Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1421/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə olunmuş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. JN 029A, KOD 30800076 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarına əsasən 0,25 ha torpaq sahəsi “X3”na verilmişdir. Torpaq sahəsinin yerləşdiyi yerin sxemi, planı və ölçüsü (miqyas 1:1000), koordinatları, qonşu sərhədləri, qaiməsi (sertifikatı) göstərilmişdir.
2. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından 0,24 ha torpaq sahəsinə dair çıxarış (miqyas 1:10.000).
3. 9 avqust 2022-ci il tarixli, 8İ-3933 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan JN-029A kod 30800076 Şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsinin 0,0072 ha hissəsinin azalaraq 0,2428 ha torpaq sahəsi olmasına etiraz etməmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 1 fevral 2024-cü il tarixli, 32/332/2-Z-0001-35/24 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-029A nömrəli torpağa mülkiyyət verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ad, soyad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-029A nömrəli şəhadətnamədə hüquq sahibi “X3” göstərildiyi halda, etibarnamədə müvafiq olaraq “İddiaçı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa, JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
5. Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 fevral 2024-cü il tarixli, 5-29/4/2-8 nömrəli məktubundan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 saylı qərarı ilə Qobu qəsəbə sakini İddiaçı adına verilmiş JN-029A KOD 30800076 saylı şəhadətnamədə onun soyadı, adı və ata adı səhvən X4 yazılmışdır.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
6. 18 yanvar 2024-cü i tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, JN 029A sənəd üzrə İddiaçı ayrılmış yaşayış məntəqələrinin torpaq sahələrinə aid torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 0,25 ha, faktiki 0,2428 ha olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 20 avqust 2024-cü il tarixli, 32/332/1-11321/24 nömrəli məktubundan görünür ki, İddiaçı ayrılmış 0,25 ha torpaq sahəsinin TEKUİS (X5 X9) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir, həmçinin İdarənin elektron baza məlumatlarına əsasən İddiaçı adına olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üstüstə duşmə halı aşkarlanmamışdır. Müraciətdə qeyd olunan torpaq sahələrinin çıxarışı və onların verilməsinə əsas olan sənədlərin və müayinə aktının (§6) surətləri və torpaq sahəsinin ortofoto görüntüsü qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 22 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 4 mart 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0176 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. - qonşu torpaq sahələrinə dair digər hüquq müəyəynedici sənədlər.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 11 sentyabr 2024-cü il tarixli, 3-21-3-60/2-2136/2024 nömrəli məktubundan görünür ki, mərkəzin arxivində Abşeron rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarının qəbul edilməsi üçün əsas olmuş yerli Aqrar İslahat Komissiyasının qərarı mövcud deyildir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planına və TEKUİS melumatlarına əsasən koordinatları təqdim edilmiş torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivlərində saxlanılan X1 adına verilmiş JN-029A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsinin və onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir: - Abşeron Rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı; - Abşeron rayonunun Qobu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə “X11” adı qeyd edilmişdir. - JN 029A, KOD 30800076 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” (§1).
9. Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(012)- 3420/2024 nömrəli qətnaməsi ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinə dair JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-029A nömrəli şəhadətnamə ilə iddiaçının hüquqları müəyyən edilən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbində işin hallarına (§1-5) istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ona məxsus 0,25 ha torpaq sahəsinə dair “JN-029A” nömrəli şəhadətnamədə göstərilən yanlışlığın aradan qaldırılması ilə bağlı müraciət etmişdir, cavabdeh orqan isə dəyişiklik və düzəlişlərin edilməsindən imtina etmişdir. Buna görə də iddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan yanlışlığın olması iddiaçının nöqsanı deyil, cavabdehin nöqsanıdır. Cavabdehin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla onun mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında olan konfiqurasiya fərqi ilə bağlı isə bildirir ki, iddiaçının onun mülkiyyətində olan JN-029A kod 30800076 şəhadətnaməyə əsasən 0.25 ha torpaq sahəsinin 0,0072 ha hissəsinin azalaraq 0,2428 ha torpaq sahəsi olmasına və həmin torpaq sahəsinə dair çıxarış verilməsinə etirazı etmir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəllsəinin 139.1, 139.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1-ci maddəsinə istinad olunmuşdur.
13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
15. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı: - JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir; - JN-029A nömrəli torpağa mülkiyyət verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ad, soyad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-029A nömrəli şəhadətnamədə hüquq sahibi “X3” göstərildiyi halda, etibarnamədə müvafiq olaraq “İddiaçı” kimi qeyd olunmuşdur.
17. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 139, 146, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra - “TM”) 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 9, 11.1, 15, 23-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
24. Məhkəmənin əvvəlki prosesində iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
26. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
31. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
37. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
38. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
39. Belə ki, iddia tələbinin əsası ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya müvafiq icra hakimiyyəti qərarı ilə ayrılmış, müvafiq hüquq müəyyənedici sənədlər də mövcuddur. Lakin cavabdeh orqan tərəfindən imtina edilərkən qeyd edilmiş sənədlər olsa da, əsassız olaraq imtina edilmişdir.
40. Cavabdehin etirazı isə aşağıdakı dəlillərə söykənir: a) JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir; b) JN-029A nömrəli torpağa mülkiyyət verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ad, soyad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-029A nömrəli şəhadətnamədə hüquq sahibi “X3” göstərildiyi halda, etibarnamədə müvafiq olaraq “İddiaçı” kimi qeyd olunmuşdur.
41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə iddiaçıya torpaq sahəsi ayrılmış, həmçinin JN 029A, KOD 30800076 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilmişdir.
42. Qeyd edilmiş sənədlərin həqiqiliyi arxiv sənədləri ilə təsdiq edilmişdir.
43. Eyni zamanda iş üzrə mübahisələndirilən torpaq sahəsinə dair mütəxəssi rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçıya ayrılmış 0,25 ha torpaq sahəsinin TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir, həmçinin İdarənin elektron baza məlumatlarına əsasən iddiaçının adına olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üstüstə duşmə halı aşkarlanmamışdır.
44. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
45. Cavabdehin ilk etiraz dəlili ilə əlaqədar məhkəmə bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən, eyni zamanda iddia ərizəsinin məzmunundan da göründüyü kimi, onun mülkiyyətində olan JN-029A kod 30800076 şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsinin 0,0072 ha hissəsinin azalaraq 0,2428 ha torpaq sahəsi olmasına və həmin torpaq sahəsinə dair çıxarış verilməsinə etirazı etməmişdir.
46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi JN-029A KOD 30800076 şəhadətnaməyə əsasən faktiki istifadəsində olan 0,2428 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsindən ibarətdir. Odur ki, məhkəmə qeyd edilən etiraz dəlilini əsassız hesab edir.
48. Cavabdehin digər – ad uyğunsuzluğu ilə əlaqədar olan dəlili ilə bağlı məhkəmə bildirir ki, hazırkı iş üzrə iş materiallarına Abşeron Rayon Məhkəməsinin qətnaməsi əlavə edilmişdir. Həmin qətnaməyə əsasən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinə dair JN-029A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Bu səbəbdən də göstərilən etiraz dəlili əsassız hesab edilməlidir.
49. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
51. Göstərilənlərdən əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)-1533/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 38. Bununla bağlı qeyd olunmalıdır ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq səlahiyyətli orqanların rəylərinin alınması və ya həmin orqanlarla razılaşdırmaların aparılması torpaq sahəsinin ayrılması üzrə icraatın tərkib hissəsini təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bu tənzimələməni nəzərdə tutmaqda qanunvericinin məqsədi ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul olunmasına xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir və bu baxımdan inzibati akt kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır.
39. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ... 40.Torpaq sahəsinin alqı-satqı Aktı institutunun ləğv olunması, onun tərtib olunduğu tarixdə qüvvədə olan qanunvericilikdə torpaq sahəsinin alqı-satqısının müqavilə əsasında həyata keçirilməsinin nəzərdə tutulması, ödəmənin də sonrakı tarixdə həyata keçirilməsi ilə bağlı xüsusatlar torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını istisna edən, eləcə də həmin inzibati akta əsaslanan hüququn mərhuma məxsus olmasına dair arayışın verilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, torpaq sahəsinin alqısatqısının akt və ya müqavilə formasında həyata keçirilməsi mahiyyət baxımından hüquqmüəyyənedici sənəd olan qərardan irəli gələn, ona əsaslanan və onun icrasına yönəlik hərəkət kimi qəbul edilməlidir. Bu zaman önəmli olan və həlledici əhəmiyyət kəsb edən alqı-satqının həyata keçirildiyi forma deyil, tərəflər arasında alqı-satqının (bunun forma ilə bağlı tələbin pozulmaşı ilə müşayiət olunduğuna rəğmən) baş tutduğuna dair iradə ifadəsidir. Hazırkı mübahisəyə münasibətdə tərəflərin alqı-satqı ilə bağlı iradəsi onların istifadə etdiyi alqı-satqı aktında ifadə olunmuşdur. Torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin Bələdiyyənin hesabına ödənilməsi də tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qəbul olunmalıdır.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan forma tələbinin pozulması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. ...
43. Məhkəmə kollegiyası fərqli qurumlar (keçmiş DTXK-nin Abşeron rayon torpaq şöbəsi, Abşeron RİH-in Memarlıq və tikinti şöbəsi) və vəzifəli şəxslər (şöbə müdirləri, bələdiyyə sədrləri) tərəfindən təsdiqlənmiş 2 ədəd “Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarış”da ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin və konfiqurasiyasının fərqli göstəricilərinin nəzərdə tutulmasına münasibətdə qeyd edir ki, həmin qüsurların aradan qaldırılması iddiaçının deyil, yerquruluşu planından həmin çıxarışı verməyə səlahiyyətli olan qurumların və vəzifəli şəxslərin məsuliyyət sferasına aid edilməlidir. Bundan başqa, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması bir vəzifə olaraq “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. ...”
52. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
53. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-9), qanunvericiliyin normalarını (§30-36), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
54. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029A nömrəli şəhadətnamə ilə iddiaçının hüquqları müəyyən edilən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən, faktiki istifadəsində olan 0,2428 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova