Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1467/2021 26.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2, X1, Rəhimova Aidə Xalid qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evin 30 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılmalarının cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evin 30 nömrəli mənzili Azərbaycan Respublikası SSRİ-nin 13.08.1991-ci il tarixli qeydiyyat vəsiqəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı qardaşı və bacısının ailə üzvlərini bəzi sənədləşmə işlərinə görə mülkiyyətində olan mənzilə pasport qeydiyyatına salmışdır. Lakin sonradan dəfələrlə müraciət etməyinə baxmayaraq daimi yaşayış yeri olmadıqlarını səbəb gətirərək hələ də qeydiyyatdan çıxmayıblar. Onlara dair heç bir əmlak iddiaçının mənzilində yoxdur. Onlar həmin mənzildə heç vaxt yaşamayıblar. Qeydiyyatları formal xarakter daşıyır. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 17 saylı Mənzil Kommunal Sahəsinin 30.06.2021-ci il tarixli arayışında da bu barədə ətraflı qeyd edilmişdir. Onların qeydiyyatda qalmaları iddiaçının hüquqlarının pozulması deməkdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə inzibati işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 123-24277S-3221 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış, Azərbaycan Respublikası SSRİ-nin 13.08.1991-ci il tarixli qeydiyyat vəsiqəsi, 17 saylı Mənzil Kommunal Sahəsinin 30.06.2021-ci il tarixli Aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – X2, X1, Rəhimova Aidə Xalid qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. 17 saylı Mənzil Kommunal Sahəsinin 30.06.2021-ci il tarixli aktından da göründüyü kimi X2, X1 və Rəhimova Aidə Xalid qızı mübahisəli mənzildə heç vaxt yaşamamışlar. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3-cü şəxslər ona məxsus olan mənzilə pasport qeydiyyatına düşmüşlər. Beləliklə, məhkəmə hesab edir ki, X2, X1, Rəhimova Aidə Xalid qızı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34-də yerləşən 30 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2, X1, Rəhimova Aidə Xalid qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34-də yerləşən 30 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1467/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1467/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver