Məhkəmə qərarları › İş №2-1(118)-143/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-143/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-143/2022 18.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 40 saylı sərəncamına əsasən ididiaçı İddiaçı ayrılmışdır. Belə ki, həmin sərəncama əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsindən İİ küçəsində 40 saylı 0,10 ha həyətyanı torpaq sahəsinin İddiaçı ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncam arxiv idarəsi tərəfindən təsdiq edilmiş, habelə torpaq sahəsinin yerləşmə yerini təsdiq edən sxem DTXK-nin Abşeron rayon şöbəsi, Saray bələdiyyəsi və Abşeron RİH tərəfindən təsdiq edilmiş və DTXK-nin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə dair hüquqi sənəd verilməsi barədə 13.10.2018-ci il tarixli, 7444 saylı yazılı müraciəti təsdiq edilmişdir. Eyni zamanda Saray bələdiyyəsinin həmin torpaq sahəsinə dair hüquqi sənəd verilməsi barədə 09.07.2008-ci il tarixli 76 saylı yazılı müraciəti təsdiq edilmişdir. Abşeron RİH-nin Saray qəsəbəsi üzrə nümayəndəliyinin arayışından da görünür ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi Hüseynov küçəsində 40 saylı ünvanda yerləşir. Həmin ayrılmış 0,10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş nümunədə A 112439 saylı torpaq sahəsinin planı və ölçü sənədi DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış, imza möhürlə təsdiq edilmiş və X6 kitabında 12.11.2008-ci il tarixdə 10937 nömrə ilə uçota alınmışdır. Həmin sənədin bir nüsxəsi cavabdeh tərəfində saxlanılmaqla, cavabdehin 02.06.2020-ci il tarixli **********41 saylı məktubu ilə plan və ölçü sənədinin bir surəti ona təqdim edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar 30.04.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və 27.05.2021 -ci il tarixli, **********65 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş və izah etmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 40 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və va satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir.Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və va satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. İş materiallarında olan : - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 40 №-li sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayonu İcra Hakimiyyəti başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34.7 ha torpaq sahəsinin İİ küçəsində 40 saylı sahədə İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. - Abşeron rayon Saray bələdiyyəsinin 76 nömrəli 09 iyul 2008-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon İcra hakimiyyəti Başçısının Saray qəsəsbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 40 №-li sərəncamından çıxarış əsasən vətəndaç İddiaçı Saray qəsəbə icra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün verilmiş sahədən fərdi ev tikintisi üçün ayrılmış 0,10 hektar torpaq sahəsinin kəndaltı ərazi olduğu nəzərə alınaraq Saray bələdiyyəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənədin verilməsinə etiraz etmir. - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus 0.10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -Abşeron rayonu Saray bələdiyyəsinin 147 saylı 09 iyul 2008-ci il tarixli arayışından görünür ki, Abşeron rayon İcra hakimiyyəti Başçısının Saray qəsəsbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 40 №-li sərəncamına əsasən fərdi ev tikintisi üçün verilmiş 0.10 ha torpaq sahəsinə torpaq vergisi yoxdur. -- DTXK-nin Abşeron rayon şöbəsinin 13.10.2008-ci il tarixli 7444 saylı rəyindən görünür ki, Abşeron rayon İcra hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 40 №-li sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. -DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Abşeron rayon İcra hakimiyyəti Başçısının Saray qəsəsbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 40 №-li sərəncamına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi barəsindədir -cavabdehin 27.05.2021-ci il tarixli imtina bildirişindən görünür ki, kənd (qəsəbə) nümayəndəliyinin mülkiyyət hüquqlarının yaranması üçün əsas olmadığından və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyini bildirərək iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 30.12.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli 488 saylı sərəncamından görünür ki, həmin sərəncam ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsindən hər ailəyə 0,10 ha torpaq sahəsi olmaqla 250 ailəyə 25 hektar həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsindən hər ailəyə 0,10 ha torpaq sahəsi olmaqla 250 ailəyə 25 hektar həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyi istifadəsi üçün ayrılmış 34.7 ha torpaq sahəsinin İİ küçəsində 40 saylı sahədə İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyətinin “Saray qəsəbəsinə həyətyanı torpaq fondunun ayrılması haqqında” 28 sentyabr 1992-ci il tarixli 488 saylı sərəncamı verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında topraq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barsəində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, fərdi yaşayış evlərinin tikintisi üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Saray üzümçülük sovxozunun torpağından Saray qəsəbəsinə 34,7 ha həyətyanı torpaq fondu ayrılmışdır. Həmin sərəncamda hər ailəyə 0.10 hesabı ilə 250 ailəyə 25 ha torpaq sahəsinin verilməsi və Saray qəsəbə icra nümayəndəsi vasitəsi ilə paylanması nəzərdə tutulmuşdur. Göstyərilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması qəsəbə icra nümayəndəliyinin səlahiyyətində olmuşdur və o, qanunauyğun şəkildə 0.10 ha torpaq sahəsini İddiaçı ayırmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Bundan başqa 0,10 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının dəlilləri formal xarakter daşıyır və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 40 saylı sərəncamına əsasən ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 40 saylı sərəncamına əsasən ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar