarında AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yalnız yaşayış yeri üzrə mənzil uçotuna alınmış X5, şəhid ailələri və şəhid valideynlərinə mənzil verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci ildən etibarən ev növbəsində olan ümumi xəstəliyə görə əlillərə yaşayış sahəsi verilməmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsaasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Göründüyü kimi mövcud qanunvericilik inzibati orqana diskresion səlahiyyətlər əsasında hərəkət etməyəicazə vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmənin hüquqi mövqeyinə əsasən, cavabdeh özünün diskresion hüquqlarından istifadə edərək və iddiaçının ailə vəziyyətini nəzərə alaraq İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxa bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yenidən baxılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cumaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçınövbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti üzərinə öhdəlik olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar