Məhkəmə qərarları › İş №2-1(118)-1467/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1467/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1467/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona Şabran (keçmiş Dəvəçi) rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 iyul 2000-ci il tarixli, 03 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyri-yaşayış təyinatlı 15 m2 -lıq (faktiki: 15,50 m2) otaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Şabran (keçmiş Dəvəçi) rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 İyul 2000-ci il tarixli, 03 saylı aktı ilə qeyri-yaşayış təyinatlı 15 m2-lıq (faktiki: 15,50 m2) otaq əmlak payı kimi verilmişdir. Həmin daşınmaz əmlaka texniki pasportun və çıxarışın alınması ilə bağlı cavabdeh quruma xx.xx.2021-ci il tarixli ərizə ilə rəsmi müraciət etsə də, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********86 nömrəli imtina məktubu göndərmiş və həmin məktubda göstərilmişdir ki, Şabran rayonu, Gəndob adına sovxozun Aqrar İslahat Komissiyasının 07 İyul 2000-ci il tarixli, 03 saylı “əmlakdan pay haqqının verilməsi barədə aktın” tərtib olunmasına əsas olmuş qeyri-yaşayış binasının əmlak payı kimi verilməsi barədə Rayon və X4 Komissiyasının qərarı və qeyri-yaşayış binasının eskiz sxemi əlavə edilməmişdir, yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Odur ki, yuxarıda adları çəkilən sənədlərin əslinin (bizə çatmalı nüsxəsinin) Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxivindən tapılıb verilməsi ilə bağlı köməklik edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişəm. Azərbaycan Respublikasmm Milli Arxiv İdarəsinə ünvanladığım həmin ərizəm Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/200 saylı məktubu ilə aidiyyatı üzrə baxılması üçün Şabran rayon Dövlət Arxivinə göndərilmişdir. Şabran rayon Dövlət Arxivindən mənə göndərilmiş xx.xx.2022-ci il tarixli, 08 saylı məktubda göstərilmişdir ki, Gəndov İnzibati Ərazi Vahidliyi üzrə Aqrar İslahat Komissiyasının və Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasınm sənədləri barədə arxivdə heç bir məlumat yoxdur. Odur ki, Sizin Gəndov kəndində yerləşən keçmiş Gəndov sovxozunun inzibati binasının 2-ci mərtəbəsindən əmlak payı almanız barədə arxiv arayışı vermək qeyri-mümkündür. Həmçinin yuxarıda adları çəkilən sənədlərin əslinin (qərar və eskizin bizə çatmalı nüsxəsinin) Şabran Rayon İcra Hakimiyyətinin arxivindən tapılıb verilməsi ilə bağlı köməklik edilməsi və yaxud tapılmadığı təqdirdə, həmin sənədlərin yenidən hazırlanması üçün sərəncam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısma müraciət etsə də, ona göndərilən xx.xx.2022-ci il tarixli, 182 nömrəli cavab məktubunda göstərilmişdir ki, məsələ ilə əlaqədar müvafiq araşdırma aparılmış və X4 Komissiyasının sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən həmin sənədlərin sizə təqdim olunması mümkün olmamışdır, X4 Komissiyasının fəaliyyəti ləğv edildiyindən, müraciətdə qeyd olunan məsələnin (sənədlərin yenidən hazırlanması) həlli ilə bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək sizə tövsiyə olunur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçının nümayəndəsio X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən, qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021 -ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021 -ci il tarixli, **********86 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatım aparır. Qeyd edirik ki, ərizənizə əlavə edilmiş Şabran rayonu Gəndob adına sovxozun Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci i! tarixli 03 saylı "Əmlakdan pay haqqının verilməsi barədə Aktın" tərtib olunmasına əsas olmuş qeyri-yaşayış binasının əmlak payı kimi verilməsi barədə rayon və X4 Komissiyasının qərarı və qeyri yaşayış binasının eskiz sxemi əlavə edilməmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq ərizənizin İcrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda göründüyü kimi, iddia ərizəsində göstərilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********86 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, etirazı, Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/200 saylı məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********18 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubu, Əmlakdan pay haqqında verilməsi barədə aktın surəti, Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 İyul 2000-ci il tarixli, 03 saylı aktın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququnun yaranması haqqında Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 İyul 2000-ci il tarixli, 03 saylı aktının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********86 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Şabran rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri ” haqqında Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********64 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubuna əsasən İddiaçı Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 iyul 2000-ci il tarixli, 03 saylı aktının verilməsi bardə heç bir arxiv məlumatı əldə edilə bilinməmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 iyul 2000-ci il tarixli, 03 saylı aktının qeyd olunan əmlakın iddiaçının mülıkiyyətinə verilməsi üçün kifayət deyil. Belə ki, X4 komissiyasının qərarı əsasında Rayon Aqrar İslahat Komissiyası tərəfindən yekun qərar qəbul edilir. Nəzərə alınmalıdır ki, X4 komissiyasının qərarı Rayon Aqrar İslahat Komissiyası tərəfindən qərar qəbul edilməsi üçün vəzifə yaratmır. Lakin, məhkəmə araşdırması zamanı Şabran rayon Aqrar İslahat Komissiyasının İddiaçı daşınmaz əmlakın ayrılması ilə bağlı qərarının olması müəyyən olunmadı. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi daşınmaz əmlaka dair zəruri olan hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən onun tələbinin təmin edilməsi yolverilməzdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona Şabran (keçmiş Dəvəçi) rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X4 Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 07 iyul 2000-ci il tarixli, 03 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyri-yaşayış təyinatlı 15 m2 -lıq (faktiki: 15,50 m2) otaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar