Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1424/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı ilə ayrılmış 0,098 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən ona məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 nömrəli qərarı ilə ayrılmış 0,098 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Abşeron rayon Novxanı Bələdiyyə şurasına 0,10 ha torpaq sahəsinin ona satılması barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 saylı qərarına əsasında Abşeron rayonun normativ qiymətə görə xx.xx.2005-ci il tarixdə Novxanı Bələdiyyəsinin BUSB filialının bankdakı hesabına 950000 manat pul ödəmişdir. xx.xx.2005ci il tarixdə Abşeron rayon Novxanı bələdiyyəsinin 4 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Novxanı bələdiyyəsi ilə aralarında torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə şöbəsi bələdiyyə torpaqlarının baş planına əsasən ona həmin torpaq sahəsində ev tikmək üçün həyətyanı torpaq sahəsinin satılmasına rəy vermişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə cavabdeh idarəyə müraciət etmişdir. İnzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə 3-21-3-32/2-M-0312-8/20 nömrəli cavab məktubu ilə imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, aparılan araşdırma zamanı Novxanı bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 28 fevral 2005-ci li tarixli 04 nömrəli qərarla ayrıldığı halda, sözügedən qərar və arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; alqı-satqı aktının 03 may 2023-ci il tarixdə verilməklə qanunamüvafiq qaydada təsdiqlənmədiyi (hüquq sahibinin imzası ilə); müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin İdarəyi təqdim edilmədiyi; müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada ləğv edilmiş PT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi, hüquqmüəvvənedici sənədlərdə torpaq sahəsi 0.10 ha göstərilsə də, faktiki vəziyyətdə 0.098 ha olduğu müəyyən olunmuşdur. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 4 saylı qərarından görünür ki, vətəndaş İddiaçı 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Novxanı bələdiyyəsi 0,10 ha torpaq sahəsini İddiaçı satmışdır. - Yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - 21 fevral 2005-ci il tarixli, 20 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq alqısatqısı üçün Novxanı bələdiyyəsinin hesabına 950000 manat ödənilmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarının protokolundan çıxarış məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki,. Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə iddiaçı tərəfindən tanıdılan ( 1 tərəfi daş hasar digər tərəfləri şərti) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı (KPİ) torpaqlara aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə Konstitusiya Məhkəməsinin istinad olunan Qərarında sərgilənən mövqeyini rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinanın dəlilləri kimi göstərilmiş istinad olunan qərarın və arxiv arayışının sənədlərə əlavə edilmədiyi, torpaqların alqı-satqısına dair aktın 2023-cü il tarixdə tərtib edilməklə iddiaçının həmin aktda imzasının olmaması, memarlıq və şəhərsalma şöbəsinin rəyinin, yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsi və memarlıq və tikinti şöbəsi tərəfindən təsdiqlənməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Həmin alqı-satqı aktının və müvafiq rəylərin olmaması belə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Torpaq sahəsinin ölçüsüsünün naturada daha az olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin naturada daha az olması faktını qəbul edir və 0.098 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı ilə ayrılmış 0,098 ha torpaq sahəsi üzərində İddiaçı oğlunun mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı ilə ayrılmış 0,098 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1424/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1424/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver