Məhkəmə qərarları › İş №2-1(118)-1464/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1464/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1464/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRAR (Əlilliyin təyin olunması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert müayinəsinə təqdim edilmiş Y00103996AYN nömrəli göndəriş əsasında iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (31-81 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert müayinəsinə təqdim edilmiş Y00103996AYN nömrəli göndəriş əsasında iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (31-81 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə həqiqi hərbi xidmətdə, 2019-2021-ci illərdə müddətdən artıq xidmət edən hərbi qulluqçu olmaqla hərbi xidmət keçmişdir. 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı sentyabr ayının 28-də qolundan güllə yarası almışdır. Eyni zamanda partlayış zamanı psixoloji travma almışdır. Həmçinin, müharibədə aldığı xəsarətlə əlaqədar qulağında zədələnmə, gözündə zəifləmə müşahidə olunmuşdur. 2022-ci ildə ilkin olaraq Sumqayıt Psixiatriya Xəstəxanasının E00022346ZİA nömrəli göndərişi əsasında psixi xəstəliklə əlaqədar əlilliyin təyin olunması üçün tibbi sənədləri cavabdeh təşkilata göndərilmişdir. Həmçinin, qolunda, qulağında, gözündə və ödündə olan yanaşı xəstəliklər də həmin göndərişdə göstərilmişdir. Lakin, cavabdeh Agentlik iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Həmin imtinadan sonra iddiaçıya bildirilmişdir ki, barəsində tərtib edilmiş göndərişdə qolundan aldığı xəsarət əsas xəstəlik kimi, səhhətində olan psixoloji pozuntular isə yanaşı xəstəlik kimi göstərilməlidir. İddiaçı səhhətində olan xəstəliklərlə bağlı üç dəfə Maştağa qəsəbəsində yerləşən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında, həmçinin, Səhiyyə Nazirliyinin Buzovnada yerləşən X1 və digər tibb müəssisələrinin nevrologiya şöbələrində stasionar müalicə almışdır. xx.xx.2023-cü il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanasının Y00103996AYN nömrəli göndərişi əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədləri cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən alınan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olarkən sənədlər və sağlamlıq vəziyyətinin müayinəsi əsasında iddiaçıya təyin edilmiş diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçıya səhhətində olan problemlə əlaqədar “orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli dıssosiativ pozuntu, funksional tutmalarla, kəkələmə ilə, anamenizində intihar fikirlərlə. Odlu silah yaralanması (xx.xx.2020), sol orta və mil sinirinin posttravmatik neyropatiyası, ətrafın pararezi ilə nəticələn qalıq əlaməti, funksiyanın mülayim pozulması ilə. Sol saidin aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasına, mil və dirsək sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınıqlardan eksternal fiksatorla sonrakı kafi bitişik sınıqlar. Partlayış travması (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltılı nitqin hər iki qulaqda 2 metr məsafədən eşitməsi" əlamətləri ilə "xolesistektomiyadan (xx.xx.2019) sonrakı bərkimiş dəri çapığı. Sağ gözün sadə miopik astiqmatizmi Em və M1, 0D nəticəsində görmə itiliyinin 0.6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla" diaqnozu qoyulmuşdur. Həmin şəhadətnaməyə əsasən, yuxarıda göstərilən diaqnoz xəstəlikdir, hərbi travmadır, hərbi xidmət dövründə alınmışdır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19.01 2023-cü il tarixli TQS № 027 nömrəli ambulator kitabçadan çıxarışına əsasən, iddiçıya səhhətində olan problemlə əlaqədar “sol yuxarı ətrafın mononeyropatiyası, sol yuxarı monoparez, partlayış travması” diaqnozu qoyulmuşdur. Həmin xəstəlik üzrə "postravmatik sefalgik sindrom” ağırlaşma və “hidrosefaliya, qıcolma sindromu" yanaşı xəstəlik diaqnozu qoyulmuşdur. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’'nın 7.6.2-cı bəndində göstərilmiş “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular" (F07.8) əlamətlərinə uyğun gəlir. X7 xx.xx.2023-cü il tarixli beyin KT müayinəsinin nəticəsinə əsasən, iddiaçıya səhhətində olan problemlə əlaqədar “lateral və İİİ ventikullar genişlənmə, sağ lateral ventrikul 22 mm, sağ lateral ventrikul 25 mm, İİİ ventrıkul 14 mm (hidrosefaliya)” diaqnozu qoyulmuşdur. Bu diaqnoz Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarının 6.1-ci bəndində göstərilmiş “hidrosefaliya” (G91) xəstəliyinin əlamətlərinə uyğun gəlir. Uniklinikanın xx.xx.2023-cü il tarixli müayinə nəticələrinə əsasən, iddiaçıya səhhətində olan problemlə əlaqədar “daxili mədəcik sisteminin kompensasiya olunmuş hidraseforik hidratasiyası” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi sağlamlıq vəziyyəti" X10i də xx.xx.2022- ci il tarixli müayinə zamanı iddiaçıya "üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu funksional tutmaları ilə F06.5"; “kəkələmə F98.5” və “anamnezidə intihar fikirlərilə" diaqnozları qoyulmuşdur. TƏBİB-in "X4 və ortopediya institutu”nda xx.xx.2022-ci il tarixdə müayinə zamanı ona "odlu silah yaralanmasından sonra sol mil və dirsək sümüyünün yuxarı üçdə birinin bitişmiş sınığı, kontikal qatın qalınlaşması, sol bil bilək və sol əl barmaqlarının düz vəziyyətdə qalması, aktiv hərəkət yoxdur, sol orta və mil sümüyünün neyropatiyası, daimi ağrı sindromu, sol yuxarı ətrafın funksiyasını kəskin pozulması" (S52.4; Y36.4; G56.1; G56.3; R52.2; Z73.6) diaqnozları qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin (həm psixi pozuntuya görə, həm də qolundan aldığı xəsarətə görə) cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 20 gün vaxt müəyyən edilmişdir. Vətəndaşın əyani müayinə olunması haqqında cavab məktubunda iddiaçıya münasibətdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə əvvəlki qərarının qüvvədə qaldığı bildirilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, iddiaçının hazırkı psixi vəziyyətində mütəxəssislər tərəfindən “etioloji faktor öz təsdiqini tapmır. Mülayim dərəcədə ifadə olunmuş uzun gedişli dissosiativ-konversion pozuntu. Anamnezində özünü kəsmələr” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır”. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert rəyinin nəticə hissəsində əlilliklə əlaqədar diaqnozun cavabdehin səlahiyyətlərinə aid olduğu bildirilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 24 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2682 nömrəli rəyində iddiaçı barəsində üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri və nitq qüsuru ilə F07.0 diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Etirazı onunla əsaslandırdı ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: qarışıq dissosiativ (konversion) pozuntular. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dəqiqləşdirilməmiş depressiv epizod kəkələmə (hıqqana-hıqqana danışmaq). Dirsək və mil sümükləri diafizlərinin müştərək sınıqları. Mil sinirininin zədələnməsi. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Həmçinin bildirmək istəyirik ki, İddiaçı xx.xx.2023-cü il tarixli əyani müayinəsi həyata keçirilmiş və Abşeron rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmiş və ona diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir (xx.xx.2022-ci il tarixli 9198 nömrəli XHŞ). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apanlaraq müəyyən olunmuşdur ki, idiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 961 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli dissosiativ pozuntu, funksional tutmalarla, kəkələmə ilə, anamnezində intihar fikirlərlə. Odlu silah yaralanması (xx.xx.2020), sol orta və mil sinirinin posttravmatik neyropatiyası, ətrafın parezi ilə nəticələnən qalıq əlaməti, funksiyanın mülayim dərəcədə pozulması ila. Sol saidin aşağı 1/3-nin dəlib-keçən qüllə yaralanmasına, mil və dirsək sümüklərinin yuxarı 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınıqlarından eksterenal fiksatorla fiksasiyasından sonrakı kafi bitişmiş sınıqları. Partlayış travması (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Xolesistektomiyadan (xx.xx.2019) sonrakı bərkimiş dəri çapığı. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 11535 nömrəli Tibbi rəyində diaqnoz “üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu funksional tutmaları ilə, kəkələmə, anamnezində intihar fikirlərilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 14046/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu, funksional tutmaları, kəkələmə ilə. Anamnezində intihar fikirlərilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, zəif eşitmədən, zəif görmədən, kəkələmədən, sol qolunda ağrılardan, əllərin uyuşmasından, hərəkət məhdudluğundan, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı sualları həvəssiz cavablandırmış, zahirən həyəcanlı, əhvalının dəyişkən olması izlənilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Sol yuxan ətraf əzələlərində hipotrofiya izlənməmiş, parez əlamətləri qeyd olunmamış, hərəkətlər tam həcmdə olmuşdur. Təqdim olunan sənədlərdə intihar fikirləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “üzvi dissosiativ pozuntu, depressiv daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 X4 və Ortopediya İnstitutunun 19 may 2022-ci il tarixli arayışına əsasən iddiaçıya aktiv hərəkətin olmaması diaqnozu qoyulmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” X10in 7 dekabr 2022-ci il tarixli arayışına əsasən iddiaçıya üzvi mənşəli (müharibə zamanı partlayış travması nəticəsində) dissosiativ pozuntu funksional tutmaları ilə (F06.5 kəkələmə F98.5 Anamnezində intihar fikirlərilə) diaqnozu qoyulmuşdur.  Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən açılan güllə nəticəsində xəsarət almışdır. Ştatlı Hərbi-Həkim Komissiyasının qərarı ilə iddiaçı barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. İddiaçının vəkili tərəfindən təqdim edilmiş Həkim Psixiatr Komissiyasının xx.xx.2023cü il tarixli, 2682 nömrəli rəyinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də, Həkim Psixiatr Komissiyasında müayinə olunarkən ona “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri və nitq qüsuru - F07.0” diaqnozu müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddia tələbinin xüsusi mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqandan xx.xx.2023-cü il tarixli məktubla imtina cavabını almışdır. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Abşeron rayonunun ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bənd: Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd: Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd: Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları Əsasnamənin 7.6.2-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müşahidə olunan şəxsə əlillik təyin edilir.

Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı F07.0. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Pozğunluq emosiya, tələbat və meylləri də daxil olmaqla, xəstənin adət edilmiş premorbid modellərinin xeyli dərəcədə dəyişilməsi ilə səciyyələnir. Klinik mənzərəyə koqnitiv və təfəkkür funksiyasının zəifləməsi ilə müşayiət olunur.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

6. Məhkəmənin mövqeyi

Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X6 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibb müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İşdən göründüyü kimi iddiaçı barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası Y00103996AYN nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədləri cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. X9 Komissiyasının xx.xx.2023-cü il tarixli, 2682 nömrəli rəyinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də, Həkim Psixiatr Komissiyasında müayinə olunarkən ona “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, intihar cəhdləri və nitq qüsuru - F07.0” diaqnozu müəyyən edilmişdir. Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müşahidə olunan şəxsə əlillik təyin edilir. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: -şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; -uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; -dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; -kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); -intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2-ci bəndinə əsasən iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müşahidə olunduğundan ona əlillik statusunun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçının orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar