Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1432/2022 03.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “**********229200 nömrəli qərarın, həmin qərarın dəyişdirilmədən saxlanması barədə **********924100 nömrəli qərarın ləğv edilməsi və əlavə vergi məbləğinin silinməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.12.2017-ci il tarixdə vergi ödəyicisi kimi, 01.06.2018-ci il tarixdə isə əlavə dəyər vergisinin məqsədləri üçün dövlət qeydiyyatınan alınıb. Cəmiyyətin əsas fəaliyyət növü “güllərin və digər bitkilərin topdan satışı”ndan ibarətdir və o, öz fəaliyyətini ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35000,00 kv.m. olan "İstixana (Güllərin və onların toxumlarının becərilməsi” adlı təsərrüfat obyekti vasitəsilə həyata keçirir. İddiaçı qızılgüllərin kultivasiyası üçün "DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkəti ilə lisenziya haqqında müqavilə bağlayıb və bu müqaviləyə əsasən 2019-cu ilin avqust ayı ərzində "DE RUİTER EUROPE B.V." şirkətinə 150765,0 Avro məbləğində pul vəsaiti (royalti) ödəyib. Dövlət Vergi Xidməti Cəmiyyətdə kameral vergi yoxlaması aparmış və bu araşdırma nəticəsində hesab etmişdir ki, Cəmiyyət tərəfindən 24.09.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat döviyyə göstərilməsinə baxmayaraq, 20.11.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə istinad olunmaqla 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.12.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən 16.09.2021-ci i tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi verilmiş və həmin bəyannamədə Cəmiyyətin “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən Cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14%-lə ödəmə mənbəyindən tutulan vergi ödədiyini, həmin ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində 18% qeyri-rezident üzrə ƏDV ödənişinin olunduğu, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərin istifadə hüququnun əldə olunması nəzərdə tutulduğu, yəni mülkiyyət hüququna keçməsi nəzərdə tutulmadığı, Vergi Məcəllənin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadəsi ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığını bildirilərək kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. Cəmiyyətin bu dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən yenidən kameral vergi yoxlaması aparılmış və Cəmiyyətə 56363,14 manat əlavə vergi məbləği hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Cəmiyyət Dövlət Vergi Xidmətinin 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərarından yuxarı orqana inzibati qaydada 12.10.2021-ci il tarixli şikayət vermişdir. Dövlət Vergi Xidmətinin 16.12.2021-ci il tarixli, **********924100 №-li qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 16.09.2021-ci il və 12.10.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməyib və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərarı dəyişdirilmədən saxlanılıb. Aşağıdakılara əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərarını və Dövlət Vergi Xidmətinin 16.12.2021-ci il tarixli, **********924100 №-li qərarını düzgün hesab etmir.Belə ki, İddiaçı MMC ilə qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkəti arasında bağlanmış 14.07.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” razılaşmanın şərtlərindən görünür ki, "DE RUİTER EUROPE B.V." şirkəti gül şitillərinin istifadəsi ilə bağlı hüququ (və ya lisenziyanı) "X2" MMC-yə verir və burada mülkiyyət hüququnun verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bu o deməkdir ki, gül kultivasiyası texnologiyasına münasibətdə iddiaçıya yalnız istifadə hüququ verilmiş və digər hüquqlar, o cümlədən mülkiyyət hüququ qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkətində qalmışdır. Yəni, gül kultivasiyası texnologiyası üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Cavabdeh gül kultivasiyası texnologiyası üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. İddiaçı isə vergi orqanının bu mövqeyinə etiraz edərək bildirmişdir ki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunazidd olmuşdur. Beləliklə, royalti - qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. Buradan aydın görünür ki, iddiaçı ilə qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." arasında yalnız hüquqların ötürülməsi baş verib və iddiaçının hər hansı mülkiyyət hüququnun yaranmayıb. Bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyinə, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC-yə 2019-cu il avqust ayı ƏDV bəyannaməsi üzrə 56363,14 manat əlavə kameral qaydada vergi məbləğləri hesablanmışdır. Belə ki, əsas fəaliyyət növünün “güllərin və digər bitkilərin topdan satışf’ndan ibarət olduğu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 35000,00 kv.m. olan "İstixana, güllərin və onların toxumlarının becərilməsi” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-31001) 04.06.2020-ci il tarixdə vergi uçotuna alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 24.09.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat döviyyə göstərilməsinə baxmayaraq, 20.11.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 30.12.2019-cu il tarixdə **********663500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.12.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən 16.09.2021-ci i tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 56363,14 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə daxil olmuş 16.09.2021ci il tarixli (AVİS qeydiyyatı: 16.09.2021-cu il tarixli **********443000 nömrəli) və 12.10.2021-ci il tarixli (AVİS qeydiyyatı: 12.10.2021-cu il tarixli **********788400 nömrəli) inzibati şikayətlər yuxarı vergi orqanında araşdırılmışdır. Şikayətlər üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin şikayəti təmin edilməməlidir. Belə ki, cəmiyyətin müraciətlərində “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən Cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14%-lə ödəmə mənbəyindən tutulan vergi ödədiyini, həmin ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində 18% qeyri-rezident üzrə ƏDV ödənişinin olunduğu, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərin istifadə hüququnun əldə olunması nəzərdə tutulduğu, yəni mülkiyyət hüququna keçməsi nəzərdə tutulmadığı, Vergi Məcəllənin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadəsi ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığını bildirilərək kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. Cəmiyyət tərəfindən inzibati araşdırmaya təqdim edilmiş Cəmiyyətlə qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkət ilə bağlanmış 14.07.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” Razılaşmaya əsasən "DE RUİTER EUROPE B.V." şirkətinin üçüncü şəxslərə məxsus təbii çiçək növlərini istismar lisenziyasının olduğu, gül növlərinin şitillərinin Əqli Mülkiyyət Hüquqları sahibləri ilə bağlanmış müqavilələr əsasında çiçək növlərinin şitillərini kommersiyalaşdırmaq və istismar etmək, lisenziyalar vermək və Lisenziat qismində üçüncü tərəflərlə lisenziya müqavilələri bağlamaq səlahiyyətlərinə malik olduğu, razılaşmanın “Terminlər və onların təfsiri” adlı bölməsinə aid olan 1.1-ci maddəsinə əsasən “Hüquqlar”dedikdə, istehsalçının hüquqları, patentləri və əmtəə nişanları kimi üçüncü tərəflərin müdafiə tələb edə biləcəyi və ya tələb etdiyi hüquqlar başa düşülür, 1.9-cu maddəsinə əsasən “Lisenziya” dedikdə bir çeşidi yetişdirmək, istehsal etmək və onu kommersiyalaşdırmaq və özünün qeydiyyata alınan brend adını və ya qeydiyyata alınan əmtəə nişanını istifadə etmək üçün səlahiyyətli bir şəxs tərəfindən Lisenziata verilən hüquq (müstəsna və ya başqa cür) başa düşülür, razılaşmanın 2.1-ci maddəsinə əsasən "DE RUİTER EUROPE B.V." şirkəti Lisenziata (Cəmiyyət) qoşma və əlavələrində müəyyən edilən və 3.1 -ci maddəyə müvafiq olaraq, Lisenziata təmin edilməli olan çeşidlərinə görə bitkilərin sayı (və ya çeşidlərinə görə əkilən kvadrat metrlərin sayına əsasən) ilə əlaqədar bitki kultivasiyası fəaliyyətlərini həyata keçirmək hüququnu verdiyi, 2.4-cü maddəsinə əsasən Lisenziatın, "DE RUİTER EUROPE B.V." şirkəti tərəfindən təyinatı üzrə əvvəlcədən yazılı formada razılıq almadan, çeşidlərin bitki materialının heç bir şəkildə üçüncü tərəflər üçün əlçatan olmayacağını təminatın verdiyi, 2.5-ci maddəsinə əsasən Lisenziat tərəfindən 4-cü maddəyə müvafiq olaraq ödəniş öhdəlikləri icra olunduğu andan, bir qayda olaraq, əmtəə nişanları üzrə qanunvericilik ilə müdafiə olunan çeşidlərin ticarət adları və ya əmtəə nişanlarına əsasən çeşidlərə görə şitillərin satışı və marketinqini həyata keçirmək səlahiyyətlərinin olduğu, 4.1 -ci maddəsinə əsasən həmin razılaşmanın şərtlərinə müvafiq olaraq Lisenziata verilən lisenziyanın və 3.1 -ci maddəyə müvafiq olaraq təmin edilən bitkilərin ödənişi üzrə royaltiləri "DE RUİTER EUROPE B.V." şirkətinə ödənilməli olduğu qeyd edilmişdir. Cəmiyyətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ48PAHA40170EURHC********** saylı Avro hesabı üzrə çıxarışa əsasən Cəmiyyət tərəfindən 2019-cu ilin avqust ayı ərzində “DE RUİTER EUROPE B.V.” şirkətinə 150765,0 Avro məbləğində royaltinin ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə “Araşdırmada iştirak barədə” 09.12.2021 -ci il tarixli **********851800 nömrəli məktub göndərilərək, 13.12.2021- ci il tarixdə, saat 15:00 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 13.12.2021-ci il tarixli **********446200 saylı məktubda dəvət vaxtının 15.12.2021ci il tarixə dəyişdirilməsi xahiş edilmişdir. Şikayətlərin ətraflı araşdırılması məqsədilə Cəmiyyətin nümayəndəsi ilə telefon nömrəsi (*** *** ** **) ilə əlaqə yaradılaraq kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin əsasları barədə məlumat verilmiş, şikayətlərin predmetinə uyğun müzakirələr və aydın olmayan məqamlar üzrə dəqiqləşmələr aparılmışdır. Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal hesab olunur. Bu maddəyə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyrimaddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.11-ci maddəsinə əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) hesab edilir.Göstərilənlərə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Müqaviləyə əsasən "DE RUİTER EUROPE B.V." şirkəti tərəfindən Cəmiyyətə gül şitillərinin istifadəsi ilə bağlı hüququn (və ya lisenziyanın) verildiyi üçün qeyri-rezident müəssisəyə aparılan ödənişlərdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.Vergi Məcəlləsinin 169.1 -ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə,hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDVnin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən əmtəə nişanı—sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 28-ci maddəsinin müddəalarına əsasən əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Lisenziya müqaviləsi əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına aiddir və qeydiyyatda göstərilən əmtəələr və xidmətlər barəsində qüvvədə olur. Beləliklə, araşdırmaya təqdim edilmiş sənədlərə, o cümlədən qanunvericiliyin tələblərinə uyğun olaraq Cəmiyyətlə qeyri-rezident şəxs olan "DE RUİTER EUROPE B.V." şirkəti arasında bağlanmış 14.07.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında”Razılaşmaya əsasən gül şitillərinin istifadəsi ilə bağlı hüququn (və ya lisenziyanın) verilməsi xidmət (iş) hesab edildiyini və həmin xidmətin (işin) ƏDV məqsədləri üçün vergiyə cəlb edilməli olduğunu nəzərə alaraq, inzibati şikayətlər təmin edilməməli və vergi ödəyicisi barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati şikayətin təmin edilməməsi haqqında qərarda (AVİS qeydiyyatı: 16.12.2021-cu il tarixli **********045400 nömrəli) qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyrimaddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Sumqayıt şəhəridir, iddiaçının hüquqi ünvanı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərarından yuxarı instansiya orqana şikayət edilmiş və onun tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyətı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli Qərara əsasən İddiaçınə 2019-ci ildən royalti ödənişlərindən 56.363,14 manat məbləğində əlavə vergi məbləği hesabalanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində ƏDV qeydiyyatına alınmış və ya alınmamış hər hansı rezident üçün xidmət göstərirsə və ya iş görürsə, həmin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV-yə cəlb edilən əməliyyat hesab edilir. Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsəri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. Həmin Məcəllənin 13.2.9-cu maddəsinə əsasən qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır. Beləliklə, qeyd olunan maddi hüquq normalarından məlum olur ki, royalti - qeyrimaddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. X2 şirkətinə Hollandiyanın RUİTER şirkəti tərəfindən müəllif hüquqları ilə qorunan gül çeşidlərini yetişdirmək hüququ verilmiş, yəni həmin güllər üzrə müəllif hüququndan müvəqqəti istifadə hüququ ötürmüşdü. X2 şirkəti həmin hüquqlardan müvəqqəti istifadə etdiyi üçün RUİTER şirkətinə mükafat şəklində ödənişlər həyata keçirirdi ki, həmin mükafatlarda Royalti hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə olan “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi anlayışı yalnız Vergi Məcəlləsinə 2021-ci ildə edilmiş və 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qəbul edilmişdir. Məhkəmə hesab edir ki, 2019-cu ildə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində müəlliflik hüquqlarının istifadəyə verilməsi ilə bağlı qeyd qüvvədə olmadığına görə, həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən royalti ƏDV cəlb edilməyən əməliyyat olduğuna görə iddiaçı X2 tərəfindən royaltiyə görə ödənilən ƏDV əsassız yerə vergi orqanı tərəfindən qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir; Həmin Məcəllənin 159.1-ci maddəsinə görə, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin Məcəllənin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli Qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.10.2021-ci il tarixli **********229200 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1432/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1432/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver