Məhkəmə qərarları › İş №2-1(118)-1474/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1474/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1474/2023 30.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi iddiaçıya ödənilməmiş əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ödənilməmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixində əlilliyinin müddəti bitmiş və təkrar müayinə əsasında ona xx.xx.2021-ci il tarixindən ömürlük əlillik təyin edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək xx.xx.2022-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ona əlilliyə görə ödənilməli olan pensiya məbləğinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbir görüb bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən bundan imtina olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan müraciətə baxılmış və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2012-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişi dayandırılmışdır. X1 Sisteminin "Əlillik" altsisteminə əsasən təkrar müayinə əsasında xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası bərpa edilmiş və hazırda 268.62 manat olmaqla ödənişi davam etdirilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdən, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İddiaçıya bildirilmişdir ki, əlilliyinin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında əlillik dərəcəsi xx.xx.2021-ci il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) həmin dövrlər üzrə müavinətin ödənilməsindən imtina olunmuşdur. İddiaçı imtinanın əsassız olduğunu hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə 2-ci dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi dayandırılmışdır. Daha sonra Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. Bununla da İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona əlilliyinin dayandırıldığı dövrlər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan **********9 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun pensiya ödənişi xx.xx.2021ci il tarixdən bərpa edilmiş və müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından, eyni zamanda təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericilik baxımından mümkün deyildir. Bundan sonra iddiaçı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ona ödənilməmiş ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli qanunla 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2021-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır. Bununla belə iddiaçının əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2021) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ona ödənilməmiş əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1968-ci ildə Rusiya Federasiyasının Oryol şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatı ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il tarix olaraq qeyd edilmişdir. • Tibbi-Sosial Eskpert Komissiyasının arayışına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 noyabr 2022-ci il tarixli, **********9 nömrəli məktubla ərizəsinin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • İş materiallarına əlavə edilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçıya X2 T93.1 koduna uyğun olaraq dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. • İşdə olan Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərə (1 və 3 nömrəli şəhər poliklinikaları tərəfindən) əsasən iddiaçı xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə müayinələrdə olmuş, ona hərəkət və yerişin pozulması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının kəskin pozğunluğu diaqnozu qoyulmuş və təkrar əlillik verilməsi üçün TSEKə göndərilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilkin olaraq iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İşdən göründüyü kimi hazırkı işdə iddianı mümkünsüz edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İş materiallarından göründüyü kimi iddiaçı əvvəllər (xx.xx.2016 - xx.xx.2021-ci illərdə) ikinci qrup əlil olmuş, hazırda isə üçüncü qrup əlildir, yəni ilkin olaraq iddiaçıya xx.xx.2016cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Həmin əlilliyin müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmışdır. Daha sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq yenidən bərpa edilmiş və həmin tarixdən İİİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz əlilliyin təyin olunmasına qədər olan müddət (xx.xx.2021) aralığında əlilliyə görə müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəf müvafiq olaraq cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh orqan əlilliyin təkrar qiymətləndirilməsi tarixindən, yəni xx.xx.2021-ci il tarixdə yenidən bərpa edildiyindən müavinətin həmin tarixdən ödənilməli olmasını, habelə əlilliyin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçməsini əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmadığından iddia təmin edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər (3.1.). “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının (TSEK) müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir (3.1.). Şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir ( 3.3-1.). Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının üçüncü dərəcə əlil olması işin mübahisəsiz tərəfidir, yəni iddiaçının əlil olması mübahisələndirilmir. Belə ki, iddiaçının xx.xx.2016xx.xx.2021-ci illərdə mövcud olmuş əlilliyi xx.xx.2021-ci ildən bugünə kimi də davam etməkdədir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddət ərzində iddiaçıya əlilliyin təyin edilməməsi onun təqsiri deyildir. Yəni, həmin müddət ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötürülmüş müddətlərdə TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lakin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona əlilliyin verilməsi hər hansı səbəb olmadan uzanmışdır. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci ildə 3 nömrəli şəhər poliklinikasında, habelə xx.xx.2021-ci il tarixdə 1 nömrəli şəhər poliklinikasında müayinələrdən keçmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi iddiaçıya ödənilməmiş əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyuylmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar