Məhkəmə qərarları › İş №2-1(118)-1430/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1430/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1430/2025 10.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “23484 reyestr nömrəli, inventar işi № 2036 olan qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 23484 reyestr nömrəli, inventar işi № 2036 olan qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən iddiaçıya məxsus fərdi ev Abşeron rayon İcra Hakimiyyətinin “Abşeron rayonu ərazisində tikilmiş və fiziki şəxslərin mülkiyyətində olan binaların inventarlaşdırılması, qeydiyyata alınması və əmlak vergisinə cəlb edilməsi” haqqında 041 №li, 24 fevral 2001-ci il tarixli sərəncamı əsasında dövlət reyestrində qeydiyyata alınıb və bu barədə dövlət reyestrindən qeydiyyat vəsiqəsi, eləcə də evin sxemi və yerləşdiyi torpaq sahəsinin ümumi ərazisi təsvir olunan texniki pasport verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin müraciət ərizəsinə əlavə edilmədiyi; müraciətə əlavə olunmuş sənədlərdə fərdi yaşayış evi bir mərtəbəli kimi göstərilsə də, faktiki vəziyyətdə 2 mərtəbəli və mansard olduğu; fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; sözügedən fərdi yaşayış evinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi 23484, inventar nömrəsi 2036 olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon İHB-nin 24 fevral 2001-ci il tarixli 041 saylı sərəncamına əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 25-ci məhəllə, 32 saylı yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Fərdi yaşayış evinin texniki pasportunun surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, fərdi yaşayış evinin bir hissəsi 6 kvt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Fərdi yaşayış evi mansardlı, iki mərtəbəlidir. Daxili ölçülər texniki pasport ilə uyğun deyil. Daxili divarlarda rekonstruksiya işləri görülmüşdür, birinci mərtəbədə əlavə sahələr inşa edilmişdir, bir, iki və mansard mərtəbələri qeyri-yaşayış kimi fəaliyyət göstərir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 041 saylı Sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərlə müəyyən edilən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri daxilində yerləşmir. xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsinin koordinatları qeyd olunmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin İddiaçı faktiki istifadəsində olan tikilinin koordinatları sxemdə göstərilmişdir. İddiaçı faktiki istifadəsində olan tikilinin 0.003 ha hissəsi **********95 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan tikilinin cənubqərb istiqamətindən 6.1 metr məsafədən yüksək gərginlikli 6 kV-luq elektrik xətti keçir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 3 mart 2025 -ci il tarixli, 3-21-3-32/2- 3423/2025 saylı məktubunda qeyd edilmişdir ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən İddiaçı adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 23484 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 23484 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda tərtib edilmə tarixi qeyd edilməmişdir, lakin reyestr kitabında 23484 reyestr, 2336 inventar nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.2002-ci il tarixdə qeydiyyata alındığı qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Nümayəndə müraciəti olmuşdur. Hər iki müraciətin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; İddiaçı 23484 reyestr nömrəli, inventar işi № 2036 olan qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Reyestr nömrəsi 23484, inventar nömrəsi 2036 olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon İHB-nin 24 fevral 2001-ci il tarixli 041 saylı sərəncamına əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 25-ci məhəllə, 32 saylı yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Abşeron rayon İHB-nin 24 fevral 2001-ci il tarixli 041 saylı sərəncamının arxiv nüsxəsi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İddiaçının fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu mövcuddur və qeyd edilən texniki pasportda torpaq sahəsi barədə qeyd aparılmışdır. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin müraciət ərizəsinə əlavə edilmədiyi; müraciətə əlavə olunmuş sənədlərdə fərdi yaşayış evi bir mərtəbəli kimi göstərilsə də, faktiki vəziyyətdə 2 mərtəbəli və mansard olduğu; fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; sözügedən fərdi yaşayış evinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası fərdi yaşayış evi ilə bağlıdır. İddiaçının tələbi isə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərlə müəyyən edilən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri daxilində yerləşmir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Nümayəndə müraciəti olmuşdur. Hər iki müraciətin icrasından imtina edilmişdir. Nümayəndə iddiaçının nümayəndəsidir. Göründüyü kimi cavabdehin imtinasının əsası yoxdur. İş üzrə təqdim edilmiş mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan tikilinin 0.003 ha hissəsinin **********95 reyestr nömrəli çıxarışla sənəd üzrə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Torpaq sahəsinin texniki göstəricilərində sahəsi 0.0189 ha olaraq, müayinə aktında faktiki torpaq sahəsi 0.02165 ha olaraq qeyd edilmiş, müayinə aktında faktiki istifadədə olan tikilinin 0.003 ha hissəsinin başqa şəxsə məxsus torpaqla üst-üstə düşdüyü qeyd edilmişdir. İddiaçı həmin hissə ilə bağlı iddia ərizəsinə dəqiqləşmə verərək, üst-üstə düşən hissə üzrə iddianın həcmini azaltmışdır. (0.02165ha-0.003ha=0.01865ha) Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Reyestr nömrəsi 23484, inventar işi № 2036 olan qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.01865 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar