Məhkəmə qərarları › İş №2-1(118)-1436/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1436/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1436/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X5 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon Mehdiabad Bələdiyyəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən sahibkarlıq-tikinti məqsədilə X6 adına ayrılmış 0,66 ha torpaq sahəsinin yerinin naturada müəyyən olunması, mərzlərin vurulması, plan və ölçüsünün hazırlanması, həmçinin, cavabdeh tərəfindən sənədləşdirilməsi və müvafiq çıxarışın verilməsinin cavabdehlərə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X9 10 noyabr 2006-cı ildə ərizə ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə müraciət etmiş və Mehdiabad bələdiyyəsinin 14 iyun 2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən ona sahibkarlıq məqsədilə Bələdiyyə mülkiyyətindən 0,66 ha torpaq sahəsi ayrılması barədə qərar verilmişdir. X9 26.12.2019-cu il tarixdə vəfat etdiyi üçün iddiaçıya 16 fevral 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illərdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsini özəlləşdirə və onun üzərində tikinti işləri apara bilmir. Torpaq sahəsinin ayrılmasına dair rəy alınması üçün 04 iyun 2007-ci ildə 222 saylı məktubla Abşeron rayonu Mehdiabad bələdiyyəsi tərəfindən DT və XK-nın Abşeron rayon şöbəsinə müraciət olunmuşdur. DT və XK-nin Abşeron rayon şöbəsinin 13.06.2007-ci il tarixli 721 saylı rəyindən görünür ki, Binəqədi - Novxanı şossesinin sağ tərəfində pay torpaqları arasında yerləşməklə, yararsız torpaq sahəsinin sahibkarlıq məqsədilə X1 etiraz edilməmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpağın plan ölçüsünün verilməsi ilə əlaqədar 08 avqust 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qurum tərəfindən 17.08.2018-ci il tarixli **********22 saylı məktubla torpağın qeydiyyata alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsinin sahibkarlıq-tikinti məqsədilə satılması üçün Rayon İcra Hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, torpaq sahəsinin yeri dəqiqləşdirilməmiş, yerquruluşu işləri (planalma) aparılmamış, yerin plan və ölçüsü hazırlanmamış, qanunvericiliklə müəyyən olunmuş qaydada alqı-satqı aktı tərtib edilməmişdir. Abşeron rayon şöbəsi tərəfindən 13.06 2007-ci il tarixli 721 nömrə ilə uçota alınmış rəy məktubundan göründüyü kimi, Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən ayrılacaq 0,66 ha torpaq sahəsi Binəqədi - Novxanı şossesinin sağ tərəfində pay torpaqları arasında yerləşməklə, yararsız torpaq sahəsidir. DT və XK-nın Abşeron rayon şöbəsinin 313 saylı arayışından da göründüyü kimi ayrılan torpaq sahəsi 20 ballı V keyfiyyət qrupuna daxil olan yararsız torpaq sahəsidir. Rəyin 3-cü bəndində deyilir ki, fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Yuxarıda qeyd edilənlərə əsasən imtina məktubu qanunsuz və əsassız hesab edilir. Ona görə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmiş və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə əsasən Torpaqların Alqı-Satqısına dair Akt tərtib edilərək, Mehdiabad Bələdiyyəsinin büdcəsinə 10020 (on min iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüş və bu 20 fevral 2018-ci il tarixdə təsdiq olunmuşdur. Hesab olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən edilmiş imtina qərəzlidir və buna görə də həmin qurumun rəhbərliyi barədə xüsusi qərardad qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia ərizəsinə əlavə və dəqiqləşmə barədə ərizələr təqdim edərək Abşeron rayon Mehdiabad Bələdiyyəsinin cavabdehlər siyahısından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilməsini və Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X5 adına arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Mehdiabad Bələdiyyəsi tərəfindən X8 0,66 ha torpaq sahəsinin 14 iyun 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 20 fevral 2018-ci ildə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 dekabr 2020-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi qeyd edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edək ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalarına Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəllənin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında cavabdeh təmsil edilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-cı ildə Laçın rayonunun Əliqulu kəndində anadan olmuş, hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. - Cavabdeh inzibati orqanın 09.02.2021-ci il tarixli, **********95 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi ilə iddiaçıya ərizəsindən imtina edildiyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 16.02.2021-ci il tarixli 505 nömrəli məktubuna əsasən 26.12.2019-cu ildə vəfat etmiş X6 əri – İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və onun hüquqi varisidir. - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 03.12.2020-ci il tarixli, 141 nömrəli rəyinə əsasən 0,66 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə sənədləşdirilməsinə etiraz edilməmişdir. - Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 10.12.2021-ci il tarixli, 247 nömrəli məktubuna əsasən ayrılmış torpaq sahəsi Binəqədi-Novxanı yolunun sağ tərəfində pay torpaqları arasında yerləşməklə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla torpaq sahələrinin yarasız torpaq sahəsidir. Torpaq sahəsinin Teyyubə Əzimovanın adına sənədləşdirilməsinə etiraz edilməmişdir. - Mehdiabad Bələdiyyəsinin 14.06.2007-ci il tarixli 13 saylı protokolundan çıxarışa əsasən sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətində boş sahə (0,66 ha) X2. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 13.06.2007-ci il tarixli, 721 nömrəli rəyinə əsasən torpaq sahəsinin çıxarışa əsasən sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətində boş sahə (0,66 ha) X1 etiraz edilməmişdir. - 20.02.2018-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqı-satqısına dair akt”a əsasən X4 Bələdiyyəsinin 14.06.2007-ci il tarixli 13 saylı qərarı ilə ona ayrılmış 0,66 ha torpaq sahəsinin dəyərini (10020 manat) Mehdiabad bələdiyyəsinin hesabına köçürmüşdür. - İş materiallarına olan 15.02.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, X9 tərəfindən Mehdiabad Bələdiyyəsinin hesabına 10 020.00 manat ödənilmişdir. - Məhkəmə sorğusu zamanı əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25.09.2021-ci il tarixli arayışına əsasən Mehdiabad Bələdiyyəsinin 04.07.2007ci il tarixli 13 saylı qərarı ilə X8 ayrılmış 0,66 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir, şərti yararsızdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Mehdiabad Bələdiyyəsinin 04.07.2007-ci il tarixli 13 saylı qərarı ilə mərhum X3 məqsədilə 0,66 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 13.06.2007-ci il tarixli, 721 nömrəli rəyi ilə mərhuma həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmin torpaq sahəsinin dəyəri olaraq 10020 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı torpağın alqısatqısına dair müqavilə tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh isə imtina təqdim etmiş və göstərmişdir ki, Mehdiabad Bələdiyyəsi tərəfindən X8 0,66 ha torpaq sahəsinin 14 iyun 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı 20 fevral 2018-ci ildə, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi 03 dekabr 2020-ci il tarixdə verilmiş, torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Həmçinin, əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməmişdir. Eləcə də sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aiddir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DT və XK-nın müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nın verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registerinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DT və XK-nın müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Nəzərə alınmalıdır ki, müvafiq rəyi verməyə səlahiyyətli olmuş qurum həmin müsbət rəyin sonradan verməsi onun iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DT və XK-dan (əvvəlcədən və ya sonradan) alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi yanaşma əsassızdır. Yəni, qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan orqanların rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Mehdiabad bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərtib edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Məhkəmə hesab edir ki, müvafiq rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, başqa sözlə qeyd olunan orqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Yuxarıda qeyd olunan müddəada da əsas məqsəd bələdiyyə tərəfindən qərarın qəbul edilməsi üçün müvafiq orqanların müsbət rəylərinin olmasıdır. Cavabdeh təşkilat tərəfindən irəli sürülən digər yanaşmada Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməməsi qeyd olunmuşdur ki, bununla bağlı olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. İşdən göründüyü kimi 0,66 ha torpaq sahəsinin dəyəri ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi ilə torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşına satılmasına etiraz olmamışdır. Abşeron rayon Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarış isə həmin bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (NK) qərarı ilə yol verilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən iddiaçının mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına arayış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 14.07.2007-ci il tarixli iclasının 13 saylı protokoluna əsasən iddiaçının mərhum həyat yoldaşının adına ayrılmış 0,66 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına arayış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar