Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1439/2021 26.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 və onun azyaşlı övladları – 23.09.2008-ci il təvəllüdlü X2 və 22.06.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/7 saylı evin 41-ci mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 və onun azyaşlı övladları – 23.09.2008-ci il təvəllüdlü X2 və 22.06.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/7 saylı evin 41-ci mənzilindən pasport qeydiyyatından çıxarılmalarının cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/7 saylı evin 41-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sözügedən mənzili 04.09.2006-cı ildə, AN-İ №0091502 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin mənzilə görə 26.09.2006-cı ildə, MH seriyalı ******* nömrəli Çıxarış verilmişdir. X4 iddiaçının qardaşıdır. Qardaşının azyaşlı övladları - 23.09.2008-ci il təvəllüdlü X2 və 22.06.2013-cü il təvəllüdlü X6 da həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı qardaşının xahişi ilə onu və övladlarını 2019-cu ildə pasport qeydiyyatına saldırmışdır. Həmin şəxslər iddiaçıya məxsus mənzildə heç vaxt yaşamamışlar. Onların qeydiyyatda olması iddiaçının mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1439/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadına əsasən X4 və onun azyaşlı övladları - X5 və X6 üçücü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə 3-cü şəxs X4 izahat verərək, bildirmişdir ki, onun və qanuni nümayəndəsi olan övladlarının bacısına məxsus olan mənzildən pasport qeydiyyatından çıxmasına etirazı yoxdur. Belə ki, onun özünə məxsus fərdi yaşayış evinin mülkiyyət hüququnun müəyyən edən sənəd olmadığına həmin evə pasport qeydiyyatına düşə bilmir. Qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 14.06.2021-ci il tarixli, 123-22801S- 3221 nömrəli məktub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı, daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış, 04.09.2006-cı il tarixli, AN-İ seriyalı, 009502 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 və onun azyaşlı övladları - 23.09.2008-ci il təvəllüdlü X5 və 22.06.2013-cü il təvəllüdlü X6 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 7/8 saylı evin 41 nömrəli mənzili üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, X4 mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığı üçün onun yetkinlik yaşına çatmayan övladları da həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdırlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs - X4 və onun azyaşlı övladları - 23.09.2008-ci il təvəllüdlü X5 və 22.06.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, 5-ci mikrorayon, 7/8 saylı evin 41 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1439/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1439/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver