Məhkəmə qərarları › İş №2-1(118)-146/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-146/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-146/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı mərhum qardaşı X6 “Şəhid” statusunun bərpa edilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasına dair iddiası barədə işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı iddia qaldıraraq, xx xxxx 1992-ci ildə erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə Füzuli rayonunda yerləşən 723, 720, 814(702) saylı hərbi hissələrin tərkibində qulluğ edərkən mina partlaması nəticəsində döş qəfəsindən yaralanmış, nəticədə vəfat etmiş mərhum qardaşı X6 “Şəhid” statusunun bərpa edilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X15 1992-ci ilin may ayında ali təhsilini başa vurduqdan sonra AR MN-nin Sumqayıt Hərbi Komissarlığı tərəfindən çağırış vərəqəsi ilə həqiqi hərbi xidmətə çağırılmış və Milli Ordunun təkibində xidmət etməyə göndərilmişdir. Sonradan o, həqiqətən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasmm müdafiəsi uğrunda gedən döyüşlərdə xx xxxx 1992-ci il tarixdə Füzuli rayonunda yerləşən 723, 720, 814(702) saylı hərbi hissələrin tərkibində qulluğ edərkən mina partlaması nəticəsində döş qəfəsindən yaralanmış, nəticədə vəfat etmişdir və Sumqayıt şəhər "Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir. Sonradan ona "Şəhid" statusu, valideynlərinə isə "Şəhid ailəsi" statusu verilmişdir. Valideynləri daha sonra "Şəhid ailəsi"nə aid edilən bütün imtiyazlardan istifadə etmişlər. X4 xx xxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Lakin 2007-ci ildən şəhid ailələrinə dövlət tərəfindən verilən aylıq müavinət valideynlərinə verilməmişdir. 2018-ci ildə vərəsə kimi şəhid qardaşı üçün dövlət tərəfindən verilən 11.000 manat sğorta pulunu almaq üçün müraciət edərkən ona məlum olmuşdur ki, qardaşının "Şəhid" statusu ləğv edilmişdir. Təəssüflər olsun ki, bu barədə hər hansı bir rəsmi sənəd onlara təqdim edilməmişdir. Əgər status ləğv edilirdisə müvafiq dövlət orqanı tərəfindən rəsmi sənəd (akt, qərar və ya protokol və s.) qəbul edilməli idi və bir nüsxəsi məlumat üçün onların ailəsinə təqdim edilməli idi. O, ərizə ilə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər İdarəsinə, həm də Sərfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət etsə də, ona bu barədə dəqiq məlumat verməmişdilər. Hesab edir ki, qardaşının "Şəhid" statusu əssassız və qanunsuz olaraq ləğv edilmişdir. Məhz bu səbəbdən də mübahisənin ədalətli həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X10 iştirak etmiş və iddia ərizəsinə uyğun izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xaiş etmişlər. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı,istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin qərarın 1.1-ci bəndinə əsasən “Şəhid” Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin qərarın 1.2.6-cı bəndinə əsasən “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitndə olan hərbi hissələrdə və ya Daxili işlər, Milli Təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” şəhid hesab edilən şəxslərdir. Azərbaycan Respublikası MN-nin Mərkəzi Arxivindən daxil olmuş məktubda Təşkilat-Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısında” X2 həlak olması barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Xidmətin Aparatına Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsindən daxil olmuş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısında 1968-ci il təvəllüdlü X8 xx.xx.1992-ci ildə həlak olduğu yazılsa da, hərbi hissənin "nömrəsi, hansı səbəb və şəraitdə həlal olması qeyd edilməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarının tələbinə əsasən X6 şəhid hərbi qulluqçu hesab edilməsinə qanuni əsas yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş və iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı mərhum qardaşı X6 “Şəhid” statusunun bərpa edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, cavabdeh 08.08. 2019-cu il tarixdə iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı “Şəhid” statusunun bərpa edilməsini tələb etdiyi X6 bacısı olduğuna görə bu iddianı qaldırmaqda subyektiv hüququ vardır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər Kabinetinin 10 saylı, xx xxxxxx 1994-cü il tarixli qərarının 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.6-cı bənidinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların şəhid və şəhid ailəsi statusunun verilməsi başlaqlı 4-cü bəndinə görə: 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və buna əsas kimi göstərilmişdir ki, X11 dair sənədlərə baxılarkən Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən daxil olmuş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısın”da və xx.xx.2019-cu il tarixli 20/344 nömrəli məktubda onun xx.xx.1992-ci ildə həlak olduğu yazılsa da, hərbi hissənin nömrəsi, həmçinin hansı səbəb və şəraitdə həlak olmasının qeyd edilmədiyi məlum olmuşdur. Əlavə olaraq Müdafiə Nazirliyinin İşlər X9 xx.xx.2018-ci il tarixli 9/2-18996 nömrəli arayışında “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı”nda X6 həlak olması barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhər Hərbi Komissarının 4 saylı, xx xxxxxxx 1998-ci il tarixli arayışında qeyd edilmişdir ki, X12 həqiqətən erməni işğalçılarına qarşı Azərbacan Respublikasının müdafiəsi uğrunda gedən döyüşdə xx xxxx 1992-ci ildə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı xx xxxxxx 1994-cü il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında qərarına uyğun olaraq imtiyazlardan istifadə etmək hüququna malikdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sumqayıt şəhər hərbi komissarının 1216 saylı, xx xxxxxx 2007-ci il tarixli arayışında da qeyd edilmişdir ki, X15 həqiqətən erməni işğalçılarına qarşı Azərbacan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə xx xxxx 1992-ci ildə şəhid olmuşdur. Mina partlayışı nəticəsində həlak olub (6Ş-376280). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı xx xxxxxx 1994-cü il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında qərarına uyğun olaraq imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə tərəfindən həmin arayışların verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən tələb edilmiş, həmin sorğu məktubuna cavab olaraq cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, X2 adı Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin siyahısında yazılsa da hərbi hissənin nömrəsi, hansı səbəb və şəraitdə həlak olması qeyd edilməmişdir. Bu səbəbdən onun şəhid hərbi qulluqçu kimi qeydiyyata alınması mümkün olmamışdır. Bundan sonra məhkəmə tərəfindən mərhum X3 X4nun “Şəhid” ailəsi üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edib-etməməsi barədə məlumat verilməsi, əgər istifadə edibsə hansı dövrlərdə istifadə etməsi barədə məlumat verilməsi və bununla əlaqədar sənədlərin surətlərinin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsindən tələb edilmişdir. Eyni zamanda Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə də sorğular göndərilərək “Şəhid” statusunun hansı inzibati orqan tərəfindən verilməsi, həmin statusun hansı əsaslarla verilməsi və dayandırılması, bununla bağlı hər hansı bir inzibati aktın qəbul edilib-edilməməsi barədə məlumat verilməsi, əgər “Şəhid” statusunun verilməsi və dayandırılması ilə bağlı inzibati akt qəbul edilibsə həmin inzibati aktın təsdiqlənmiş surətinin və həmin işlə əlaqədar mövcud digər sənədlərin surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin məhkəmənin qeyd edilən sorğusuna cavab məktubunda bildirilmişdir ki, X6 Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan ordu sıralarına səfərbər olunması, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olması, ona “şəhid” statusunun verilməsi və dayandırılması, bu barəd hər hansı inzibati aktın tərtib edilməsi barədə SHXÇDX-nin Sumqayıt şəhər İdarəsində heç bir əsasverici sənəd yoxdur. X2 Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin siyahısında yazılsa da hərbi hissənin nömrəsi, hansı səbəb və şəraitdə həlak olması qeyd edilməmişdir. Bu səbəbdən onun şəhid hərbi qulluqçu kimi qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə tərəfindən tələb edilmiş X2 X4na məxsus pensiya sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, X2 şəhid olması ilə bağlı müvafiq arayışlar pensiya işi materiallarına əlavə edilmiş və onun X4 şəhid “Şəhid” ailəsi üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2004-cü il tarixli qərarı ilə şəhid atası X1 köşkü qoyulmasına icazə verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı X6 şəhidlər xiyabanında dəfn edilməsi, onun ailəsinin “şəhid ailəsi” statusundan istifadə etməsi öz təsdiqini tapsada, iddiaçı tərəfindən X6 “Şəhid” statusunun dayandırılması ilə əlaqədar inzibati akt qəbul olunduğu müəyyən edilməmişdir. Bundan əlavə cavabdehin X6 “Şəhid” statusunun dayandırılmasına səbəb kimi göstərdiyi əsaslar da qeyri-müəyyəndir. Belə ki, cavabdeh inzibati orqan “Şəhid” statusunun bərpasından imtinanaın əsası kimi X6 Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin siyahısında yazılsa da hərbi hissənin nömrəsi, hansı səbəb və şəraitdə həlak olmasının qeyd edilmədiyini göstərir. Məhkəmə hesab edir ki, qeyd olunan məlumatların tam olmaması inzibati orqanların məsuliyyətidir və mövcüd məlumatlar X6 şəhid olmasını istisna etmir. Məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsindən daxil olmuş məlumatda 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar itkin düşmüş əsgər və çavuşların siyahısında 1968-ci il təvəllüdlü X8 xx.xx.1992-ci ildə həlak olduğunun yazılması cavabdeh inzibati orqanın üzərinə həmin şəxsin şəhid olmamasını sübut etmək vəzifəsi yaradır. Bundan əlavə X11 vəfat etdiyi dövrdən “Şəhid” statusu verilmiş, o şəhidlər xiyabanında dəfin edilmiş və onun ailə üzvü kimi mərhum atası şəhid ailəsi üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmişdir. Üstündən uzun müddət keçdikdən sonra inzibati orqan tərəfindən hər hansı tutarlı əsas olmadan, mötəbər sübut olmadan X6 şəhidlik statusu dayandırılmışdır. Hazırki iddiada sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçının qardaşının şəhid statusunun dayandırılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməmişdir. Əlavə olaraq olaraq məhkəmə hazırkı iş üzrə başqa bir məqamada münasibət bildirməyi vacib sayır. Konkret hüquq normaları ilə tənzimlənməsədə, şəhid və şəhid ailəsi adının verilməsi hüquqi nəticələri baxımından maddi təminatlardan əlavə mənəvi bir dəyər, cəmiyyət tərəfindən qəbul edilən ehtiram əsası yaradır. Şəhid ailəsi adının geri alınması isə qazanılmış hüquqların ciddi şəkildə zədələnməsi kimi qiymətləndirilməlidir. Nəzərə alanda ki, baş vermiş hadisələrdə iddiaçının heç bir rolu olmamış, bütün proseslər inzibati orqanın hərəkətləri nəticəsində baş vermişdir, onda tam məsuliyyət inzibati orqanın üzərinə düşür. Konkret olaraq hazırkı işdə iddiaçının qardaşının şəhidlər xiyabanında dəfn edilməsi, qeyd olunan statusların cəmiyyət tərəfindən qəbul edilməsi, iddiaçının ailəsinin uzun müddət şəhid ailəsi statusundan istifadə etməsindən sonra bu hüququn qeyri müəyyən formada geri alınması onun Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X6 “Şəhid” statusunun bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə öhdəlik olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 “Şəhid” statusunun bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə öhdəlik olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar