Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1461/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X3 Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında yerləşən 5A/2 saylı evin 5-ci mənzilindən pasport qeydiyyatdından çıxarılması öhdəliyinin cavabdehin üzırinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X3 Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında yerləşən 5A/2 saylı evin 5-ci mənzilindən pasport qeydiyyatdından çıxarılması öhdəliyinin cavabdehin üzırinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında yerləşən, ev 5A/2, mənzil 5 mülkiyyət hüququ ilə mərhum həyat yoldaş X2 məxsus olmuşdur. Bunu M.Səfərlinin adına 03.08.2021-ci ildə verilmiş Çıxarış təsdiq edir. Mərhum həyat yoldaşı X4 24 fevral 2022-ci ildə vəfat etmişdir (AZ-İİ № 255004 saylı “Ölüm haqqında şəhadətnamə”). Sözügedən mənzili “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında almışdır. X6 mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvüdür. Onun mənzildə qeydiyyatda olması iddiaçının mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. X3 qeydiyyatı formal xarakter daşıyır. Qeyd edilənlərə əsasən iddiaçı X3 Sumqayıt şəhəri, 14- cü məhəllə ünvanında yerləşən, 5A/2 saylı evin, 5-ci mənzilindən pasport qeydiyyatından çıxarılması xahişi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 17.03.2022-ci il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanuna görə “Vətəndaşların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması Polis orqanlarının səlahiyyətlərinə daxildir”. AR İMP-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətində deyildir. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzil mərhum X1 mülkiyyətində olmuşdur. (reyestr nömrəsi **********79-05101-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03.08.2021-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış) Məhkəmə qeyd edir ki, iddiaçının vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ əldə etmək imkanı olsada, o bu hüquqdan istifadə etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi konstitusiya məhkəməsinin qərarındada mənzil mülkiyyətçilərinin hüquqlarının qorunduğu qeyd edilir. Lakin hazırda iddiaçı qeyd edilən mənzilə gözlənilən hüquqlarını əldə etmədən hazırkı iddianı qaldırmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən sonra təkrar inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, təkrar məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev