Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-144/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Xaçmaz rayonu, Ağarəhimoba kəndində yaşayan) iştirakı ilə, İddiaçının nümayəndəsi Vəkil Şəmsəddin oğlunun (“Arbitrium” Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Maddi texniki təminat idarəsinin Xilasetmə alət və avadanlıqları sektorunun müdiri, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı 03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əmrinin qanunsuz hesab edilərək əvvəlki vəzifəsinə qaytarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03.02.2020ci il tarixli 0050/ş nömrəli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, 2016-cı ilin dekabr ayının 20-dən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə taborunda mütəxəssis-mühafizəçi işləmişdir, son bir ilə yaxındır ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin mühafizə-mütəxəssisi vəzifəsində işləmişdir. Göndərişə əsasən “xxxx” ASC-nin Tədris Mərkəzində “Gərginliyi 1000V-a qədər binadaxili elektrik təchizat sistemlərinin quraşdırlınası, istismarı və təmiri” üzrə və “10/6/0,4 kV gərginlikli paylayıcı şəbəkələrinin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” üzrə təkmilləşmə kursları keçmiş, müvafiq sertifikatlar almışdır. İşlədiyi müddətdə dəfələrlə qüsursuz xidmətinə görə Fəxri Fərman, Təşəkkürnamələr almışdır. Bu vaxta qədər hər hansı inzibati tənbehə məruz qalmamışdır. 30 yanvar 2020-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri baş leytenant Vəli Vəlibəyovun göstərişi ilə məcburi narkotest müayinəsindən keçirilmişlər. Həmin testin nəticələrinə görə guya sidik analizində narkotik müəyyən edildiyindən işdən azad edilmişdir. Halbuki, o, elə həmin gün təkidlə təkrar testdən keçirilməsini xahiş etmişdir, çünki o, heç vaxt narkotiklərdən istifadə etməmişdir. Ona testin nəticələri barədə hər hansı sənəd təqdim edilmədən işdən azad olunmağı elan edilmişdir. Ondan işdən çıxmağı barədə ərizə yazmaq tələb olunsa da, ərizə yazmamışdır, lakin izahat yazmışdır. Yazdığı izahatda da göstərmişdir ki, heç vaxt narkotikdən istifadə etməmiş, narkotik aludəçisi deyil, lakin onun izahlarına məhəl qoyulmamışdır. O, bununla razılaşmamış və öz təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasına müraciət etmiş və narkoloji testdən keçmişdir. 04.02.2020-ci il tarixli laborotor cavabdan tam aydın olmuşdur ki, onun qanında hər hansı narkotik vasitənin əlamətləri aşkar edilməmişdir. Əsassız olaraq işdən aza edilməsi ilə əlaqədar İdarəyə müraciət etsə də, rəhbərliyin qəbuluna düşə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, N saylı hərbi hissə komandirinin 05.02.2020-ci il tarixli 018/ş saylı əmri ilə işdən azad edilmişdir, lakin ona hər hansı sənəd və əmək kitabçası təqdim edilməmişdir. O, işdən çıxarılması barədə əmri qanunsuz hesab edir, bu səbəbdən də həmin əmrin ləğv edilməsini və işə bərpa olunması barədə qərar çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı X6 bir işçi kimi yaxşı qiymətlənidirilmiş, onun barəsində hər hansı inzibati tənbeh və s.təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olan müvafiq təlimata əsasən 30 nəfər işçi X2 narkoloji testdən keçirilmişlər, onların qan və sidiyindən nümunələr götürülmüşdür. İşçilərdən dörd nəfərin, o cümlədən İddiaçı test nəticəsi pozitiv çıxmışdır. həmin nəticələrə görə iddiaçı işdən azad edilmişdir. İş materiallarında olan : -21.12.2016-cı il tarixli Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında öhdəlikdən görünür ki, kiçik gizir İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq etməyə, o cümlədən həqiqi hərbi xidmətdə olarkən, Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, ona tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyini öhdəlik götürmüşdür. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti 0593/Ş nömrəli əmrdən görünür ki, ehtiyatda olan əsgər İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi riskli xilasetmə və Mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçi vəzifəsinə təyin edilmişdir, SHXÇDX Xaçmaz rayon şöbəsində qeydiyyatdadır. Əsgər İddiaçı kiçik gizir hərbi rütbəsi verilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti 0770/Ş nömrəli əmrdən görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi gizir İddiaçı tutduğu vəzifədən azad edilmiş və Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssis-pirotexniki vəzifəsinə təyin edilmişdir. -“Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 30.01.2020-ci il tarixli, 138 saylı məktubundan görünür ki, İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunmuş və 4 şəxsdə o cümlədən İddiaçı narkotest “pozitiv” olmuşdur. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 03.02.2020-ci i tarixli 0050/ş nömrəli əmrin çıxarışından görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə bölüyünün İstehkam və pirotexnik taqımının mütəxəssispirotexniki gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasının 04.02.2020-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı qanında narkotik maddələr aşkar edilməmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti N saylı hərbi hissənin xaric olan sənədlərin qeydiyyatı kitabı № 37/36-36-dan görünür ki, 05.02.2020-ci il tarixli hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması haqqında əmr İddiaçı 04.03.2020-ci il tarixdə təqdim olunmuşdur. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissənin 05.02.2020-ci il tarixli 37/34-035 saylı təyinat vərəqəsindən görünür ki, gizir İddiaçı 10.02.2020-ci il tarixdə SHXÇDX Xaçmaz rayon şöbəsinə qeydiyyatda durmaq üçün getməyi əmr edilmişdir. -Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taboru (N saylı hərbi hissə) tərəfindən verilmiş 05.02.2020-ci il tarixli 018/Ş nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alaraq, 2020-ci ilin növbəti məzuniyyəti hesabına 06 fevral 2020-ci il tarixdən 3 təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 09 fevral 2020-ci il tarixdən şəxsi heyətin siyahısından silinməsi, hər növ təminatlardan çıxarılması və 12 fevral 2020-ci il tarixədək hərbi qeydiyyata durmaq üçün SHXÇDX Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xaçmaz rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, 30.01.2020-ci il tarixdə saat 15:30 radələrində narkotik maddələrin olub-olmamasını aşkar etmək üçün İddiaçı sidik analizi götürülmüşdür. Analizin cavabı “pozitiv” olmuşdur. THC(+) marixuana, AMP(+) psixotrop maddələr aşkar olunmuşdur. İş üzrə ekspert qismində dəvət edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və X3 Məhkəmə kimya şöbəsinin rəisi X7 izah etdi ki, narkotik vasitələrin onu qəbul etmiş şəxsin qan və sidiyində qalma müddəti individualdır. Bu göstərici şəxsin hansı maddədən istifadə etməsi və hər bir insanın orqanizmindən asılı olaraq ən azı 5-6 gündən başlayaraq 2 ay müddətinə qədər qala bilər. Eyni zamanda bu göstərici nümunənin hansı üsulla yoxlanılması və qan və ya sidikdən götürülməsindən asılıdır. İddiaçının barəsində aparılmış yoxlamalar eyni üsulla, yəni GC-MS cihaz ilə yoxlanılmış, Cannabis, THC-COOH və THC-OHH maddələri yoxlanılmışdır ki, bunlar ana maddələr hesab edilir, çətənə bitkisindən hazırlanılr və narkotik maddələr hesab edilir. Epizodik istifadə olunduqda sidikdə 29 gün ərizndə, davamlı isitifadə zamanı isə 2 aydan çox qala bilir. Narkotesterdən istifadə olunanda 100%-lik nəticə vermir. Sadəcə isitiqamətverici rol oynayır. Məsələn, baş ağrısı üçün istifadə edilən “Solpadein” bağrıkəsici dərmanın istifadəsi zamanı da narkotestin cavabı yanlış çıxa bilər. Çünki tərkibində morfi maddəsi mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını, ekspertin fikrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Hərbi vəzifə və hərbi xidmət» haqqında Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Əsasnamənin 162-ci maddəsinə görə hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 163-cü maddəyə görə ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, A0zərbaycan Respublikası Cavabdeh Əlahiddə xüsusi riskli xilasetməvə mühafizə taborunun (N saylı hərbi hissə) Xüsusi Riskli xilasetmə bölüyünün istehkam və pirotexnik tağımının mütəxəssis pirotexniki gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) əsas götürülərək həqiqi xərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ilə fərdi söhbət aparılması barədə iş materiallarına iki ədəd söhbət vərəqi əlavə olunsa da, həmin söhbət vərəqlərinin arasında cəmi 3 gün müddət verilmişdir. Söhbət vərəqləri iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Əsasnamənin 163-cü maddəsi pozularaq iddiaçı buraxılmazdan əvvəl onun barəsində hərbi-həkim komissiyasının rəyi alınmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bir sıra pozuntularla həyata keçirilmişdir. Bundan başqa yuxarıda göstərilən əmrdə “əmrin verilməsi üçün əsas” bəndində Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetməvə mühafizə taborunun (N saylı hərbi hissə) komandiri baş leytenan Vəli Vəlibəyovun 30 yanvar 2020-ci il tarixli 37/37-023 N-li məktubu,təqdimatı və “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X15 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubu göstərilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istinad olunan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası”nın 30 yanvar 2020-ci il tarixli 138 nömrəli məktubunda sadəcə 4 nəfərin, o cümlədən İddiaçı Xaçmaz RMX-nın həkim-narkoloqu tərəfindən müayinə olunması və onlarda narkotestlərin pozitiv olması qeyd edilmişdir. Həmin məktubda nümunələrin qan və ya sidikdən götürülməsi, yoxlamanın hansı cihazla aparılması, məhz hansı narkotik maddələrin aşkar edilməsi, hətta yoxlamanı aparan və rəy verən həkimin adı və soyadı belə göstərilməmişdir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəməballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər. Məhkəmə araşdırma zamanı dindirilən ekspert M.Allahverdiyevanın şərhini nəzərə alaraq hesab edir ki, 30.01.2020-ci il tarixdə İddiaçı verdiyi narkotestin cavabının “pozitiv” çıxması ilə onun 04.02.2020-ci il tarixdə, yəni 5 gündən sonra qandan verdiyi analizlərin cavabının “neqativ” çıxması üst-üstə düşmür və ağlabatan deyildir. Cəmi 5 gündən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyası tərəfindən aparılmış qan və sidik nümunələrinin ətraflı yoxlaması zamanı bütün göstəricilərin neqativ çıxması Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 30.01.2020-ci il tarixli məktubunun mötəbərliyini təkzib edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş 03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmr ləğv edilməli və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş 03.02.2020-ci il tarixli 0050/ş nömrəli əmr ləğv edilsin və onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-144/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-144/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver