Məhkəmə qərarları › İş №2-1(118)-147/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-147/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-147/2022 07.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X7 (Abşeron Regional Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 18-ci mikr-n, ev 29 mənzil 42-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxsin nümayəndələri X4 (Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsi ev 6da yaşayan) və X11 (Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ev 25a mənzil 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X17 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 hektardan ibarət həyətyanı torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X12 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X21 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququn iddiaçının mərhum həyat yoldaşı X17 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbə X25 İcrayyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli qərarı ilə Saray qəsəbəsində yerləşən 0,0990 ha torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X18 ayrılmışdır. 05 dekabr 1991-ci il tarixdə Altay Yusifov vəfat etmişdir. Həmin vaxt iddiaçının uşaqları azyaşlı olduğundan o, torpaq sahəsindən istifadə edə bilməmişdir. Bir müddət keçəndən sonra maraqlandıqda torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edildiyini öyrənmişdir. Bundan sonra aralarında dəfələrlə məhkəmə çəkişmələri olmuşdur və nəticədə o, məhkəmə mübahiəslərini udmuşdur. Hazırda iddiaçı mübahisəli torpaq sahəsi üzərində mərhum həyat yoldaşının mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Halbuki, onun mərhum həyat yoldaşına ayrılmış torpaq sahəsi mahiyyət etibarı ilə vətəndaşların əvəzsiz mülkiyyətinə ayrılmış torpaq sahələri kateqoriyasına aiddir. Cavabdehin arqumenti ondan ibarətdir ki, yuxarıda qeyd edilən fərmana əsasən təqdim olunmuş siyahıda xalq deputaları sovetinin deyil, yerli zəhmətkeşlər deputatı sovetinin qərarları torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas götürülə bilər. Hətta cavabdeh imtina bildirişində belə bir arqument gətirir ki, Azərbaycan SSRi-nin tərkibində olduğu dövrdə, konkret olaraq 1930-70-ci illərdə yerli dövlət hakimiyyəti orqanları qismində zəhmətkeş deputaları sovetlər, sonrakı illərdə isə xalq deputatları sovetləri çıxış etmişdir. Həmçinin Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin xx.xx.2021-ci tarixli cavab məktubunda zəhmətkeş deputatları sovetləri Azərbaycan SSR-nin 1937-ci il Konstitusiyası ilə təsis edilərək 1978-ci il Konstitusiyası qəbul edilənədək fəaliyyət göstərmişdir. 1978-ci il Konstitusiyası ilə yerli (rayon, şəhər, qəsəbə, kənd) xalq deputatları sovetləri olaraq adı dəyişdirilmişdir. Göründüyü kimi, Xalq deputatları sovetlərinin zəhmətkeş deputatları sovetinin hüquqi varisi olması öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vüsal Mirzəyev iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum X8 miras qalmış 0,0990 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə baqlı iddiaçının nümayəndəsinin 29 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı həmin torpaq sahəsinin X18 Abşeron rayonu Saray qəsəbə X25 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə ayrıldığı müəyyən edilmişdir. Halbuki, xalq deputatları sovetlərinin qərarları torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsaslar sırasına daxl edilməmişdir. Bundan başqa torpaq sahəsinin ilkin bas planının və va təsdiq edilmiş avrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bu əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş X3 nümayəndələri X19 və X24 iddianı qəbul etmədilər və izah etdilər ki, X18 torpaq sahəsinin ayrılmasına dair qərara ayrıc aktı və sxem əlavə edilmədiyindən həmin torpaq sahəsinini məhz Ş.Məmmədovanın istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. əvvəlki məhkəmə mübahisələri zamanı məhkəmələr yanlış mütəxəssis və ekspert rəyinə əsaslanaraq yanlış qərar qəbul etmişlər. Bununla bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan: -Abşeron rayonu Saray qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 59.8 saylı qərarından çıxarışdan görünür ki, Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 saylı əmri ilə X18 ayrılmış 0.099 ha 65 N-li sahədə yaşayış sahəsi 36 kv m olan bir mərtəbəli, 2 otaqlı mənzil tikdirməsinə icazə verilmişdir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsi mövcud bazaya əsasən X3 mülkiyyətindədir. Torpsaq sahəsi üzərində 15x14 m ölçüdə ev vardır. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3227/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və X6 qarşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2005-ci il tarixli JN-146a kod 30800086 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası Abşeron rayon Məhkəməsinin 2(012)-4017/2016 saylı 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə dəfələrlə apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin baxış predmeti olmuşdur. Sonuncu dəfə apellyasiya instansiya məhkəməsinin istinad olunan qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 04316 saylı məktubundan görünür ki, yuxarıda göstərilən qətnamədən cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli imtina bildirişindən görünür ki, qeyd edilən torpaq sahəsi X18 Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989-cu il tarixli qərarı ilə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qəsəbə xalq deputatları sovetlərinin torpaq sahələriin ayrıması barədə qərarları nəzərdə tutulmamışdır. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X2 müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 4 saylı Ərazi İdarəsinin **********43 nömrəli xx.xx.2017-ci il tarixli bildiriş məktubunda “Abşeron rayonu Saray qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 59.8 saylı qərarına əsasən ayrılmış 0.0990 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumata əsasən X20 məxsus **********53 saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir” qeydi texniki yanlışlıq səbəbindən olmuşdur. belə ki, Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə mərhum A.Yusifova ayrılmış 0.0990 ha torpaq sahəsinə dair torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin coğrafi vəziyyəti barədə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, mübahisəli torpaq sahəsinin X14 mülkiyyətində olan torpaq sahəsi və ya X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü barədə qənaətə gəlmək üçün əsas hesab olunmamalıdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 01 yanvar 1971-ci il tarixdə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin imtina bildirişlərinin əsas dəlili mübahisəsi gedən torpaq sahəsinin iddiaçının mərhum əri X18 qəsəbə xalq deputatları sovetlərinin qərarı ilə ayrıldığı və həmin orqanların qəbul etdiyi qərarların Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmaması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, mübahisəli torpaq sahəsi xalq deputatları sovetlərinin qərarı ilə deyil, Saray üzümçülük sovxozunun xx.xx.1989-cu il tarixli 23 nömrəli əmri ilə ayrılmışdır. Saray qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 59.8 nömrəli qərarı ilə Saray üzümçülük sovxozu ilə ayrılmış torpaq sahəsində vətəndaşlara, o cümlədən X22 vərdi yaşayış evi tikməyə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Bundan başqa həmin Siyahıya Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022ci il tarixli 1655 nömrəli Fərmanı ilə edilmiş dəyişikliyə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ..... rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri A.Yusfova qanuni əsaslarla ayrılması öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, cavadeh inzibati orqan imtina bildirişində sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı ilkin baş planın və ayrıc aktının olmaması və bununla bağlı torpaq sahəsinin harada yerləşməsinin bəlli olmadığını bildirmişdir. Bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəısinin Ş.Məmmədovanın mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin əsaslandırma hissəsində (səh.12, 4-cü abzas) qeyd olunmuşdur ki, “qeyd edilən sənədlər üzrə faktiki olaraq mərhum X9 miras qalmış 0.0990 ha torpaq sahəsinin Şövkət Məmmədovanın adına qerydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, İddiaçı mülkiyyət hüququ pozulmuş, iddiaçının çərhum ərinə ayrılmış torpaq sahəsi qanunsuz olaraq X13 tərəfindən zəbt edilmişdir. Bu işdə olan şahid ifadələri, Abşeron rayon Saray qəsəbə sakinlərinin tərtib etdikləri aktla, Abşeron rayonu saray qəsəbə X25 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu uil tarixli 59.8 saylı qərarı ilə X3 adına torpaq sahəsi ayrılmaması barədə Abşeron rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli N-113 saylı məktubu ilə, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı mövcud ola-ola, eyni tarixli 16 saylı qərar ilə bir ailənin iki üzvünə (X15) ilə başçısı kimi) torpaq sahəsi ayrılmasının mümkün olmaması, Abşeron rayon Saray qəsəbə X25 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu uil tarixli 59.8 saylı qərarına əsasən X6 deyil, torpaq sahəsinin onun həyat yoldaşı X16 ayrılması, seriya JN- 146A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamənin tərtibindəki kobud nöqsanlarla, həmçinin həmin şəhadətnamənin tərtibinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyası xx.xx.1998-ci il tarixli 10 saylı qərarının ümumiyyətlə əldə edilməsinin mümkün olmaması öz təsdiqini tapır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə cavabdehin torpaq sahəsinin ayrıc aktı və ya ilkin baş planının olmaması ilə bağlı dəlilini də əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq, xx.xx.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X17 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 nömrəli əmri ilə ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar