Məhkəmə qərarları › İş №2-1(118)-1438/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1438/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1438/2020 02.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Hakim köməkçisi Kazımova İradə Səlim qızının katibliyi ilə Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4inin 1 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4inin 1 saylı regional ərazi filialına qarşı “cavabdehin üzərinə, onun müharibə veteranı vəsiqəsini aldığı vaxtdan, yəni xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun müharibə veteranı vəsiqəsini aldığı vaxtdan, yəni xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün sosial müavinətin hesablanaraq ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kərim Kərimov küçəsi, köhnə MİH-nin binasında yaşayır. Qeyd edir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Bildirir ki, o, uzun müddət müharibə veteranı vəsiqəsinin verilməsi üçün aidiyyatı orqanlara müraciət etmişdir. xx.xx.2020-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. xx.xx.2020-ci ildən iddiaçıya müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin verilməsi müəyyən olunmuşdur. iddiaçı hesab edir ki, həmin müavinət ona «Müharibə veteranı» vəsiqəsini aldığı vaxtdan əvvəlki 3 il üçün də verilməlidir. Ona görə də iddiaçı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 1 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin onun xahişi təmin olunmamışdır. Bununla da cavabdeh tərəfindən faktiki olaraq hərəkətsizlik edilmişdir. İddiaçı hesab edir ki, bu tamamilə qanunsuzdur. Belə ki, qanunvericilikdə onun müraciətinin təmin olunmasını qadağan edən müddəa yoxdur. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun döyüşçü yoldaşlarından bir neçəsi eyni qaydada əvvəlki dövr üçün müavinət verilməsi barədə müraciət ediblər və onların müraciəti müsbət həll olunub. Cavabdeh orqan iddiaçının qeyd olunan dövr üçün sosial müavinəti ödəməməklə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələblərini nəzərə almamışdır. İddiaçının müavinət almaq hüqüqunun yaranması anı onun müharibə veteranı vəsiqəsini aldığı vaxtdır, yəni xx.xx.2020-ci il tarixidir. Halbuki, vəsiqə aldığı tarixin onun müavinət almaq hüququmun yaranması tarixi hesab olunması barədə qanunvericilikdə heç bir dəqiq göstəriş yoxdur. Qanunvericilik müəyyən edir ki, müavinət almaq hüququ vəsiqə təqdim etdikdə həyata keçirilir. Əgər müavinət almaq hüququnun yarandığı an vəsiqənin alındığı an olsaydı o zaman qanunvericilikdə əvvəlki dövrlər üzün müavinət anlayışı olmazdı. Eyni zamanda iddiaçının müharibə veteranı adını (vəsiqəsini) gec almağı heç bir halda onun əleyhinə yozula bilməz. Belə ki, əgər onun xidmətləri müharibə veteranı statusu vermək üçün yetərli idisə, bu zaman Müdafiə Nazirliyi onun müraciətini göndərmədən ona müvafiq statusu verməli idi. Müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyi heç bir halda iddiaçının əleyhinə yozula bilməz. Müavinət almaq hüququ olan şəxsin gec müraciət etməsi onu əvvəlki dövrlər üçün müavinət almaq hüququndan məhrum edə bilməz. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər müharibə veteranı hesab olunurlar. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 7.0.6. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 saylı Fərmanının 1.1.7-ci maddəsinə və həmin Fərmana dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə manat miqdarında aylıq müavinət verilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək (9.1.5-ci maddəsi). Həmin Qanunun 14-cü maddəsinə əsasən bu Qanun 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir. Qeyd olunan maddənin mətnindən göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda-yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi tərəfindən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Qeyd olunan veteran vəsiqəsini aldığı tarixdən vətəndaşa Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına ərizə ilə müraciət edərək müharibə veteranı olaraq xx.xx.2017-cı ildən xx.xx.2020-ci ilədək verilməli olan sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Vətəndaşın müraciətinə cavab olaraq bildirilmişdir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Belə ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Nazirlər Kabinetinin 1995-cı ıı 22 sentyabr tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılan müvafiq komissiyanın rəyinə əsasən verilir. Eyni zamanda həmin əsasnaməddə də qeyd olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildiyi zaman həyata keçirilir. Vətəndaş veteran vəsqiəsini xx.xx.2020-ci il tarixində əldə etdiyi üçün ona müvafiq vəsiqəni aldığı dövrdən əvvəlkilər üçün müavinət ödəməkdən imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunan maddədən də görünür ki, müavinət onu almaq hüququ yaranan gündən təyin edilir və müavinəti almaq hüququ isə müvafiq veteran vəsiqəsi əldə etdiyi andan yaranır. Azərbaycan Respublikası Prezidentinin 11,07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxlf edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Fləmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Fləmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ sosial müavinət almaq hüququndan daha əvvəl varana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Pləmin Fərmana əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə təqaüd təyin edilmişdir. Sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş və iddiaya etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu xx xxxxx 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar