Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-145/2022 15.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 290,75 kv.m ibarət olan ticarət obyektinin üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ölçüsü 102.9 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi; eyni qurum tərəfindən verilmiş xx.xx.2020-ci tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ölçüsü 35.6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi; Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001144 saylı, xx.xx.2006-ci il tarixli şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən, ölçüsü 45.5 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi; eyni qurum tərəfindən verilmiş 000080 saylı, 29.1.2.2005-cı il tarixli şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yeriəşən, ölçüsü 19.6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi hal-hazırda xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmçinin, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2008-ci il tarixli, 398 saylı sərəncamı ilə Xaçmaz şəhər sakini İddiaçı ünvan 8 ünvanında olan 5 mərtəbəli yaşayış evinin İ mərtəbəsində yerləşən, özünə məxsus ticarət obyektinin ön və arxa hissəsindəki 58 kv.m torpaq sahəsi fərdi ticarət obyekti məqsədilə ayrılmış və orada tikinti aparılmasına icazə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən, həmin sahədə də ticarət fəaliyyəti göstərilməsi üçün qismən tikinti aparılmışdır. Daha sonra iddiaçı tərəfindən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi tələbinə dair xx.xx.2020-ci i tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə nümayəndəsi vasitəsilə cavabdeh təşkilata müraciət edilmişdir. Cavabdeh tərəfindən həmin ərizəyə verilmiş xx.xx.2020-cı il tarixli, **********23 saylı cavab məktubunda bildirilmişdir ki, “Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin daxilində dəyişikliklər edilmişdir. Belə ki, obyektin daxilində kapital divarların bir hissəsi sökülmüşdür və əlavə arakəsmə divarları inşa edilmişdir. Nəticədə obyektin faktiki ümumi sahəsi artmışdır. Nəzərinizə çatdırırıq ki, göstərilən yenidənqurma işlərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarınızın dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır.” Həmin cavab məktubunda onun tələbindən hansı əsaslarla imtina edilməsi barədə heç bir dəqiq qeyd yoxdur. Məktubda göstərilənlərin əksinə qeyri-yaşayış sahələrində onun tərəfindən hər hansı dəyişiklik işləri aparılmamış, kapital divarlara ümumiyyətlə toxunulmamışdır.Bununla bağlı cavabdehə də təqdim edilmiş bütün hüquqmüəyyənedici sənədlər iddia ərizəsinə əlavə olunur. Bundan sonra iddiaçı tərəfindən yenidən cavabdeh təşkilata ərizə ilə müraciət edilmiş, hazırki iddia tələblərinin təmin edilməsi cavabdehdən tələb olunmuşdur. Lakin nədənsə həmin məktuba cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. O da qeyd edilməlidir ki, hələ xx.xx.2008-ci ildə Xaçmaz rayonunun baş memarının və aidiyyəti qurumlarının rəhbərlərindən və nümayəndələrindən ibarət tərkibdə komissiya həmin qeyri-yaşayış sahəsinə yerində baxış keçirmiş, komissiya üzvlərinin müsbət rəyindən sonra torpaq sahəsinin fərdi ticarət obyekti məqsədilə ayrılmasını və orada tikinti aparılmasına icazə verilməsini qanunauyğun hesab etmişdir. Bütün bu göstərilənlər də onun müraciətinin haqlı və qanuni olduğunu təsdiq edir. Beləliklə iddiaçı hesab edir ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2008-ci il tarixli, 398 saylı sərəncamı ilə ona verilmiş Xaçmaz şəhəri, N.Nərimanov küşəsi, 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun hazırlanması, həmçinin eyni ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinə dair vahid çıxarışın verilməsi barədə hazırkı iddia tələbi tamamilə haqlıdır və təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 66-a ünvanında yerləşən ümumi sahəsi 290,75 kv.m ibarət olan ticarət obyektinin üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 şəhəri, N. Nərimanov küçəsi, 66A ünvanda yerləşən qeyri yaşayış-sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş qeyri-yaşayış sahəsinin qarşısında 18.7 kv.metr hissəsi artırılmış və bununla əlaqədar Xaçmaz Rİ xx.xx.2008-ci il tarixli 398 nömrəli sərəncamı, eskiz layihə, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktı təqdim edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış sahəsinin daxilində dəyişikliklər edilmişdir. Belə ki, obyektin daxilində kapital divarların bir hissəsi sökülmüşdür və əlavə arakəsmə divarlar inşa edilmişdir. Nəticədə obyektin faktiki ümumi sahəsi artmışdır. Nəzərinizə çatdırırıq ki, göstərilən yenidənqurma işlərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2020-ci il tarixli, **********23 nömrəli məktubla imtina olunmuşdur.Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanı 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh bildirir ki, İddiaçı həmin daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə yenidən müraciət etmişdir. Ərizəyə xx.xx.2021-ci il tarixli **********66 nömrəli məktubla cavab olaraq həmin müraciət Xaçmaz Rayon İcra Hakimiyyətinə ünvanlanaraq bildirilmişdir ki, “Vətəndaş İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli müraciət ərizəsi aidiyyatı üzrə baxılması üçün Sizə göndərilir. Bildiririk ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş tərəfindən qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılmışdır və bununla bağlı müvafiq icra hakimiyyəti orqanının sənədləri təqdim edilməmişdir. ”Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirik. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icalsında iştrak edən cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi haqqında qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2020-ci il tarixli, **********23 nömrəli imtina məktubu, etirazı, İddiaçı adına DƏDRXnin Xaçmaz rayon Ərazi İdarəsindən ümumi sahəsi 102,9 və 35,6 kv.m olan qeyri yaşayış sahələrinə aid mülkiyyət hüququna dair çıxarışların surəti, İddiaçı adına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin ümumi sahəsi 45,5 və 19,6 kv.m olan qeyri yaşayış sahələrinə aid olan mülkiyyət hüququna dair şəhadətnamələrin surətləri, İddiaçı mülkiyyyətində olan qeyri-yaşayış obyektlərinin genişləndirilməsi məqsədi ilə 58 kv.m torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına dair icazə barədə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2008-ci il tarixli 398 saylı sərəncamından çıxarış,Tikinti işləri yekunlaşdıqdan sonra ümumi sahəsi 290,5 kv.m qeyri yaşayış sahəsinin istismara qəbul edilməsi haqqında aktın notarial qaydada təstiq edilmiş surəti, ümumi sahəsi 290,5 kv. m olan ticarət obyektinin rayon icra hakimiyyətinin memarlıq şöbəsi ilə razılaşdırılmış eskiz lahiyəsinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun qeyd olunan tikililərə mülkiyyət hüququ təstiq edən sənədlərin və həmin tikililərin artırılması haqqında Xaçmaz rayon İcra Hakimiyyəti başçısının sərəncamının verildiyi tarixdən yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahələri DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********23 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.3- daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, 8.0.9.2-Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2005-ci ildə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 19,6 kv.m olan qeyri yaşayış sahəsini, xx.xx.2006-cı ildə ümumi sahəsi 45,5 kv.m olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən satın alaraq mülkiyyət hüququna dair müvafiq şəhadətnamə almış, başqa şəxslərdən həmiin yaşayış binasının altında yerləşən ümumi sahəsi 102.9 və 35.6 kv.m olan qeyri yaşayış sahəsini alaraq həmin qeyri-yaşayış sahələrinə dair DƏDRX-ən mülkiyyət hüququna dair çıxarış almışdır. Sonradan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2008-ci il tarixli 398 saylı sərəncamı ilə əlavə ayrılmış 58 kv.m torpaq sahəsində tikinti işləri apararaq mülkiyyətində olan 4 qeyri-yaşayış sahələrində rekonstruksiya işləri həyata keçirmişdir. Nəticə etibarında 4 qeyri yaşayış sahələri vahid qeyri yaşayış sahəsinə çevrilmiş və həmin qeyri yaşayış sahəsinin ümumi sahəsi 290.75 kv.m təşkil etmişdir. Qeyd olunan qeyri yaşayış sahəsi Xaçmaz rayon İcra Hakimiyyətinin qəbul komissiyasının aktı ilə istismara qəbul edilmişdir. Qeyri yaşayış obyektinin ümumi sahəsinin genişləndirilməsi məhkəmə tərəfindən təyin edilmiş tikinti texniki ekspertizasının 20 iyun 2022-ci il tarixli rəyində də öz əksini tapmışdır. Cavabdeh təşkilat qeyri yaşayış obyektlərində yenidənqurma işlərinin aparılmasını əsas gətirərək iddiaçının qeyd olunan qeyri-yaşayış sahələrinə vahid çıxarışın verilməsi haqqında müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mülkiyyətində olan qeyri-yaşayış obyetlərinin genişləndirilməsi qanuni şəkildə, yəni Xaçmaz rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həyata keçirilib və müvafiq qaydada rayon icra hakimiyyətinin qəbul komissiyası tərəfindən istismara qəbul edilib. Yəni verilmiş qəbul aktı həmin əmlakın istsimara dayanıqlığı, rayon icra hakimiyyətinin memarlıq şöbəsinin təstiqlədiyi eskiz lahiyəsi isə obyektin Xaçmaz şəhərin memarlıq üslubuna xələl gətirilməməsinə dəlalət edir. Belə ki, Memarlıq və Tikinti şöbəsi tərəfindən rəyin verilməsində məqsəd inşa ediləcək tikilinin şəhərin memarlıq üslübuna və estetik görünüşünə xələl gətirilməməsinə nəzarət xarakteri daşıyır. Göründüyü kimi ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 290,75 kv.m olan qeyri-yaşayış sahəsi Xaçmaz Rayon İcra Hakimiyyətinin maraqlarına toxunmur. Nəzərə alınmalıdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb edilir. Qeyd olunan əlavə tikiliyə və rekonstruksiya işlərinə icazə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında verilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, artıq tikililərin və qanunsuz rekonstruksiya işlərinin həyata keçirilməsinin qarşının alınması üçün nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mərhum ərinin adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz şəhəri N.Nərimanov küçəsi 66-a ünvanında yerləşən ümumi sahəsi 290,75 kv.m ibarət olan ticarət obyektinin üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin ticarət obyektinin üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-145/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-145/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver