Məhkəmə qərarları › İş №2-1(118)-148/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-148/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-148/2020 11.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Namiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayon Şuduq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayon Şuduq kəndində yerləşən 0,10 ha torpaq sahəsonə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli, **********25 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il 18 dekabr tarixdə anadan olduğu Quba rayonu Şudux kəndi ərazisində torpaq almaqdan ötəri kənd bələdiyyəsinə müraciət etmişdir. 22 dekabr tarixdə dövlət rüsumunu ödəməklə 0.12 ha torpaq almışdır. 2010-cu ildə özünə aldığı torpaqda ev tikdirmişdir. 2019-cu ildə evinə Dövlət Reyestr Xidmətindən çıxarış almaq istədiyi zaman imtina gəlmiş və məlum olmuşdur ki, iddiaçının aldığı torpağın torpaq şöbəsi tərəfindən möhürü vurulmamışdır. İddiaçı yaşadığı evə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etsə də heç bir nəticə almamışdır. Bütün dövlət rüsumlarını ödədiyi və yaşadığı evə çəkdiyi xərclərə əsasən hesab edir ki, ona mənzildən istifadə etmək hüququ və torpağına çıxarış verilə bilər. Bu gün torpaq şöbəsinin fəaliyyəti dayandırılaraq məhz Dövlət Komitəsinin yanında Dövlət Reyestri xidmətinə həvalə edilmişdir. İddiaçı nümayəndəsi X2 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı DTXK-nın möhürü olmayan torpaqların alqı-satqısına dair aktı əsasında Quba rayon Şuduq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına köməklik göstərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı müraciətinə xx.xx.2019-cu il tarixli **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, təqdim edilən sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, 0.10 ha torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş Quba rayon Şuluq Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı əsasında tərtib edimiş torpaqların alqı-satqısına dair akt DTXK-nin Quba rayon şöbəsi tərəfindən təsdiqlənməmişdir. Bundan əlavə ərizəyə Quba rayon Şuluq bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarı torpaq sahəsinin yerləşdiyi ərazini əks etdirən bələdiyyənin yerquruluşu xəritəsindən çıxarış və torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin rəyi əlavə edilməmişdir. Azərbaycan Respublikasının 2002-ci il 15 nart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.”. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Topraqların alqı-satqısı Qaydaları”nda bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o möhürlə təsdiqlənir. Bununla da torpaq sahəsinin ayrılmasına dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər mövcud deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəyə dair texniki hissə ilə, o cümlədən mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müayinə ediməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, xx.xx.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin qanunun 6.5-ci maddəsinin tələbinə görə (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (kənd təsərrüfat və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -22-ci bəndinə əsasən Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlər (bu halda BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzərdə tutulur), Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21- ci, 22-ci bəndlərində nəzərdə tutulmuş ―müvafıq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlar həyata keçirirlər (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Lakin hazırki iş üzrə iş materiallarından da göründüyü kimi, ərizəyə torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin rəyi əlavə edilməmişdir. Həmçinin, torpaq sahəsinin ölçü və planı da iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının 2002-ci il 15 nart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Topraqların alqı-satqısı Qaydaları”na Əlavəyə əsasən Torpaqların alqı-satqısına dair akt torpaq alanın və rayon torpaq şöbəsinin müdirinin iştirakı ilə tərtib edilərək imza və möhürlə təsdiq edilir. Lakin Quba rayon Şuluq Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı əsasında tərtib edilmiş sözügedən “torpaqların alqı-satqısına dair akt” DTXK-nın Quba rayon şöbəsi tərəfindən möhürlə təsdiqlənməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyinin tələbləri pozulduğuna görə 0,10 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar