Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1426/2021 22.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş 23 sentyabr 2020-ci il tarixli **********2 saylı əmlakın siyahıya alınması haqqında protokolun ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş 23 sentyabr 2020-ci il tarixli **********2 saylı əmlakın siyahıya alınması haqqında protokolun ləğv olunması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı MMC-yə 14.08.2020-ci il tarixində **********9 saylı bildiriş göndərərək MMC-nin qeyd olunan tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə Dövlət Sosial Müdafiə Fonduna 12 193,76 manat məbləğində borcun yaranmasını bildirmişdir. Həmin bildirirş MMC-yə 2020ci ilin sentyabr ayının ortalarında daxil olmuşdur. Bundan sonra Vergi Xidmətinə ərizə ilə müraciət edərək borcun xüsusi ilə məlum pandemiya dövründə fəaliyyət göstərmədiyi halda nədən yaranmasının səbəbləri barəsində məlumat verilməsini xahiş etmişlər. Onların bu barədə müraciətinə cavab verilməmiş, əksinə Vergi xidmətinin əməkdaşları Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12193,76 manat məbləğində borcun təmin edilməsi məqsədi ilə 16 sentyabr 2020-ci il və 23 sentyabr 2020-ci il tarixlərində **********2 saylı əmlakın siyahıya alınması haqqında protokol tərtib etmişlər, həmin protokollara əsasən MMC-nin Abşeron rayonu, Güzdək kəndinin “Qayaaltı sahəsi" ərazisindəki daş karxanasında yerləşən İddiaçı MMC-yə məxsus 7000 manat dəyərində 1 ədəd daş kəsən kombaynın və 6000 manat dəyərində 1 ədəd xətt vuran maşının ixtisaslaşdırılmış açıq hərracda satmaqla borcun ödənilməsi qaydası müəyyən olunmuşdur. Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Xəzri- Y" MMC Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə MMC-yə bildiriş verilmişdir. MMC 5 gün ərzində borcu ödəmədiyi üçün vergi məcəlləsinin 89.1-ci maddəsinin tələbinə uyğun olaraq 16 sentyabr 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12193.76 manat məbləğində borcun təmin edilməsi məqsədi ilə 23 sentyabr 2020-ci il tarixli **********2 saylı protokol əsasında siyahıya alınmış, Abşeron rayonu, Güzdək kəndinin “Qayaaltı sahəsi” ərazisindəki daş karxanasında yerləşən cavabdeh İddiaçı MMC-yə məxsus 7000 manat dəyərində 1 ədəd daş kəsən kombaynın və 6000 manat dəyərində 1 ədəd xətt vuran maşının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 23 sentyabr 2020-ci il tarixli **********2 saylı protokolun tərtib olunması zamanı MMC-yə bildiriş gec daxil olmuş və protokolun tərtib olunması əsası barədə MiMC-yə rəsmi məlumat verilməmişdir. 16 sentyabr 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 9557,5 manat əsasə borc və 2636,17 manat faiz borcu olmaqla, cəmi 12193,76 manat məbləğində borc yarandığı göstərilir. Borcun yaranma əsasları və borcun hesabat dövrü üzrə borcun yaranması barədə məlumat verilməmişdir. Belə məlumat olsaydı borcun nədən yaranmasını qarşılıqlı aydınlaşdırar və borc məbləğinin artırılmasına şərait yaranmazdı. MMC-yə qarşı irəli sürülən borc tələbinin aydınlaşdırılması ilə bağlı iddiaçıya dəfələrlə müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş 23 sentyabr 2020-ci il tarixli **********2 saylı protokolun mübahisəiəndirilməsi zərurəti vardır. Bu səbəbdən də məhkəməyə müraciət müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə əsaslı sübut təqdim etmədiyinə görə, məhkəmə prosesinin təxirə salınması mümkün hesab edilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 23 sentyabr 2020ci il tarixli, **********2 nömrəli “əmlakın siyahıya alınması barədə” protokol “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən 23 sentyabr 2020-ci il tarixli, **********2 nömrəli “əmlakın siyahıya alınması barədə” protokol yuxarıda sadalan əlamətlərin hamısına malik deyil və “hüquqi və ya fiziki şəxslərə ünvanlanma”, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətlərindən məhrumdur. Sözügedən akt birbaşa vergi ödəyicisinə ünvanlanmamış, onun üçün özüözlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlb etmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından icra edilməyən, yaxud icrası mümkün olmayan aktlar inzibati akt hesab edilə bilməz. Vergi orqanının səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar tərtib etdiyi akt icra edilən akt deyil və sübut kimi qiymətləndirilən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə inzibati akt sayıla bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Cavabdehin qəbul etdiyi protokol özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsləni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Ləğv edilməsi tələb edilən protokol əmlakın siyahıya alınması ilə bağlıdır və həmin protokol inzibati akt qüvvəsinə malik olmadığına görə inzibati mübahisə qaydasında hazırkı iddiaya baxılması mümkün deyil. İddiaçıya izah olunmalıdır ki, anoloji iddia tələbi ilə bağlı kommersiya məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş 23 sentyabr 2020-ci il tarixli **********2 saylı əmlakın siyahıya alınması haqqında protokolun ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1426/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1426/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver