Məhkəmə qərarları › İş №2-1(118)-1455/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1455/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1455/2023 15.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Qobustan rayonu, Bəklə kəndində yerləşən mərhum atası X4 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qobustan rayonu, Bəklə kəndində yerləşən, iddiaçının mərhum atası X5 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkişvət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2022-ci il tarixli bildirişlə imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş Qobustan rayonu, Bəklə kəndində yerləşən mərhum atası X5 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizəsinə baxılmışdır. Təqdim olunmuş sənədlərə əsasən Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədikləri torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydiyyata alınmışdır. Torpaq sahələri mübahisəli ərazidə yerləşdiyinə görə, həmin torpaq sahəsinin üzərində mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeşdişşata alınması mümkün olmamışdır. İddiaçı cavabdehin imtina məktubu ilə razı olmadığına görə, hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini daşınmaz Əmlakın Dövlət Reyestrində başqa bir şəxsin adına qeydiyyata alındığını qeyd etsə də həmin şəxsin kimliyini açıqlamaması və həmin torpaq sahəsinin hansı hissəsini başqa bir şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını göstərməmişdir. Ona görədə həmin imtinanın qanuni və əsaslı olmasında ciddi şübhə var. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, iddiaçı Quba rayonu, Bəklə kəndində yerləşən mərhum atası X4 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və arayışın verilməsini istəyir. Lakin iddiaçı tərəfindən mərhum atası X2 vərəsəsi olması ilə bağlı sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi bu halda iddiaçının iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa işin hallarından göründüyü kimi vavabdeh qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddianın uğurluluq ehtimalı baxımından bu halın araşdırılması və ona uyğun hüquq müdafiə vasitəsi seçilməsi məqsədəmüvafiq hesab edilə bilər. Bunun üçün isə aşagıda qeyd edilənlər əsas götürülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə izah edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilənlərin nəzərə alınması düzgün hüquqi müdafiə vasitəsi seçilməsi və prosessual qənaət baxımından əhəmiyyətlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, ilkin olaraq vərəsə olmasını qanunvericiliyə uyğun olaraq müəyyən edilməsinə nail olmalıdır. Bundan sonra isə əlverişli hüquq müdafiə vasitəsi seçilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar