Məhkəmə qərarları › İş №2-1(118)-1462/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1462/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1462/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Qubadlı rayon Fərcan kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadının “Mahmudov”dan “Aslanov”a dəyişdirilməsi, ata adına “Abuş oğlu”, doğulduğu yerə “Qubadlı rayon, Zor kəndi” əlavə olunması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı “Qubadlı rayon Fərcan kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadının “Mahmudov”dan “Aslanov”a dəyişdirilməsi, ata adına “Abuş oğlu”, doğulduğu yerə “Qubadlı rayon, Zor kəndi” əlavə olunması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1949-cu ildə Qubadlı rayonunun Zor kəndində anadan olmuşdur. Hazırda Sumqayıt şəhər, 13-cü mkr, ev 8, mənzil 26da yaşayır. Onun soyadı “Aslanov", atasının adı “Abuş", doğulduğu yer “Qubadlı rayon, Zor kəndi”dir. Ona aid bütün sənədlərdə soyadı “Aslanov" kimi qeyd olunmuşdur. Eyni zamanda Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsində də öz təsdiqini tapır.O, doğum haqqında təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmişdir. Qubadlı rayon Fərcan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli, 7 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən soyadının “Aslanov" deyil, "Mahmudov” olduğu aşkarlanmış, eyni zamanda uşaq bəndində ata adı və doğulduğu yer yazılmamışdır. Cavabdehnə Qubadlı rayon Fərcan kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Mahmudov”dan “Aslanov”a dəyişdirilməsinə, ata adına “Abuş oğlu", doğulduğu yerə “Qubadlı rayon, Zor kəndi” əlavə olunmasına dair ərizə müraciət etmişdir. Cavabdehndə ona izah olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh məhkəmə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AZE0******* saylı şəxsiyyət vəsiqəsinin, НЗ№2330115 saylı hərbi biletin, ИЕ №028226 doğum haqqında şəhadətnamənin, eyni zamanda iddiaçının bacı və qardaşlarına məxsus İ-ИЕ №894054 saylı, İ-ИЕ №213048 saylı, XV-ЖГ№ 412885 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, həmin sənədlərdə iddiaçının və onun bacı qardaşlarının soyadı “Aslanov” kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş 7 saylı, 08 sentyabr 1949-cu il tarixli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının soyadı “Mahmudov” kimi qeyd olunmuş, ata adı və doğum yeri qeyd edilməmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə ona məxsus digər sənədlər arasında (hərbi bilet, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə) arasında uyğunsuzluq mövcuddur (iddiaçının soyadı bir sənəddə “Mahmudov” digərlərində isə “Aslanov” kimi qeyd olunmuşdur) və iddiaçı doğum haqqında akt qeydində soyadının “Aslanov” kimi düzəliş edilməsi, eyni zamanda ata adı qrafasına “Abuş oğlu”, doğulduğu yer qrafasına “Qubadlı rayonu, Zor kəndi” sözlərinin əlavə edilməsi ilə bağlı qeydiyyat yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (soyadın düzəldilməsi, ata adı qrafasına “Abuş oğlu”, doğulduğu yer qrafasına “Qubadlı rayonu, Zor kəndi” sözlərinin əlavə edilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının soyadı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının soyadına münasibətdə qanunvericiliklə “soyadın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının soyadına düzəliş edilməsinə və ata adı qrafasına “Abuş oğlu”, doğulduğu yer qrafasına “Qubadlı rayonu, Zor kəndi” sözlərinin əlavə edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçı soyadının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə soyadın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının soyadı ilə bağlı doğum haqqında akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun soyadının doğum haqqında akt qeydində onun soyadının “Mahmudov”dan “Aslanov”a düzəliş edilməsindən, ata adı qrafasına “Abuş oğlu”, doğulduğu yer qrafasına “Qubadlı rayonu, Zor kəndi” sözlərinin əlavə edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində soyadı “Mahmudov” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə iddiaçıya məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsində, НЗ №2330115 saylı hərbi biletdə, XV-ЖГ №412885 saylı doğum haqqında şəhadətnamədə onun soyadı “Aslanov” kimi qeyd edilmişdir. Bir sənəddə soyadının “Mahmudov”, digərlərində isə “Aslanov” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus Qubadlı rayon Fərcan kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Mahmudov”dan “Aslanov”a dəyişdirilməsi, ata adına “Abuş oğlu”, doğulduğu yerə “Qubadlı rayon, Zor kəndi” əlavə olunması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçıya məxsus Qubadlı rayon Fərcan kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Mahmudov”dan “Aslanov”a dəyişdirilməsi, ata adına “Abuş oğlu”, doğulduğu yerə “Qubadlı rayon, Zor kəndi” əlavə olunması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar