Məhkəmə qərarları › İş №2-1(118)-1438/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1438/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1438/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Qafarova Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı (işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 9b, 1024-cü məhəllə, mənzil 58-də yaşayan) İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,0186 ha torpaq sahəsinin üzərində inşa edilmiş binanın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 07.04.2021-ci il tarixli, **********87 saylı imtinasının əsassız olmasını nəzərə alıb, ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,0186 ha torpaq sahəsinin üzərində inşa edilmiş binanın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,0186 ha torpaq sahəsinin üzərində inşa edilmiş binanın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,0186 ha torpaq sahəsi və üzərində Abşeron rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2016-cı il tarixli, 274 nömrəli tikintiyə icazə sərəncamı ilə ev inşa etmişdir. Tikinti işlərini yekunlaşdırdıqdan sonra 09 oktyabr 2020-ci il tarixdə tikinti obyektinin istismarına razılıq verilmişdir. İnşa edilmiş bina üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınması və çıxarışın verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin 07 aprel 2021-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş çoxmərtəbəli yaşayış binasının tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, tikintialtı sahəsi və ümumi tikinti sahəsi qeyd edilməmişdir. Bundan başqa çoxmərtəbəli yaşayış binasının ümumi tikintialtı sahəsinin 61.6 kv m hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında və 48 kv m hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi aşkar edilmişdir. İş materiallarında olan: - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29.12.2016-ci il tarixli 274 saylı sərəncamından görünür ki, İddiaçı RX seriyalı ******* nömrəli çıxarış ilə mülkiyyətində olan Xırdalan ərazisində yerləşən 0,0186 ha torpaq sahəsində üçmərtəbəli mansardlı (1-ci mərtəbəsi və qeyri-yaşayış obyekti olmaqla) çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. -Ö/003864 nömrəli istismara hazırlıq aktından görünür ki, həmin akt ünvan 4 ünvanında yerləşən 1-ci mərtəbəsi qeyri yaşayış olan, 3+mansardda mərtəbəli çoxmənzilli fərdi yaşayış binası barəsindədir. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 042 nömrəli 09.10.2020-ci il tarixli icazədən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış binasının mövcud 1-ci mərtəbəsi qeyri-yaşayış olan çoxmərtəbəli bina tikinti obyektinin istismarına icazə verilmişdir. - "xxxx" MMC tərəfindən 2019-cu ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayonu Xırdalan şəhərində yerləşən İddiaçı məxsus olan mövcud 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olan çoxmənzilli bina barəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş çoxmərtəbəli yaşayış binasının tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyini, yəni tikinti obyektinə verilmiş kodun nömrəsi, tikintialtı sahəsi və ümumi tikinti sahəsinin qeyd edilmədiyini, binanın ümumi tikintialtı sahəsinin 61.6 kv m hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında və 48 kv m hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyini bildirərək onun müraciətini təmin etməkdən imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan 0.0186 ha torpaq sahəsi üzərinə yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən çoxmənzilli yaşayış binasını inşa etmişdir. Həmin tikili hazır olduqdan sonra istismaraına icazə sənədi tərtib edilmişdir. Lakin həmin sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi və tikintialtı sahəsi və ümumi tikintialtı sahəsinin göstərilməmişdir. Məhkəmə hesab edir ki, həmin qüsürlara buna səlahiyyətli orqanlar tərəfindən yol verilmişdir və iddiaçıya bu səbəblə inşa etdiyi bina üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının inşa etdiyi binaının yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında və 48 kv m hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyini iddia etsə də, bu halları təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,0186 ha torpaq sahəsinin üzərində inşa edilmiş binanın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,0186 ha torpaq sahəsinin üzərində inşa edilmiş binanın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar