Məhkəmə qərarları › İş №2-1(118)-1437/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1437/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1437/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının “X5” publik hüquqi şəxsinə qarşı “müsabiqəsiz və imtahansız ali təhsil müəssisəsinə qəbul olunması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallara əlavə edilmiş sənədlər:

1. 27 iyun 2008-ci il tarixli, BB-İİ, 075908 nömrəli Bakı Yeyinti Sənayesi Texnikumu tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmuş və 17 iyun 2008-ci il tarixdə “Mühasibat uçotu və audit” ixtisası üzrə tam kursu bitirmişdir.

2. Azərbaycan Respublikası X5nin 10 may 2024-cü il tarixli, 9-3/2-5-1888-42- 326/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli, 230 nömrəli Qərarına əsasən, orta ixtisas təhsili müəssisəsini bitirərək “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququna malikdirlər. İddiaçı “subbakalavr” peşəixtisas dərəcəsinin olmadığına görə ali təhsil müəssisəsinə imtahansız qəbul olmaq hüququ yoxdur.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

3. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası X5nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikumu tərəfindən təqdim edilmiş 27 iyun 2008-ci il tarixli, BB-İİ ******* nömrəli diplom ilə təmin edilib ali təhsil müəssisəsinə qəbul olunmağı barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin hallarına (§1-2) istinad edilərək onunla əsaslandırılmışdır ki, əvvəlki adı ilə Bakı X2muş, hansı ki 2005-2008-ci illərdə iddiaçı da təhsil aldığı texnikum 16 iyun 2010-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır və hazırda həmin kollecdən məzun olan şəxslərə subbakalavr peşə ixtisas dərəcəsi verilməkdədir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikumu tərəfindən təqdim edilmiş 27 iyun 2008-ci il tarixli, BB-İİ ******* nömrəli diplomla iddiaçıya tanınan hüquq, Bakı Qida Sənayesi Kolleci tərəfindən təqdim edilmiş diplom ilə tanınan hüquq ilə eyni olmalı, 27 iyun 2008-ci il tarixli, BB-İİ ******* nömrəli diplomla subbakalavr dərəcəsi müəyyən olunmaması iddiaçının ali təhsil müəssisəsinə qəbul olunmağı üçün əngəl ola bilməz.

5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun subbakalavr hesab edilərək, müsabiqəsiz və imtahansız ali təhsil müəssisəsinə qəbul olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin 19 sentyabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

6. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, onunla əsaslandırmışdır ki, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi ilə müəyyən olunmuş qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. İxtisasların uyğunluğu (müvafiqliyi) Mərkəzlə razılaşdırılmaqla, Nazirlik tərəfindən müəyyən olunur. İddiaçı iddia ərizəsində 27 iyun 2008-ci il tarixli, BB-İİ 075908 nömrəli diplomla ona subbakalavr dərəcəsinin verilmədiyini qeyd etmişdir. Orta ixtisas təhsili pilləsinə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minmə tarixindən əvvəl, o cümlədən 2005-cı ildə qəbul olunmuş şəxslər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malik deyillər.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə etmiş, iddiaçının subbakalavr dərəcəsinə malik olmadığı üçün, eyni zamanda ümumiyyətlə ali təhsil müəssisəsinə müsabiqəsiz qəbul olunması nəzərdə tutulmamış, subbakalavrların qəbulu müsabiqədə göstərilən nəticələr əsasında və ali müəssisəsində mövcud yerin olduğu təqdirdə həyata keçirilir. Bu səbəbdən də iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

12. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

13. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

14. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

18. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

19. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

20. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

21. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

22. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

23. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

24. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

25. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. Belə ki, iddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir: - onun subbakalavr hesab edilməsi; - müsabiqəsiz və imtahansız ali təhsil müəssisəsinə qəbul edilməsi.

28. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları” ilə müəyyən edilir.

29. Həmin qaydaların 3.1-ci bəndinə əsasən, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi ilə müəyyən olunmuş qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. İxtisasların uyğunluğu (müvafiqliyi) Azərbaycan Respublikasının X5lə razılaşdırılmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

30. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, hal-hazırda iddiaçı subbakalavr peşə-ixtisas dərəcəsinə malik deyildir və iddiaçı hazırkı iddia tələbi ilə onun subbakalavr hesab edilməsini xahiş etmişdir.

31. 19 iyun 2009-cu il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.40-cı maddəsinə əsasən subbakalavr - yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir.

32. Həmin Qanunun qüvvəyə minənədək qüvvədə olmuş Azərbaycan Respublikasının 7 oktyabr 1992-ci il tarixli, 324 nömrəli “Təhsil” Qanununda isə “subbakalavr” anlayışı müəyyən edilməmişdir.

33. Məhkəmə cavabdehin etiraz dəlilləri ilə razılaşaraq qeyd edir ki, orta ixtisas təhsili pilləsinə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minmə tarixindən əvvəl ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malik deyildilər.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)

35. Qeyd edilən qanunvericiliyin müvafiq normalarına əsaslanaraq məhkəmə bildirir ki, iddiaçının iddia tələbinin “onun subbakalavr hesab edilməsi” hissəsi cavabdeh orqanın səlahiyyətinə aid olmadığı üçün öhdəlik olaraq onun üzərinə qoyula bilməz.

36. İddia tələbinin digər hissəsi ilə əlaqədar isə bildirilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən, eyni zamanda, cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında qeyd olunduğu kimi, subbakalavrların həm müsabiqəsiz və həm də imtahansız ali təhsil müəssisəsinə qəbul edilməsi nəzərdə tutulmamışdır.

37. Yuxarıda göstərilənlərə əsasən hazırkı iddianı mümkün hesab etmir.

38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

39. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “müsabiqəsiz və imtahansız ali təhsil müəssisəsinə qəbul olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar