Məhkəmə qərarları › İş №2-1(118)-1477/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1477/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1477/2025 23.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 10 fevral 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 10 fevral 2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 10 fevral 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya 10 fevral 2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Həqiqi hərbi xidmətə olmuşdur. Sonra xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixədək AR Silahlı Qüvvələrində MAHHXHQ olaraq hərbi xidmət keçmişdir. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2-ci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan artileriya mərmisi nəticəsində zirehli maşında yaranmışdır. Bu günə kimi müalicə qəbul edir. Xəstəliyinə görə xx.xx.2022-ci ildən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətlədirilməsi ilə bağlı dövlət tibb müəssisəsi tərəfindən “Forma 88” göndəriş verilmişdir. Tibbi sosial ekspert komissiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 № li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas verməməsinə əsaslanaraq diaqnozun təsdiqlənməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. xx.xx.2024-cü il əyani müayinədə olunmuşdur. İmtina barədə rəsmi olaraq xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub verilmişdir. Düşünür ki, TSEK-in qəbul etdiyi qərar tam yalnışdır və iddiaçıya əlillik təyin olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “qərarın ləğv edilməsi, əlilliyin təyin edillməs öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair etirazı diqqətinizə çatdırırıq. Quba rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 893 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu (ifadəli depressiv forma) postkommosion sindrom, suiqəsd fikirləri və cəhdləri ilə, kəkələmə ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsiin davamlı vegetativ damar davamsızlığı, sefalqik və insomnik sindrom, koqnitiv defisit ilə təzahü edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020). Tinnitus. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor aqıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; ‘‘Saq əlin İİ, sol əlin V barmaqlarının dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə, hipermetropik astiqmatizmi Em Hm 1,0D nəticə ində görmə itiliyinin ' 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. İkincili hissəvi adentiyä' diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8493/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) affektiv (ifadəli depressiv forma) pozuntusu, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11201/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) affektiv (ifadəli depressiv forma) pozuntu, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 15040/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3151 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, özünü idarə edə bilməməsindən, gecə yuxusunun pozulmasından şikayətlənmişdir. Baxış zamanı sağ saidin üst səthində yeni səthi kəsik izləri qeyd olunmuşdur. Müayinə zamanı təngnəfəs şəkildə, qıcanaraq süst danışmış, kəkələmə müşahidə edilsə də, bəzən itmişdir. Demonstrativ davranışlar ön planda olmuşdur. Dqşqncəsi və mühakimə qabiliyyəti saxlanmış, bələdliyi bütün istiqamətlərdə, tənqidi qorunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdehin iddiaçıya ünvanladığı 15 may 2024-cü il tarixli məktub; 893 saylı xəstəlik haqqında şəhadətnamə; SX № ******* hərbi biletin surəti və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 10 fevral 2024-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxx 1989-cu il təvəllüdlüdür. İddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 10 fevral 2024-cü il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik təyin etmir” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 10 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona 10 fevral 2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş G00166002GQR nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4693/2024 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 T834/2024 saylı, xx.xx.2024-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Vətəndaş İddiaçı tibb müəssələrində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsində eyni ixtisas üzrə mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Həmçinin SN “MTE və PA Birliyi” phş müvafiq tibbi avadanlıqla təchiz olunmadığından onun hal-hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı almış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə; Ağırlaşmalar: F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu-ifadəli depressiv forması. Suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi və kəkələmə ilə; Yanaşı xəstəliklər: F98.5 Kəkələmə (hıqqana-hıqqana danışma). F43.1 Posttravmatik stress pozuntusu. R45.8 Emosional hallara aid olan digər simptomlar və nişanələr” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə zamanı psixi vəziyyəti mütəxəssiaslər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər müşahidə edilməmişdir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci i! tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı 01-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır. İnzibati işin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli, 2- 1(118)-1477/2025 saylı qərardadına əsasən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən daxil olmuş 1803 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Yoxlanılan şəxs İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Qeyd olunan digər meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə- psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. Yoxlanılan şəxs İddiaçı aşkar olunan diaqnoz ilə (Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru (F07.0)), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 893 nömrəli Şəhadətnaməsində qeyd edilən diaqnozun səbəb əlaqəsi mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri (F07) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda həm G00166002GQR nömrəli Forma 088-də qeyd edilən, həm də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 893 nömrəli Şəhadətnaməsində qeyd edilən xəstəliklər davam edir və sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı iddiaçı səhhəti ilə bağlı yaranmış və hal-hazırda da davam edən üzrlü halı nəzərə alaraq ötürülmüş müddətin üzrlü hesab edilərək ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Qeyd edilən hal ilə bağlı məhkəmə bildirir ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının səhhəti, davranışları və faktiki psixoloji vəziyyəti nəzərə alınmaqla iş üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 10 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar