Məhkəmə qərarları › İş №2-1(118)-1433/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1433/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1433/2021 20.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o "xxxx" MMC-nin direktoru X1 fəaliyyəti ilə məşğul olur və ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayının 13-nə kimi Azərbaycana, Özbəkistan Respublikasından soğan məhsulu və İran İslam Respublikasından pomidor, xiyar, kartof, badımcan və s. meyvə tərəvəz məhsullarını idxal etmişdir. Gətirdiyi məhsulları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" Ticarət Mərkəzində ayrı-ayrı vətəndaşlara kassa vasitəsilə satmış və vergisini də ödəmişdir. Lakin Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri X6 "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları"na 30 nömrəli Əlavəyə əsasən İddiaçındə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 13.03.2021 tarixli 001341N-li akt(lar)ına, eləcə də malların Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə müəyyən edilən, elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektlərindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi barədə aktda göstərilən qeydlərə baxıb müəyyən etmişdir ki, guya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq İddiaçı ilə əlaqədar qərara almışdır:

1. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasmm tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 167010,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. 2. 10.05.2021-ci il tarixədək 167010,12 manat məbləğində büdcəyə ödənilməsi təmin edilsin. Hesab edir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri X2 İddiaçı ilə əlaqədar qəbul etdiyi "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********8269 nömrəli, 29.04.2021-ci il tarixli Qərarı tam qanunsuz, əsassız və ədalətsiz qərardır. Həmin qərarla onun sahibkar kimi hüquqları kobud surətdə pozulmaqda davam edir. Belə qanunsuz, əsassız və ədalətsiz qərar qüvvədə qala bilməz. Ona görə də həmin qərar məhkəmə qaydasında ləğv olunmalıdır. Belə ki, İddiaçı satış üzrə anbarı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Meyvəli" Ticarət Mərkəzində yerləşdiyindən vaxtında Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti tərəfindən operativ nəzarət yoxlaması keçirilmişdir. Respublikaya gətirdiyi malların çəkisi və çeşidi məlum olduğundan, həmin məhsulların kassa vasitəsilə satışı təşkil olunmuş və vergisi də ödənilmişdir. İddiaçı vergidən yayınmadığı və vergiləri vaxtında ödədiyi halda keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 13.03.2021 tarixli 001341 JVE-li akt(lar)ına əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri X2 qəbul etdiyi "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 29.04.2021-ci il tarixli, **********8269 nömrəli Qərarı tam qanunsuz, əsassız və ədalətsiz qərardır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında işrak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin növbəti iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 12.02.2021-ci il tarixli **********0411 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu 57 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 1670101,20 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı 13.03.2021-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirilir ki, iddiaçı 01.01.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan dövrdə 125 çek üzrə 167.0101,20 manat dəyərində (Orta hesabla hər çek üzrə 13.360,81 manat) mal nəzarət-kassa aparatı vasitəsi ilə (alıçılara ödəniş çeki verilməklə) təqdim edilmişdir, nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsi həmin malların bəzilərinin pərakəndə satışı və malların alıcılarının vergi uçotunda olmamaları səbəbindən həyata keçirildiyi bildirilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 1670101,20 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 167010,12 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63cü və 71-1 -ci maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.04.2021-ci il tarixli, **********8269 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı MMC barəsində tərtib “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə 13.03.2021-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akt əsasında 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərar qəbul edilmiş və həmin qərar ilə İddiaçı MMC-yə Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 1670101,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi orqanının hərəkətindən narazı qalmış iddiaçı həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 01.01.2021-ci il tarixdən 12.02.2021 tarixədək olan dövrdə Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, 57 ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 1670101,20 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və 13.03.2021-ci il tarixli Akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunanlara əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərarı əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən e-qaimə verilmədən malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı iş materiallarından müəyyən olunur. Belə ki, İddiaçı MMC barəsində Dövlət qeydiyyatı haqqında məlumat vərəqinin surətindən görünür ki, MMC-nin fəaliyyət sahəsi meyvə-tərəvəzin topdansatış və pərakəndə satış fəaliyyəti ilə məşğul olmaqdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ümumi kassa çekindən müəyyən olunur ki, iddiaçı tərəfindən ümumi məbləği 1.670.101,20 manat olan mallar, ayrı ayrılıqda cəmi 125 kassa çek vurulmaqla satış həyata keçirmiş və bu da iddiaçı tərəfindən edilmiş həyata keçirilmiş satışın pərakəndə olmamasına dəlalət edir. Yəni iddiaçı tərəfindən 125 ədəd çek ilə ümumi dəyəri 1.670.101,20 manat olan malın pərakəndə qaydada satılması inandırıcı deyil. Bu isə bir daha qeyd olunan malların topdan satış qaydasında satılması anlamına gəlir. Bu səbəbdən də cavabdeh vergi orqanı əsaslı olaraq “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərarını qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 29.04.2021-ci il tarixli **********8269 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar