Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1446/2022 31.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehə müraciət etdiyi tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1982-ci ildə anadan olmuşdur. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə isə Azərbaycan Ali hərbi məktəbi bitirmişdir. Kapitan hərbi rütbəsində xidmət etmişdir. 03 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyasının 804 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı" hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0527 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə müvafiq olaraq xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət keçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətən ehtiyata buraxılmışdır. Hal-hazırda evlidir və həyat yoldaşı, iki övladı ilə bərabər kirayə mənzildə yaşayır. Onun və həyat yoldaşının adında heç bir daşınmaz əmlak və torpaq sahəsi yoxdur. Ehtiyata buraxıldıqdan sonra “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası ilə ona verilmiş hüquqdan istifadə edərək mənzil və ya torpaq sahəsinin ayrılması, mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli 58 nömrəli Sərəncamı ilə o 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsa da, qanunsuz və əsassız olaraq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Halbuki adını qeyd etdiyi Qanunun 12-ci maddəsinin 2ci hissəsinin 1-ci abzası və 4-cü abzaslarında ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin olunma barədə, habelə buna qədər müvəqqəti mənzil kirayəsi xərclərinin qarşılanması barədə hüquqlarının olması öz əksini tapmışdır. Mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli Ə-37/2-068/2 nömrəli məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti ona 2-ci qrup (hərbi xidmət vəzifələrini yerinə yetirərkən) əlil kimi mənzil uçotuna alındığını əsas gətirərək qanunvericiliyin tələbinə görə ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsindən imtina etməsi qanunvericiliklə nəzərdə tutulmuş hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ölkənin digər rayon və şəhərlərində onunla eyni qaydada ehtiyata buraxılmış və müraciət etmiş əksər zabitlərin şəhər icra hakimiyyətləri tərəfindən müvəqqəti mənzil kirayəsi xərcləri qarşılanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarı ilə müəyyən edilmişdir ki, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Qeyd edir ki, cavabdehin imtinası əsassızdır və cavabdeh tərəfindən imtina edilərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991ci il tarixli 36 nömrəli Qanununun 12-ci maddəsi düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, ehtiyatda olan kapitan İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixə qədər AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2009-cu il tarixdə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. xx.xx.2009-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində ona xx.xx.2013-cü il tarixdə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Ərizəçi imtiyazı əsasında xx.xx.2022-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı tərəfindən şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətdə (d.o Ə-37/2-068/2, xx.xx.2022-ci il) ehtiyata buraxıldığını bildirərək, ona mənzil kirayə xərcinin ödənilməsini xahiş etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. "Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Ərizəçiyə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, o hərbi xidmət vəzifələrini yerinə yetirərəkən alınmış xəstəliyə görə 2-ci qrup əlil kimi mənzil uçotuna alındığından qanunvericiliyin tələbinə görə ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi şamil edilmir. Bu barədə İddiaçı tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş d.o Ə-37/2-068/2, xx.xx.2022-ci il tarixli müraciətə imtina cavabı verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus ZE ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 1999-cu ildə C.Naxçıvanski adına Hərbi Liseyi, 2003-cü ildə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, xx.xx.1999-cu ildən hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0527 nömrəli, xx.xx.2009-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 58 saylı, 14 fevral 2022-cı il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və onun ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ona mənzil kirayə xərcinin ödənilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçı ilə Hüseynova Qəndaf Şirin qızı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, Hüseynova Qəndaf Şirin qızı ünvan 1 ünvanında yerləşən mənzili iddiaçıya kirayəyə vermişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 804 nömrəli, 03 sentyabr 2009-cu il tarixli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, İddiaçı “Sülh dövründə Hərbi Xidmətə yararsız, Müharibə dövründə Məhdud Yaralı” hesab edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.1999-cu ildən hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0527 nömrəli, xx.xx.2009-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 58 saylı, 14 fevral 2022-cı il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın həmin məktubunda imtinanın əsası kimi İddiaçı 2-ci qrup (hərbi xidmət vəzifələrini yerinə yetirərkən) əlil kimi mənzil uçotuna alındığından ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin şamil edilmədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtiası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən hüquq normalarının mənasından göründüyü kimi qanunverici mənzil kirayə xərclərinin ödənilməsini nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, xəstəliyə görə ehtiyata buraxılmış şəxslərə də mənzil kirayə xərclərinin verilməsi ilə bağlı hər hansı məhduddiyyətlər nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1446/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1446/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver