Məhkəmə qərarları › İş №2-1(118)-1439/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1439/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1439/2025 07.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair yeni plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 20 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən **********07 reyestr nömrəli 0,120047 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şamaxı Rayon Ərazi İdarəsinin 20 iyun 2008-ci il tarixli, AA seriyalı, 004053 nömrəli İddiaçı adına Şamaxı rayon, Çuxuryurd kəndində yerləşən **********07 reyestr nömrəli əmlaka dair “Torpaq sahəsinin planı və ölçüsü”.

3. 15 avqust 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi faktiki naturada hər tərəfdən daş hasar, digər tərəfdən də dəmir tor ilə hasarlanıb, lakin faktiki naturada heç bir məqsəd üçün istifadə olunmur. Kameral şəraitdə aparılan müayinə zamanı məlum olmuşdur ki, vətəndaşın mülkiyyətinə verilmiş çıxarış üzrə olan ölçülər ilə elektron uçot məlumatlar barəsində qeyd edilmiş ölçülər arasında uyğunsuzluq mövcuddur.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 8 may 2024-cü il tarixli, 3-21-3-41/2-927/2024 nömrəli məktubundan görünür ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin plan və ölçü sənədinə cari dəyişikliklərin edilməsi məqsədilə torpaq sahəsinin inventarlaşdırılması və müvafiq ölçü işlərinin aparılması üçün Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirmiş, torpaq sahəsinin müayinəsi zamanı məlum olmuşdur ki, sənəd üzrə İddiaçı məxsus olan torpaq sahəsinin bir hissəsi faktiki olaraq ümumi istifadədə olan yolun ərazisini əhatə edir və digər vətəndaşlara məxsus torpaq sahələrinə gediş-gəlişi bağlayır. Naturada yerləşən torpaq sahəsinin üzərində mübahisə olduğu üçün ərizənin icrası mümkün olmamışdır.

5. Şamaxı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(074)-48/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “evinə gedən yoldan maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X10 X5 24 aprel 2025-ci il tarixli, 2/19 nömrəli arayışından görünür ki, İddiaçı məxsus olan Çuxuryudr bələdiyyəsi tərəfindən verilmiş 12 ha çıxarışlı əkin sahəsi üçün torpaq ərazisi DŞRF-nin Şamaxı şöbəsinə məxsus çəkilmiş FO magistral yeraltı kabelinin keçdiyi əraziyə heç bir maneçiliyi yoxdur.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 3 dekabr 2024-cü il tarixli, 3-21-3-341/2-2841/2024 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 28 dekabr 2007-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0147 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Həmin plan-ölçü sənədinin əsasında İddiaçı Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində ayrılmış 0,12 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alınmışdır. İlkin qeydiyyat tarixindən hazırkı günədək hər hansı notarial əməliyyatların aparılması, qeydiyyatı barədə elektron arxiv və baza məlumatlarında hər hansı bir qeyd aşkar edilməmişdir. Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı naturada iddia etdiyi 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyətə aid torpaq sahəsidir. Elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Elektron baza məlumatlarında torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi öz əksini tapır. Naturada iddia olunan 0,12 ha torpaq sahəsindən ümumi istifadədə olan yol keçir. Həmin yolun bir tərəfindən aşağı gərginlikli elektrik və internet xətti, digər tərəfindən yeraltı kabel və qaz xətti keçir. Həmin elektrik, internet xətti və yeraltı kabel xəttinin keçdiyi torpaq sahəsi reyestr nömrəsi **********7 olan çıxarışla İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsindən keçir. Mübahisəli torpaq sahəsinin üzərində yüksək gərginlikli elektrik xətti yerləşmir. Reyestr nömrəsi **********7, qeydiyyat nömrəsi ********** olan çıxarışla İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapır. Sənəd üzrə torpaq sahəsi hər hansı bir başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən, üzərində mülkiyyət hüquqi qeydə alınmış torpaq sahəsinin **********42 reyestr nömrəli çıxarışı və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud elektron baza məlumatlarına əsasən 20 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hal-hazırda qüvvədədir.

8. “Azəriqaz” İB-nın 29 avqust 2025-ci il tarixli, 14-2-2-12/2-750/2025 nömrəli məktubundan görünür ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsindən X11 İstismarı idarəsinin Şamaxı Xidmət Sahəsinin balansında olan aşağı təzyiqli diametri 57 mm-lik küçə qaz xətti keçir. Əlavə olaraq İddiaçı Şamaxı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Şamaxı rayon, Çuxuryurd kəndi ərazisində yerləşən 1,120047 ha torpaq sahəsinin üzərində cavabdeh təşkilatlar tərəfindən yüksək gərginlik elektrik dirəyinin, eləcədə qaz və internet xətlərinin çıxarılması və dəymiş 8.000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi ilə müraciət etmiş 2-(074)-142/2025 saylı iş üzrə məhkəmənin icraatındadır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 11 sentyabr 2025-ci il tarixli, 3-1-3-41/2-2759/2025 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən İddiaçı məxsus 0,120047 ha torpaq sahəsinə dair verilmiş 20 iyun 2008-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarış hal-hazırda qüvvədədir. İddiaçı mülkiyyətində olan sözügedən torpaq sahəsi üzərində hər hansı məhdudiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı naturada iddia etdiyi 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyətə aid torpaq sahəsidir. Elektron baza məlumatlarına əsasən iddiaçının naturada iddia etdiyi 0,12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir və torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron baza məlumatlarında öz əksini tapır. İddiaçı tərəfindən naturada iddia olunan 0,12 ha torpaq sahəsindən ümumi istifadədə olan yol keçir. Həmin yolun bir tərəfindən aşağı gərginlikli elektrik və internet xətti, digər tərəfindən yeraltı kabel və qaz xətti keçir. Həmin elektrik, internet xətti və yeraltı kabel xəttinin keçdiyi torpaq sahəsi reyestr nömrəsi **********7 olan çıxarışla İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsindən keçir. \ Torpaq sahəsinin üzərində yüksək gərginlikli elektrik xətti yerləşmir. Reyestr nömrəsi **********7, qeydiyyat nömrəsi ********** olan çıxarışla İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapır. Sənəd üzrə torpaq sahəsi hər hansı bir başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

10. Şamaxı Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(074)-48/2025 nömrəli məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-48/2025 saylı, 14 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və həmin qətnamə 10 iyun 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.

11. Şamaxı Rayon İcra Hakimiyyətinin 2 oktyabr 2025-ci il tarixli, 5-75/2-564/2025 nömrəli məktubundan görünür ki, İddiaçı iddia etdiyi, Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisində yerləşən torpaq sahəsinə göstərilmiş koordinatlar əsasında baxılmış və həmin torpaq sahəsinin digər fərdi yaşayış evlərinə gedən kənddaxili yolun bir hissəsini əhatə etdiyi məlum olmuşdur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı, 20 iyun 2008-ci il tarixli çıxarış və həmin çıxarış ilə eyni zamanda verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair AA 004053 saylı çıxarış əsasında mülkiyyətində olan 0,120047 ha torpaq sahəsini bu hüquqmüəyyənedici sənədlərə uyğun qaydada elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritəsinə daxil edilməsi və iddiaçıya müvafiq sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, 2023cü ilin iyul aylarında torpaq sahəsini satmaq istədikdə məlum olmuşdur ki, reyestr xidməti orqanında aparılan elektron qeydiyyatı (uçotu) zamanı torpaq sahəsi 0,120047 ha ölçüdə deyil, az ölçüdə qeydə alınıb və bu uyğunsuzluq alqı-satqı müqaviləsinin bağlanmasına imkan vermir. Yəni, elektron qeydiyyatı zamanı yol verilmiş səhv iddiaçının mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu təsdiq edən, cavabdehin özü tərəfindən verilmiş kağız daşıyıcısı olan sənədlərdə göstərilmiş torpaq sahəsinin ölçülərini elektron uçot xəritəsinə düzgün daxil etməməklə, yəni səhlənkarlıq və ya vəzifələrdən sui-istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 125, “İnsan Hüquqlarının və X3” haqqında Konvensiyanın 1 saylı Protokolunun 1, 6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun, 4, 6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 20-ci maddələrinə, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”nın 1.2, 5.1, 5.3, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 34.1-ci maddələrinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, MH seriyalı ******* saylı, 20 iyun 2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan **********07 reyestr nömrəli 0,120047 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 7 oktyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara (§4) istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 9-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraz dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. b) Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”

Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)

Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)

Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

35. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

36. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

37. İddiaçı tərəfin mövqeyinə görə, cavabdeh orqan tərəfindən aparılan elektron qeydiyyat zamanı iddiaçının 20 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa, həmçinin tərtib edilmiş 20 iyun 2008-ci il tarixli, AA seriyalı, 004053 nömrəli planölçü sənədinə əsasən mülkiyyətində olan torpaq sahəsi 0,120047 ha ölçüdə deyil, az ölçüdə qeydə alınmış, bu səbəbdən iddiaçının torpaq sahəsi üzərində sərəncam və digər hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır.

38. Cavabdeh tərəfin mövqeyinə görə isə, sənəd üzrə iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi faktiki olaraq ümumi istifadədə olan yolun ərazisini əhatə edir və digər vətəndaşlara məxsus torpaq sahələrinə gediş-gəlişi bağlayır.

39. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 20 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən **********07 reyestr nömrəli 0,120047 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şamaxı Rayon Ərazi İdarəsi tərəfindən plan və ölçü sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü 0,120047 ha olaraq göstərilmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçı tərəfə təqdim edilmiş müayinə aktından görünür ki, iddiaçının mülkiyyətinə verilmiş çıxarış üzrə olan ölçülər ilə elektron uçot məlumatlar barəsində qeyd edilmiş ölçülər arasında uyğunsuzluq mövcuddur.

40. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0147 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş, həmin sənəd əsasında iddiaçının torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alınmışdır. Torpaq sahəsi xüsusi mülkiyyətə, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Eyni zamanda, elektron baza məlumatlarında torpaq sahəsinin planı və ölçü sənədi öz əksini tapmışdır.

41. Bundan əlavə, mütəxəssis rəyindən müəyyən edilir ki, naturada iddia olunan torpaq sahəsindən ümumi istifadədə olan yol, bir tərəfindən aşağı gərginlikli elektrik və internet xətti, digər tərəfindən yeraltı kabel və qaz xətti keçir. Sənəd üzrə torpaq sahəsi hər hansı bir başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Qonşuluğunda yerləşən torpaq sahəsi üzərində də mülkiyyət hüquqi qeydə alınmış müvafiq çıxarış verilmişdir.

42. Həmçinin, elektron baza məlumatlarına əsasən iddiaçıya məxsus 20 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hal-hazırda da qüvvədədir.

43. Bundan başqa, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X10 X8 tərəfindən təqdim edilən məlumata əsasən mübahisə predmeti olan torpaq sahəsinin magistral yeraltı kabelinin keçdiyi əraziyə heç bir maneçiliyin olmadığı müəyyən edilmişdir.

44. Cavabdeh orqanın etiraz dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğu, mülkiyyət hüququnu təsdiq edən çıxarışın qüvvədə olduğu, həmçinin torpaq sahəsinə dair cavabdeh tərəfindən plan-ölçü sənədinin artıq bir dəfə tərtib olunduğu halda torpaq sahəsinin gedişgəliş yolu kimi istifadə olunması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

45. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırda qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(074)-48/2025 nömrəli qətnaməsi ilə X2 hazırkı iş üzrə iddiaçıya qarşı “evinə gedən yoldan maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və müəyyən edilmişdir ki, iş üzrə təqdim edilən mütəxəssis rəyinə əsasən X6 tərəfindən iddia olunan naturada mövcud olan yol iddiaçının naturada göstərdiyi və **********7 reyestr nömrəli olan çıxarışla onun mülkiyyətinə verilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,120047 ha torpaq sahəsindən keçir. Lakin DWJ məlumatlarında (torpaq islahatının nəticələrini əks etdirən xəritə) mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır.

46. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

47. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarı).

48. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(102)-420/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.

63. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.

64. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.”

49. Beləliklə məhkəmə iddiaçıya verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın halhazırkı tarixədək qüvvədə olduğu və torpaq sahəsi üzərində heç bir mübahisə halının aşkar olunmadığı üçün hesab edir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

50. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

51. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

52. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. MH seriyalı, ******* saylı, 20 iyun 2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan **********07 reyestr nömrəli 0,120047 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar