Məhkəmə qərarları › İş №2-1(118)-1443/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1443/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1443/2022 25.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdehin üzərinə onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin qoyulması tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia qaldıraraq cavabdehin üzərinə onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəfindən "xxxx" ASC ilə bağlanmış 07 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərtilə illik 27 faizlə 9500 ABŞ dolları məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə bağlanmış 8 dekabr 2015-ci il sazişə əsasən 07 aprel 2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi restruktizasiya olunaraq, kredit müqaviləsinin 2.1-ci bəndində dəyişiklik edilərək, kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləği əsas borcundan qalan 8.367, 98 ABŞ dolları, faiz borcundan 382,84 ABŞ dolları və cərimə borcundan 49,88 ABŞ dolları olmaqla cəmi 8.800,70 ABŞ dolları məbləğində kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 6.10-cu bəndində dəyişiklik edilərək kreditin müddəti 12 ay uzadılmışdır və kreditin ümumi məbləği 9.932,72 ABŞ dolları, kredit müqaviləsinin ümumi müddəti 48 ay təşkil edilmişdir. Verilmiş kreditin təminatı olaraq bank ilə X5, X6 və iddiaçı arasında 07 aprel 2015-ci il tarixli 4 tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda verilmiş kreditin təminatı olaraq bank ilə iddiaçı və X9 arasında 08 dekabr 2015-ci iltarixli 3 tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(060)- 14844/2016 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddiaçı "xxxx" ASC-nin cavabdeh X3, X8, X4 və iddiaçıya qarşı kredit borc tələbi təmin edilərək, onunla "xxxx" ASC arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 00/12697/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2, X7, X1 və iddiaçıdan müştərək qaydada 07 aprel 2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi üzrə yaranmış 7.877,36 ABŞ dolları məbləğində əsas borc, 1.581,74 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 9.459.10 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli, 2(102)-38/17 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cıı il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada İsə l7 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizaşiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasım təklif etsinlər. Tərəfindən cavabdeh orqana müraciət edilsə də imtina edilmişdir. Həmin imtina məktubu iddia ərizəsinə əlavə olunmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş və məhkəmə iclasında onun tələbi ayadınlaşdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi cavabdeh tərəfindən onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsasını "xxxx" ASC ilə bağladığı müqavilə üzrə qalıq borcun restrukturizasiyası təşkil edir. Müqavilə öhdəliklərindən irəli gələn münasibətlərə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. İnzibati icraat şəxslərlə inzibati orqanlar və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı inzibati hüquq münasibətlərindən yaranan münasibətləri tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda həmin qərarın 6.2-ci maddəsində qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdehin üzərinə onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar