Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1461/2021 28.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı cavabdehin üzərinə yetkinlik yaşına çatmayan 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin üzərinə yetkinlik yaşına çatmayan 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 27-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr, ev 17, mənzil 27 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin mənzili 03 sentyabr 2019-cu il tarixdə 29Yİ/19 saylı alqı-satqı və ipoteka müqaviləsi ilə X1 almışdır. Keçmiş ev sahibinin nəvəsi 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızı ona məxsus mənzildə qeydiyyatdadır. Hesab edir ki, bu qanunsuzdur. Belə ki, 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızının anası X3 qeydiyyatı Sumqayıt şəhəri, 18-ci mkr-n, ev 1, mənzil 116, atası X4 qeydiyyatı isə ünvan 1 ünvanıdır. Ona görə də uşaq ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalı və öz valideynlərindən birinin qeydiyyatda olduğu ünvana qeydiyyata salınmalıdır. Ər-arvad arasında olan rəsmi nikah pozulmuş və uşaq anasının himayəsinə verilmişdir. Bunun üçün o, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, yetkinlik yaşına çatmayan 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızının ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasının təmin olunmasını xahiş etmişdir. Lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızı ona məxsus mənzildə yaşamır. O, anası X6 ilə birlikdə yaşayır. Yetkinlik yaşına çatmayan uşağın ona məxsus mənzildə qalması onun mülkiyyət hüququna əsasız müdaxilə təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 04.09.2019-cu il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 27 saylı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 04.03.2021-ci il tarixli arayışdan görünür ki, Qənbərli Zəhra Rövşən qızı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 27 saylı mənzildə qeydiyyatdadır. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 16.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının Qənbərli Zəhra Rövşən qızının ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 27 saylı mənzil İddiaçı məxsusdur. Həmin mənzildə Qənbərli Zəhra Rövşən qızı da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı Səfərov X5 Zəhra Rövşən qızının sözügedən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 16.06.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan Qənbərli Zəhra Rövşən qızının mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Qənbərli Zəhra Rövşən qızının iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 04.09.2009cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızının Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 27 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. 04.09.2009-cu il təvəllüdlü Qənbərli Zəhra Rövşən qızının Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 27 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1461/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1461/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver