Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1442/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu X18 2 saylı Regional Ərazi Filialına qarşı “iddiaçının 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999- 01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksində (Sumqayıt şəhəri, Sülh prospekti 70), inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1964-cü ildə, Quba rayonunun Qələdüz kəndində anadan olmuşdur. 1982-ci ilin aprel ayından əmək fəaliyyətinə başlamış, 1984-cü ilin sentyabr ayından ailə qurduğu üçün işdən çıxmışdır. 01.08.1997-ci il tarixdən Quba rayonu, Qımıl kənd orta məktəbdə işləməyə başlamış və hal-hazırda həmin məktəbdə işləyir. 1999-cu ilin mart ayında oğlu anadan olmuş, buna görə həmin ilin fevral ayından analıq məzuniyyətinə çıxmışdır. 2002-ci ilin aprel ayından uşağının 3 yaşı olduğu üçün analıq məzuniyyəti bitdiyindən yenidən iş yerinə qayıtmışdır. Beş uşağı olduğu üçün qanunvericiliyə uyğun olaraq 57 yaşından pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 2 saylı Regional Ərazi Filialından verilən 04 iyun 2021-ci il tarixli, **********8 saylı arayışda qeyd olunmuşdur ki, ona pensiya təyin olunması üçün 25 illik sığorta stajı olmadığına görə, 1999-cu ilin fevral ayından 2002-ci ilin aprel ayına kimi analıq məzuniyyətində olduğu müddətdə əmək haqqı almadığından qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmamışdır. Bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 25 il olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, onun 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxəslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 01 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub oları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 04.06.2021-ci il tarixli məktubla iddiaçıya 25 il sosial sığorta stajı olmadığı üçün imtina verilmmişdir. Belə ki, iddiaçı 05.04.1982-ci il tarixdən 1984-cü il tarixədək N.Nərimanov adına sovxozda işlədiyini iddia edir. Lakin bu fakt əmək kitabçası ilə öz təsdiqini tapmır. Bu fakt Milli Arxiv İdarəsi X14 rayon Filialı tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Bundan başqa iddiaçı 1997-ci il tarixdən halhazıradək Qımıl kənd orta məktəbində xadimə işləyir. Lakin Quba rayon İHB Küpça kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən iddiaçının 01.02.1999 – 01.04.2002-ci illər üzrə əmək haqqı almadığı qeyd edilir. Bundan əlavə iddiaçı təqdim etdiyi arayışa əsasən 19.03.1999-cu il tarixdə övladı olduğu üçün analıq məzuniyyətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsində “məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” qeyd olunmuşdur. Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, Əmək Məcəlləsinin 127ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan mərum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Bu qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 05 aprel 1982-ci il tarixdə N.Nərimanov adına sovxozda fəhlə olaraq işə qəbul edilmiş, 12 iyul 1984-cü il tarixdə fəhləlikdən azad edilmişdir ki, bu da iş materiallarında olan arxiv arayışı ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə Quba rayonunun Qələdüz kəndində anadan olmuş, hazırda Quba rayonunun Qımıl kəndində qeydiyyatdadır. İşdə olan Quba rayon İcra Hakimiyyəti başçısının Küpçal İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 211 nömrəli, 19.04.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı həqiqətən də Quba rayonunun Qımıl kəndində yaşayır, Qımıl kənd TOM-da xadimə işləyir və 5 övladı var (X4, X5, X6, X8 və X9. Övladlarını özü doğmuş və səkkiz yaşına kimi böyüdüb özü tərbiyə etmişdir). Quba rayon İcra Hakimiyyəti başçısının Küpçal İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 258 nömrəli, 25.05.2021-ci il tarixli arayışına əsasən X10 02 yanvar 1989-cu ildə Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. 29.02.2000-ci ildə Oktay X1 övladlığa verilmiş və həmin tarixdən Əmirxanov Soyadı daşıyır. Oktay Həsənovu övladlığa verilən tarixə qədər valideynləri - atası X11 və anası İddiaçı böyüdüb boya başa çatdırmışdır. İşdə olan İ-ЖГ № 280647 nömrəli övladlığa götürmə haqqında şəhadətnamə də bu həmin halı təsdiq edir. Cavabdeh tərəfindən 04.06.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubuna əsasən iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması qeyd olunmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 00170285 nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı 01.08.1997-ci il tarixdə, 25 nömrəli əmrlə Qımıl kənd orta məktəbinə xadimə işinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət X7 29.12.2008-ci il tarixli, 1848 nömrəli arayışı ilə iddiaçının Quba rayonu, N.Nərimanov adına sovxozda işlədiyi müddətdə (1982-ci ilin aprel ayından 1984-cü ilin avqust ayı) qazandığı əmək haqları həmin arxivin direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. Dövlət X7 eyni tarixli arayışına əsasən iddiaçı 05.04.1982ci il tarixli, 75 saylı əmrlə Quba rayonu N.Nərimanov adına sovxozun 2 nömrəli briqadasına fəhlə qəbul edilmiş, həmin sovxozun 12 iyul 1984-cü il tarixli, 234 saylı əmri ilə fəhləlikdən azad edilmişdir. İş materiallarına, həmçinin, Quba rayon İcra Hakimiyyəti başçısının Küpçal İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 260 nömrəli, 26.05.2021-ci il tarixli arayışı ilə təsdiq edilmiş iddiaçının Qımıl kənd orta məktəbində xadimə işlədiyi müddətdə - 1997-2015-ci illərdə əmək haqqı cədvəli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Quba rayon Təhsil şöbəsinin 267 nömrəli, 04.06.2021-ci il tarixli arayışı ilə təsdiqlənmiş iddiaçının 2016-2021ci il tarixlərdə mövcud olmuş əmək haqqı cədvəli (vergi və məcburi sosial ödənişlər daxil olmaqla), iddiaçının övladlarına məxsus doğum haqqında şəhadətnamələrin surəti də əlavə edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslı iddiadır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsini cavabdeh inzibati orqandan xahiş etmiş, lakin cavabdeh iddiaçının 25 il sığorta stajı olmadığına görə təmin olunmasından imtina etmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının 05.04.1982-ci il tarixdən 1984-cü il tarixədək N.Nərimanov adına sovxozda işlədiyinin təsdiq edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Dövlət X7 1848 saylı, 29.12.2008-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, o, həqiqətən də də 1982-ci ilin aprel ayından 1984-cü ilin avqust ayına kimi Quba rayonu Nərimanov adına sovxozda işləmiş və bununla bağlı qazandığı əmək haqları müvafiq cədvəldə əks olunaraq arxivin imzası və möhürü ilə təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya qeyd olunan qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin və 62,5 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək stajı ümumilikdə 25 ildən çox təşkil edir. Belə ki, onun 1997-ci ildən 2020-ci il tarixə qədər işlədiyi dövrdə əmək haqqısı iş materiallarında olan cədvəllə öz təsdiqini tapmışdır. İddiaçıya 01.02.1999- 01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrdə əmək haqqı hesablanmaması həmin illərin onun əmək stajına daxil edilməməsi anlamına gələ bilməz. Bununla da, qeyd etmək olar ki, iddiaçı beş uşağı doğub onları səkkiz yaşına qədər tərbiyə etdiyinə görə ona pensiya hüququnun yarandığı 17.03.2021-ci il tarixdən (57 yaş) yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrü sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999- 01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrü sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1442/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1442/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver