Məhkəmə qərarları › İş №2-1(118)-145/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-145/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-145/2025 10.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0787 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0787 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsinixahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2023-cü il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-M-0017-8/2023 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edərkən əsas olaraq göstərmişdir: "Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin 06,11.2007-ci il tarixli, 22 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2013-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir." Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi yuxarıda sadalananları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutaraq, ərizəmin icrasından imtina etmişdir. İddia ərizəsinin məzmunu, dəlilləri və hüquqi əsasları:

1. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmişdir' hissəsinə münasibətdə: İnzibati orqanın daşınmaz əmlak üzərində hüququ dövlət reyestrində qeydiyyata almaqdan imtinasının birinci əsası Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2013-cü il tarixdə verilməsidir. Bununla əlaqədar qeyd edir ki, inzibati orqana təqdim edilmiş Abşeron rayonu X3 xx.xx.2007-ci il tarixli, 22 saylı qərarından görünür ki, bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması, satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 800 manat dəyərini Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır (surəti əlavə olunur). "xxxx" ASC-nin verdiyi xx.xx.2008-ci il tarixli, 412 saylı qəbzdən görünür ki, vətəndaş Qobu bələdiyyəsinin hesabına 800 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir (surəti əlavə olunur). Üstəlik müvafiq bələdiyyə qərarı həqiqiliyi və qanuniliyi mübahisə doğurmur. Faktiki olaraq Abşeron rayon arxiv sənədlərində də sözügedən qərarın, alqı-satqı aktı və digər zəruri sənədlərinin surəti mövcuddur. Bundan başqa inzibati orqana təqdim edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsi ilə aramızda bağlanmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu X3 xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə mənə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması və tərəfimdən həmin torpaq sahəsinə görə Qobu bələdiyyəsinin hesabına 800 manat məbləğində ödəniş edilməsi imza və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 790 saylı rəyindən görünür ki, fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir (surəti əlavə olunur). Sadalananlardan göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi - bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin xüsusi hesabına köçürmüş və eyni zamanda ərizə ilə Qobu bələdiyyəsinə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Qobu bələdiyyəsi də öz növbəsində vətəndaşa göstərilən məqsədlə 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Sənədlərdən göründüyü kimi Qobu bələdiyyəsinin müvafiq aktı - xx.xx.2007-ci il tarixli qərarı başqa şəxslər tərəfindən, həmçinin DƏDRX-nin özü tərəfindən mübahisələndirilməmişdir. Belə olduğu halda həmin akt - qərar özü hüquqi qüvvəsini saxlamaqdadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 06 noyabr 2007-ci il tarixində, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 16 avqust 2013-cü il tarixində verildiyi; sözügedən sənədlərin arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; daşınmaz əmlakın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kvt) mühafizə zolağında yerləşdiyi; həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nın tərtib etdiyi **********2425 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin verildiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər:

Abşeron rayon X3 06 noyabr 2007-ci il tarixli 22 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində xx.xx.2013-cü il tarixdə 1320/18 nömrə ilə qeydə alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli 1315 saylı rəyində qeyd edilmişdir ki, torpaq sahəsi qanunamüvafiqdir və torpağa mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbzin surəti, bələdiyyənin yerquruluşu planından çıxarışın surəti iş materiallarına əlavə edilmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, T/318 saylı məktubu ilə Abşeron rayon X3 06 noyabr 2007-ci il tarixli 22 saylı qərarı və ona əlavə edilmiş sənədlər təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.08 ha, faktiki 0.0787 ha olduğu, torpaq sahəsinin cənub-qərb tərəfindən 6 kvt y.g.e. keçdiyi, faktiki koordinatlarının **********2425 nömrəli plan-ölçü sənədinin üzərində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə torpaq sahəsinə dair verilmiş **********2425 nömrəli (AN-512632) torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron Rayonu Qobu Bələdiyyəsinin Yerquruluşu planından çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin məhkəmə tərəfindən təqdim edilmiş ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi sxemdə göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0197 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşür. (Sxemdə göstərilmişdir) Elekton məlumat bazasına əsasən ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsindən keçən elektrik verilişi xətti 2001-ci ildə istismara verilmişdir.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 06 noyabr 2007-ci il tarixində, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 16 avqust 2013-cü il tarixində verildiyi; sözügedən sənədlərin arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; daşınmaz əmlakın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kvt) mühafizə zolağında yerləşdiyi; həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nın tərtib etdiyi **********2425 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin verildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İmtinanın sənədlərin arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi hissəsində məhkəmə qeyd edir ki, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023cü il tarixli, T/318 saylı məktubu ilə Abşeron rayon X3 06 noyabr 2007-ci il tarixli 22 saylı qərarı və ona əlavə edilmiş sənədlər təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.08 ha, faktiki 0.0787 ha olduğu, torpaq sahəsinin cənub-qərb tərəfindən 6 kvt y.g.e. keçdiyi, faktiki koordinatlarının **********2425 nömrəli plan-ölçü sənədinin üzərində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0197 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşür. Elekton məlumat bazasına əsasən ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsindən keçən elektrik verilişi xətti 2001-ci ildə istismara verilmişdir. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin müəyyən hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin” 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-445/2021 saylı qərarı:

30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.

31. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Torpaq Məcəlləsinin 62-ci maddəsinə istinadla qeyd etmişdir ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin istinadlarını hazırkı mübahisəyə münasibətdə əsaslı hesab etmir. Belə ki, həmin müddəalar torpaq sahəsinin ayrılmasınadək mövcud olmuş vəziyyətə münasibətdə tətbiq edilir. Hazırkı halda, yüksək gərginlikli elektrik xətti quraşdırılarkən, üzərində hüquqların qeydə alınması iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur.

33. Yuxarıda qeyd olunan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

35. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdeh həmçinin qeyd edir ki, faktiki koordinatlarının **********2425 nömrəli planölçü sənədinin üzərində yerləşdiyi qeyd edilmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair verilmiş **********2425 nömrəli (AN-512632) torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına tərtib edilmişdir. Bundan əlavə torpaq sahəsinin faktiki 0.0787 ha olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbi 0.0787 ha torpaq sahəsinə çıxarışın verilməsindən ibarətdir. Göründüyü kimi həmin hissədə də mübahisə qalmır. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0787 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar