Məhkəmə qərarları › İş №2-1(118)-1476/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1476/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1476/2022 11.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə (işləməyən, Quba rayonu Yenikənd kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DSMF publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz Regional filialına qarşı onun Bakı Plan Uçot texikumunda aldığı təhsil müddəti və xx.xx.1996-cı ildən xx.xx.2002-ci il tarixədək Quba rayonu “Rusiya” sovxozu üzrə Aqrar İslahat Komissiyasında işlədiyi müddətin sosial sığorts stajına daxil edilərək yaşa görə əmək penisyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhsil müddəitinin və işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyininin Dövlət Sosial Müdafiə Fondunun Quba rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək iddiaçının Bakı Plan Uçot Texnikumunda təhsil aldığı müddətin və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Quba rayon Rusiya sovxozu üzrə Aqrar İslahat Komissiyasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəiyinin cavabdeh 1 saylı Quba-Xaçmaz Regional filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Bakı Plan-uçot Texnikumu”na daxil olmuş, 1974-1976-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra təhsilini davam etdirərək 1977-ci ildə həmin texnikumun “Mühasibat uçotu” ixtisası üzrə bitirmişdir. xx.xx.1978-ci ildən xx.xx.1996-cı ilədək Quba rayonu “Rusiya” sovxozunda mühasib kimi işləmişdir. 1996-cı ilin sentyabr ayından 2002-ci ilin aprel ayınadək Quba rayonu “Rusiya” Sovxozu üzrə Aqrar İslahat Komissiyasında işləmiş və əmək haqqı almışdır. Ümumilikdə, 29 ilədək iş stajı vardır. Buna baxmayaraq o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdikdə, ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci- maddəsinə əsasən 65 yaşına çatmış kişilərin 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən 1974 - 1976- cı illərdı hərbi xidmətdə olduğu və xx.xx.1978-ci ildən xx.xx.1996-cı ilə kimi Rusiya sovxozunda işlədiyi dövr nəzərə alınmaqla sosial sığorta stajı cəmi 20 il 7 ay 13 gün təşkil edir. Onun xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilə kimi aqrar-islahat komissiyasında işlədiyi dövr öz təsdiqini tapmadığına görə həmin dövrü (5 il 6 ay 14 gün) sığorta stajı kimi nəzərə almaq mümkün olmamışdır. Tələb olunan 25 il sığorta stajına qarşı 20 il 7 ay 13 gün sığorta stajı olduğuna görə iddiaçını pensiya ödənişi dayandırılmışdır. İş materiallarında olan : - iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - iddiaçıya verilmiş Ю № 017837 seriyalı diplomdan görünür ki, o, 1972-1977-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Bakı Plan Uçot Texnikumunda “mühasib” ixtisası üzrə təhsil almışdır. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli xx-xx-1162/10 saylı məktubundan görünür ki, İddiaçı həqiqətən 1972-ci ildə Bakı Plan-Uçot Texnikumunun “Mühasibat uçotu” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 1977-ci ildə tam kursu bitirmişdir. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - İddiaçının adına açılmış ИТ-İ № ******* seriyalı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1978-xx.xx.1984-cü illərdə Quba rayonu “Rusiya” sovxozunda normalaşdırıcı texnik, xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək həmin sovxozda mühasib işləmişdir, xx.xx.1996-cı ildə sovxozda aparılan aqrar islahatı ilə əlaqədar sovxozun fəaliyyətinin dayandığı üçün aqrar islahat komissiyasının işlək üzvü kimi saxlanılmış və xx.xx.2002-ci ildə işlək üzvlükdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 465 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı 1992-2002-ci ilin aprel ayınadək illərdə Quba rayonu “Rusiya” sovxozu və “Rusiya” sovxozu üzrə Aqrar İslahat Komissiyasında işləmiş və əmək haqqı almışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əlavə edilmiş əmək haqqı cədvəlləri və əmrlərdən görünür ki, İddiaçı Mintağa oğlu xx.xx.1978-ci il tarixli 28 nömrəli əmrlə Quba rayonu “Rusiya” sovxozuna normalaşdırıcı texnik təyin edilmiçş, xx.xx.1996-cı il tarixli 06 nömrəli əmrlə sovxozda Aqrar iskahat komissiyasının işlək üzvü kimi saxlanılmışdır: 1978ci ilin fevral ayından başlayaraq 2002-ci ilin aprel ayınadək əmək haqqı almışdır. -“Rusiya” adına sovxoz aqrar islahat komissiyasnın 3 saylı 28 mart 2002-ci il tarixli protokol qərarından görünür ki, “Rusiya” adına sovxozun aqrar islahat komissiyası ləğv edilmişdir. - cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, tələb olunan 25 il sığorta stajına qarşı 20 il 7 ay 13 gün sığorta stajı olduğu səbəbindən ona pensiya ödənişi dayandırılmışdır . ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının təhsil aldığı və 1996- 2002-ci illərdə “Rusiya” sovxozu Aqrar İslahat Komissiyasında işlədiyi dövr mübahisələndirilir. Məhkəmə araşdırması zamanı cavabdehin özü tərəfindən verilmiş sorğuya cavab olaraq Təhsil Nazirliyi iddiaçının həqiqətən də 1972-1977-ci illərdə Bakı Plan-Uçot Texnikumunda təhsil almasını (1974-1976-cı illərdə hərbi xidmət daxil olmaqla) təsdiq etmişdir. bundan başqa məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində iddiaçının həqiqətən də xx.xx.1996-xx.xx.2002-ci illərdə “Rusiya” sovxozu Aqrar İslahat Komissiyasında işləməsi və əmək haqqı alması öz təsdiqini tapdı. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə , aşağıdakı müddətlər daxil edilir: ..... 21.2.10 mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Beləliklə, mübahisələndirilən dövr də sosial sığorta stajına daxil edildikdə iddiaçının ümumi sosial sığorta stajı 29 ildən artıq təşkil edəcəkdir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Plan-Uçot Texnikomunda təhsil aldığı və xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə Quba rayon “Rusiya” sovxozu üzrə Aqrar İslahat Komissiyasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Nümayəndə Mintaqa oğlunun Bakı Plan-Uçot Texnikomunda təhsil aldığı və xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Quba rayonu “Rusiya” sovxozu üzrə Aqrar İslahat Komissiyasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar