Məhkəmə qərarları › İş №2-1(118)-1428/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1428/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1428/2025 01.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Xızı rayonu, Xələnc-Fındığan bələdiyyəsi tərəfindən satılmış 0.0518 ha (reyestr nömrəsi **********34) və 0067 ha (reyestr nömrəsi **********33) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqavilələri ilə Xızı rayonu, Xələnc-Fındığan bələdiyyəsi tərəfindən satılmış 0.0518 ha (reyestr nömrəsi **********34) və 0067 ha (reyestr nömrəsi **********33) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Xızı rayonu Xələnc kəndində 2017-ci il tarixdə vətəndaş X3 oğlundan həyatyanı torpaq sahəsi olan ev almış və həmin vaxtdan da həmin ev və torpaq sahəsi mülkiyyətində və istifadəsindədir. Aldığı torpaq sahəsində ondan əvvəlki mülkiyyətçi tərəfindən çəkilmiş hasarın daxilində özünün illərdir istifadə etdiyi artıq torpaq sahəsi var idi. Həmin torpaq sahəsinin satılması barədə Bələdiyyəyə müraciət etmişdir. Müraciəti əsasında torpaq sahəsinə Bələdiyyə tərəfindən baxış keçirilmiş və həqiqətən də artıq torpaq sahəsi olması aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həyətin üç tərəfini əhatə edən sahəsi 518 kv.metr olan və həyətin darvaza hissəsini əhatə edən 670 kv.metr torpaq sahəsi mövcuddur. Torpağın relyefini nəzərə alaraq müəyyən edilmişdir ki, bu torpaq sahəsinin həqiqətən də başqa şəxsə satılması imkanı yoxdur,ümumi hasarın daxilindədir,uzun illər əvvəlki mülkiyyətçinin,indi isə iddiaçının faktiki istifadəsindədir, yaşıllıqlar salınıb,ağaclar əkilib.Ona görə də belə qərara alındı ki,torpaq ona satılsın. Həmin əlavə torpaq sahəsi relyefinə və yerləşmə nöqtələrinə görə cavabdeh orqan tərəfindən Bələdiyyəyə ayrı-ayrı torpaq sahəsi kimi mülkiyyətində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. Həmin iki çıxarışa əsasən Bələdiyyə ilə aralarında iki alqı-satqı müqavilələri imzalanmış və notariat orqanında təsdiq edilmişdir. Həmin alqı-satqı müqavilələrini ayrı-ayrılıqda cavabdeh orqana təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmiş və imtinasının əsası kimi ona əsaslanmışdır ki, guya Bələdiyyə ilə aralarında bağlanmış müqavilə qanunun tələblərinə zidd olmuşdur və həmin torpaq sahələri yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilərdi. İddiaçı cavabdehin bu imtinasını qanunsuz hesab edir. . Belə ki, bu torpaq sahəsi uzun illərdir istifadəsindədir, yaşıllıqlar salınaraq ümumi hasarın daxilindədir, torpağın relyefinə əsasən başqa şəxsə satılması mümkünsüzdür.Belə olan halda isə qanuna əsasən bu torpaq sahəsi yalnız ona satıla bilər və belə olan halda hər hansı bir hərrac və ya müsabiqəyə ehtiyac qalmır. Çünki hərrac və müsabiqənin hüquqi mahiyyəti bu torpağın maraqlı şəxslər tərəfindən alınma ehtimalını və müsabiqə və hərracda daha çox pul verən şəxsə satılmasını nəzərədə tutur .Bu halda isə qanun bu torpaq sahəsinin yalnız ona satıla billinməsini nəzərdə tutmuşdur və bu halda Bələdiyyənin hər hansı hərrac və ya müsabiqə keçirməsinə ehtiyac, zərurət və ya qanuni əsas mövcud olmamışdır. Ona görə də cavabdehin bu əsasla olan imtinası qanunsuz hesab edilərək, torpaq sahələrinin mülkiyyəti kimi qeydə alınaraq ona bu barədə çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, sözügedən torpaq sahələrinin əldə edilməsinə əsas olan Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə- 2433 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli və 4Ə-2434 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən 00518 və 0.067 ha torpaq sahələri Xələnc Fındığan bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bələdiyyənin 21 avqust 2023-cü il tarixli aktında torpaq sahəsinin relyefini nəzərə alaraq başqa bir şəxsə satılması imkanının olmadığı, torpaq sahəsinin daş hasar daxilində olmaqla yaşıllıqların salındığı və faktiki iddiaçının istifadəsində olduğu qeyd edilmişdir. Xızı rayonu Xələnc Fındığan bələdiyyəsinin 28 avqust 2023-cü il tarixli 08 saylı iclas protokolunun 1 №li Qərarından çıxarışa əsasən yaşayış massivində yerləşən bələdiyyənin alqı-satqı predmeti olan 670 kv.m və 518 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə və istifadəsində olan sahələrin bilavasitə iddiaçıya satılması qərara alınmışdır. AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0518 ha torpaq sahəsi, AN İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.067 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Reyestr nömrəsi **********79-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14 yanvar 2025-ci il tarixli məktubu ilə X2 adına verilmiş çıxarış və verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0.2388 ha, faktiki 0.2388 ha-dır. Ümumi hasar daxilində torpaq sahəsi 0.2388 hektardır. Ümumi torpaq sahəsi daxilində 1 mərtəbəli, yarımzirzəmili fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. **********34 reyestr nömrəli torpaq sahəsi daxilində tikililər mövcuddur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Xızı rayonu, Xələnc-Fındığan bələdiyyəsi tərəfindən satılmış 0.0518 ha (reyestr nömrəsi **********34) və 0067 ha (reyestr nömrəsi **********33) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, sözügedən torpaq sahələrinin əldə edilməsinə əsas olan Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-2433 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli və 4Ə-2434 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna əsasən: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Bələdiyyənin 21 avqust 2023-cü il tarixli aktında torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsində zəbt torpaq sahəsinin ondan əvvəl X1 istifadəsində olan zaman hasarlandığı, torpaq sahəsinin relyefini nəzərə alaraq başqa bir şəxsə satılması imkanının olmadığı, torpaq sahəsinin daş hasar daxilində olmaqla yaşıllıqların salındığı və faktiki iddiaçının istifadəsində olduğu qeyd edilmişdir. Həmçinin təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0.2388 ha, faktiki 0.2388 ha-dır. Ümumi hasar daxilində torpaq sahəsi 0.2388 hektardır. Ümumi torpaq sahəsi daxilində 1 mərtəbəli, yarımzirzəmili fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.0518 ha torpaq sahəsi üzərində tikililər mövcuddur. Torpaq sahəsinin ortofoto görüntüsü müayinə aktına əlavə edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, reyestr nömrəsi **********79-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus **********79-10301 reyestr nömrəli daşınmaz əmlakla yanaşı **********33 reyestr nömrəli 0.067 və **********34 reyestr nömrəli 0.0518 ha torpaq sahələrinin vahid daş hasar daxilində yerləşir. **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.0518 ha torpaq sahəsi üzərində tikililər mövcuddur. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 16-cı maddəsinə əsasən reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən 00518 və 0.067 ha torpaq sahələri iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə vahid daş hasarın daxilində yerləşdiyindən, **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.0518 ha torpaq sahəsi üzərində tikililər mövcud olduğundan qeyd edilən torpaq sahəsinin geri alınması mümkün olmaması səbəbi ilə iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Xızı rayonu, Xələnc-Fındığan bələdiyyəsi tərəfindən satılmış 0.0518 ha (reyestr nömrəsi **********34) və 0067 ha (reyestr nömrəsi **********33) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar