Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1478/2021 04.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs X1 (övladları 24.10.2010-cu il təvəllüdlü X9, 22.12.2011-ci il təvəllüdlü X10, 28.03.2017-ci il təvəllüdlü X8 ilə birlikdə) Sumqayıt şəhəri, 8-ci mikrorayon, 9/25 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs X1 (övladları 24.10.2010-cu il təvəllüdlü X9, 22.12.2011-ci il təvəllüdlü X10, 28.03.2017-ci il təvəllüdlü X8 ilə birlikdə) Sumqayıt şəhəri, 8-ci mikrorayon, 9/25 saylı evin 8 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 8 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs X5 onun qudasıdır. X1 övladının məktəbə getməsi ilə əlaqədar olaraq həmin şəxsi və övladlarını mənzilə qeydiyyata aldırmış və üçüncü şəxslər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə ümumiyyətlə yaşamamışlar. Hazırda onlar Sumqayıt şəhəri 16-cı mikrorayon 36A saylı evdə yaşayırlar. Üçüncü şəxslərin onun evində qeydiyyatda olmaları onun evə olan hüquqlarının həyata keçirilməsinə maneçiliklər yaratdığından qeyd olunan şəxslərin ona məxsus evə olan istifadə hüquqlarına xitam verilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək X1 və onun övladları, azyaşlı olan X6, X7 və X2 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 8 ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 19 iyun 2021-ci il tarixli məktubu ilə ərizəsinin icrasından imtina olunaraq qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən X5 məhkəməyə ərizə təqdim edərək İddiaçı məxsus ünvan 1 ünvanından özünün və övladlarının qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmiş, həmin evdə onun və onun övladlarının heç vaxt yaşamadığını, formal qaydada qeydiyyatda olduqlarını bildirmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 8 İddiaçı adına qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 04.10.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 8 ünvanında X5, X9, X10 və X8 qeydiyyatdadırlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal sahəsi tərəfindən 17.09.2021-ci il tarixli sorğuya əsasən təqdim olunmuş 2 saylı forma arayışından görünür ki, X5 və onun övladları, azyaşlı olan X9, X10 iddiaçıya məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 8 ünvanında qeydiyyatdadırlar. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 19.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının X1 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı müraciəti təmin edilməmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 24.05.2021-ci il tarixli 2(060)-2972/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X3 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, 8 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə X5 və onun azyaşlı övladları olan X9, X10 və X8 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 19.06.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 övladları ilə birlikdə həmin evdə qeydiyyatda olsalar da orada yaşamamaları və həmin evdən övladları ilə birlikdə qeydiyyatdan çıxarılmalarına etirazının olmaması barədə ərizə təqdim etmişdir. Beləliklə iş üzrə üçüncü şəxslərin sözügedən mənzildə qeydiyyatları formal xarakter daşıyır və onlar həmin mənzildə yaşamırlar. Bu halda qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılmasından cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 və onun azyaşlı övladları olan X6, X7 və X2 ünvan 1 ünvanından qeydiyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X1 və onun azyaşlı övladları X6, X7 və X2 ünvan 1 ünvanından qeydiyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1478/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1478/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver