Məhkəmə qərarları › İş №2-1(118)-1447/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1447/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1447/2021 21.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı **********855900 saylı, 18 iyun 2020-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq 01.05.2021-ci il tarixli **********754300 nömrəli məktubda olan qərarı ləğv edib, 4825,17 manat hesablanmış borcun sıfırlanmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək **********855900 saylı, 18 iyun 2020-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bu ilin yanvar ayında Sumqayıt Kommersiya Məhkəməsindən ona bildiriş gələndə məlum olmuşdur ki, guya onun manatı dollara dəyişməsi ilə əlaqədar vergi borcu yaranmışdır. Ona bununla bağlı heç bir məlumat vermədən VÖEN açılmışdır. Guya ki, yaranan vergi borcunun ödənilməsi barədə 2 bildiriş göndərilib, lakin tərəfindən heç bir bildiriş alınmamışdır. Konvertasiya apardığı məbləğ ailə büdcəsinin məhsuludur. O uzun illər Sumqayıt şəhərində həkim vəzifəsində işləyir. Övladlarının xaricdə təhsili üçün uzun illərdir ailə büdcəsinə qənaət edərək pul tədarükü etmişdir. Həyat yoldaşı uzun illər işləmiş, kifayət qədər əmək haqqı almış, qaynanası və ötən ildə 24.12.2020 tarixdə dünyasını dəyişən qaynatası da onlarla birgə yaşamış və təqaüdlərindən övladlarının təhsili üçün hər ay pul ayırmışlar. Həmçinin övladlarının Moskva şəhərində yaşayan əmisi də hər dəfə Azərbaycana gələndə onlara pul vermişdir. Beləliklə, o, 2020-ci ilin mart ayında topladıqları 30000 manat pulu rəsmi olaraq bankda dollara dəyişmişdir. Bu səbəbdən 2 saylı Ərazi Baş Vergilər İdarəsi onu Kommersiya Məhkəməsinə VÖEN açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmişdir. O, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Ona yazılan 4825.17 manat hesablanmış vergi borcunu əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı İsmayil qızının (VÖEN: **********) 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 4210,45 manat gəlir vergisi hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən İddiaçı tərəfindən 11.03.2020-ci il tarixdə 30074,63 məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 16250,00 dollar məbləğində xarici valyuta əldə edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 01.04.2020-ci il tarixli **********541400 nömrəli vergi orqanına dəvət məktubu və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 04.06.2020-ci il tarixli **********971500 nömrəli məktub göndərilmiş, lakin fiziki şəxs tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 4210,45 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18.06.2020-ci il tarixli **********855900 nömrəli Qərarı göndərilmişdir. Vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 22.02.2021-ci il tarixli (AVİS qeydiyyatı: 22.02.2021-ci il tarixli **********273200 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən 01 may 2021-ci il tarixli **********754300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, fərdi sahibkar şikayətində valyuta mübadiləsi əməliyyatı aparılmış pul vəsaitinin mənbəyinin özünün və ailə üzvlərinin əmək haqları məbləğlərindən ibarət olduğunu bildirməsinə baxmayaraq, gəlirin mənbəyini təsdiq edən sənədlər inzibati araşdırmaya tam təqdim edilməmişdir. Fərdi sahibkar ilə telefon əlaqəsi saxlanılmasına çalışılmış, lakin uçot baza məlumatlarında vergi ödəyicisinə məxsus hər hansı telefon nömrəsinə rast gəlinməmişdir. Əlavə araşdırma zamanı fərdi sahibkarın Sumqayıt şəhər Səhiyyə Şöbəsində QSC-də (VÖEN **********) həkim işləməsi, aylıq əmək haqqının 406,0 manat olması, həyat yoldaşı X2 hüquqi qüvvəyə minmiş əmək müqaviləsi bağlamadığı, qaynanası X4 təqaüdçü olduğu, aylıq təqaüd məbləğinin 337,48 manat olması müəyyən edilmiş, həmçinin dünyasını dəyişmiş qaynatası X1 2019-cu və 2020-ci illər üzrə aylıq əmək haqqı (təqaüd) məbləğini müəyyən etmək mümkün olmamışdır. Belə ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununla da konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq şikayətin təmin edilməməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********855900 saylı, 18 iyun 2020-ci il tarixli qərarından görünür İddiaçı 2019-cu il üzrə gəlir vergisinə görə 4210,45 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış məbləğin azaldılmasına dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********754300 saylı, 01 may 2021-ci il tarixli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 22.02.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyun 2020-ci il tarixli, **********855900 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı tərəfindən 30000 manat pul vəsaitinin ABŞ dollarına mübadilə edilməsi aşkar edildikdən sonra vergi orqanı tərəfindən bununla bağlı kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq **********855900 saylı, 18 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilməklə iddiaçıya 4210,45 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin hesablama ilə razılaşmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş və sonuncunun **********754300 saylı, 01 may 2021-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarda şikayətin təmin edilməməsinin əsası olaraq göstərilmişdir ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras, satış və.s) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununlada konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəliri olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının hesablamaya və inzibati şikayətin təmin edilməməsinə əsas olaraq gətirdiyi dəlillər əsassızdır və mübahisələndirilən inzibati aktın hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən aşağıdakı nəticələr əldə edilir: - Vergi ödəyicisi tərəfindən xarici valyuta ilə hər hansı malın təqdim edildiyi (işlərin görüldüyü, xidmətlərin göstərildiyi) günlə malın, işin və xidmətin dəyərinin ödənildiyi gün arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin xarici valyutada debitor ve kreditor borclarının yarandığı (və ya ilin əvvəlinə olan) tarixlə ilin sonuna olan tarix arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin kassa və ya bank hesabında xarici valyutada olan pul vəsaiti üzrə ilin əvvəlinə olan məzənnə ilə ilin sonuna olan məzənnə arasında yaranan müsbət fərq vergi ödəyicisinin gəliri hesab edilir. - Məzənnə fərqi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanır. - Yuxarıda qeyd olunan müsbət məzənnə fərqi satışdankənar gəlir hesab edilməklə vergi ödəyicisinin seçdiyi vergi növünə uyğun olaraq vergiyə cəlb edilir. Göstərilənlərdən eyni zamanda aydın olur ki, valyuta dəyişmə əməliyyatı o halda vergitutulan əməliyyat hesab edilir ki, həmin əməliyyat nəticəsində müsbət məzənnə fərqi yaranmış olsun. Bu zaman əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən gəlir qismində vergi ödəyicisinin seçimindən asılı olaraq sadələşdirilmiş vergi, ƏDV və ya gəlir (mənfəət) vergisinə cəlb edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2019-cu ildə aparılıb və 2016-cı ilin sonlarından hal-hazıradək Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1(bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər olmuşdur. X10 Heyəti tərəfindən 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. 21 dekabr 2015-ci il tarixindən sonra 1(bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2019-cu ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2019-cu ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə iddiaçının pul vəsaitinin konvertasiyası əməliyyatından gəlir əldə etməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda cavabdeh vergi orqanının konvertasiya edilmiş pul vəsaitinin mənbəyinin və ya əvvəllər vergiyə cəlb olunmuş olmasının iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə valyuta dəyişmə əməliyyatına məruz qalmış pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri olduğunu və ya valyuta dəyişmə əməliyyatı nəticəsində gəlir əldə etdiyini sübut etməlidir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi iddiaçı tərəfindən 2019-cu ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi və ya həmin pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin məhkəmə qeyd edir ki, hesablamaya əsas olmuş valyuta dəyişmə əməliyyatı 2020-ci ilin mart ayında həyata keçirildiyi halda, vergi orqanı mübahisələndirilən inzibati akta əsasən gəlir vergisi üzrə əlavə vergi məbləğini 2019-cu ilə hesablamış və bu uyğunsuzluğu məhkəmə baxışı zamanı əsaslandıra bilməmiş, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş **********855900 saylı, 18 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş **********855900 saylı, 18 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar