Məhkəmə qərarları › İş №2-1(118)-1474/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1474/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1474/2025 13.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “AR Ədliyə nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə nazirliyinin qanunsuz əmrlərinin ləğv edilməsi, buraxılmış müddətin üzürlü sayılması və iddiaçının stajına daxil edilməsi vəzifəsi barədə öhdəlik qoyulması, buraxdıqları müddətə görə ona əmək haqqının verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “AR Ədliyə nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldlrılmasına məcbur edilərək Ədliyyə nazirliyinin qanunsuz əmrlərinin ləğv edilməsi, buraxılmış müddətin üzürlü sayılması və iddiaçının stajına daxil edilməsi vəzifəsi barədə öhdəlik qoyulması, buraxdıqları müddətə görə ona əmək haqqının verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ilə qədər RF-nın hüquq mühafizə orqanlarında çalışmışdır, ölkə prezidentinin müraciətinə və göndərdiyi nümayəndənin təklifinə əsasən xalqına xidmət etmək üçün vətəninə qayıtmışdır, lakin iddiaçının həyatı ölkə rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində alt-üst olmuşdur.(ərizələr əlavə olunur).Ədliyyə polisinin ləğvindən sonra o öz hüquqlarını müdafiə etdiyinə görə qanunsuz olaraq Ədliyyə nazirliyinin qanunsuz əmrlərinə əsasən işdən çıxarılmışdır, dəfələrlə də qanunsuz əmrlərin verilməsi və ləğvi barədə məhkəməyə və digər instansiyalara müraciət etdiyinə görə iddiaçıya təzyiqə başlayıblar, iki dəfə saxta ittihamlarla həbs etdirərək susdurmağa məcbur etmək istəyiblər, onu işləməyə qoymayıblar. (əmək kitabçasını da korlayaraq), ailə üzvlərinə də qarşı təqib və təzyiqlər göstərilib və hələ də davam edir. Onların təzyiqləri nəticəsində iddiaçı məhkəmədə insult keçirmişdir, həyat yoldaşı da qan xəstəsidir, onun əlilliyinə görə də pensiya alınmasına imkan verilmir, böyük oğlu da hərbçi olub, müharibə veteranıdır ona da əlillik verilmir. Ona görə də cavabdehlərin hərəkət və hərəkətsizliyinə görə iddiaçı qanunsuz olaraq işləməyə imkan verilmədiyindən ədliyyə nazirliyinin qanunsuz əmrləri (2000-ci il aprel, 2001-ci il yanvar və avqust) tələb olunaraq ləğv olunmalı, iddiaçının buraxılmış müddəti əmək stajına əlavə olunmalı və ona dəymiş ******* (dörd milyon iki yüz altmış dörd min) maddi və mənəvi ziyan cababdehlər tərəfindən ödənilməlidir, məhkəmə tərəfindən onların hərəkətlərinin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən (məhkəmənin yardım etmək vəzifəsi) iddiaçıya məktub ünvanlanaraq, ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş, iddia tələbinin dəqiqləşdirilməməsi onun mümkünsüz sayılmasına səbəb olacağı izah edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, AR Ədliyə nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə Nazirliyinin qanunsuz əmrlərinin ləğv edilməsi, buraxılmış müddətin üzürlü sayılması və iddiaçının stajına daxil edilməsi vəzifəsi barədə öhdəlik qoyulması, buraxdıqları müddətə görə ona əmək haqqının verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin onun barəsində işdən çıxarılma haqqında əmrini mübahisələndirdiyini bildirmişdir. Göründüyü kimi iddia inzibati aktların ləğv edilməsi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirdiyi inzibati akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 27 avqust 2001-ci il tarixli əmridir. Beləliklə iddiaçı qeyd edilən əmri məhkəmədə xx.xx.2024-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı məhkəməyə təqdim etdiyi müddətin bərpasına dair ərizədə, cavabdeh tərəfindən mübahisələndirilən əmrlərin ona təqdim edilməsindən imtina edildiyini, hal-hazır ki dövrə qədər çoxsaylı müraciətlər etməsinə baxmayaraq müraciətlərinin cavabsız qaldığını qeyd etsə də, iş materiallarından hazırda mübahisələndirdiyi əmrlər barəsində daha əvvəl məlumatlı olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati icraatda məhkəməyə əsaslandırılmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır, yalnız iddia ərizəsinin İPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) tələb edilmişdir. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadalasa da həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkəməyə çatımlılığını istisna etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “AR Ədliyə nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyininin aradan qaldırılmasına məcbur edilərək Ədliyyə Nazirliyinin qanunsuz əmrlərinin ləğv edilməsi, buraxılmış müddətin üzürlü sayılması və iddiaçının stajına daxil edilməsi vəzifəsi barədə öhdəlik qoyulması, buraxdıqları müddətə görə ona əmək haqqının verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar