Məhkəmə qərarları › İş №2-1(118)-1471/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1471/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1471/2021 02.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “övladları 15.07.2016-cı il təvəllüdlü X1 “Tukanova”dan “Kamallı”ya dəyişdirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə nikahlarından 15.07.2016cı il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Qeyd olunan soyad uşağa natrahatçılıq yaradır. Sevdanın digər qardaşı və bacısının soyadı artıq dəyişdirilib. Sevdanında adının dəyişdirilməsi ilə bağlı ərizə ilə cavabdeh təşkilata müraciət etmişdirlər, lakin xahişlərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştirak edən İddiaçı1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Digər iddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmiş və iddia tələbinə rəsmi mövge bildirməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan və iddia tələbinə dair mövgeyini öyrənmədən baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdehin iddiaçıya məhkəmədən öncə verdiyi cavabdan bəlli oldu ki, iddiaçıların tələbinin təmin edilməməsinə səbəb Ailə Məcəlləsinin 189-cu maddəsində olan məhdudiyyətdir. Ona görədə cavabdeh təşkilat iddiaçıların tələblərinin təmin edilməsindən imtina etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Nikah haqqında şəhadətnamənin surəti, Cavabdehin 16.06.2021-ci il tarixli, 05/Q- 1642/15 nömrəli imtina məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cu bəndinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar övladları 15.07.2016-cı il təvəllüldlü X1 “Tukanova”dan “Kamallı”ya dəyişdirilməsinə üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin cavabdeh haqlı olaraq Ailə Məcəlləsinin tələblərinə əsasən müvafiq tələblərini təmin etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən uşağın 18 yaşına çatana qədər soyadının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla digər valideynin soyadına dəyişdirilməsinə yol verildiyinə görə iddiaçının tələbi əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cu bəndinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Qanunvericilik aktlarında uşağın soyadının özlərinin soyadı ilə deyil digər soyadla dəyişdirilməsi öz əksini tapmamışdır və bu səbəbdən də övladları 15.07.2016-cı il təvəllüldlü X1 “Tukanova”dan “Kamallı”ya dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, uşağın adının, ata adının və soyadın dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.25-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıların övladının soyadının dəyişdirilməsinə icazə verilməməsinə görə cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçıların tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “övladları 15.07.2016-cı il təvəllüdlü X1 “Tukanova”dan “Kamallı”ya dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar