Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1480/2023 05.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndəf oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azkimyatəmir” Trestinin “Təchizat” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Azərkimyatikinti” Trestində, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək həmin Trestin 1 nömrəli Təmirtikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaşı tamam olan tarixdən yəni, xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azkimyatəmir” trestinin “Təchizat” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Azərkimyatikinti” Trestində, xx.xx.1995ci il tarixdən xx.xx.1998-ci il tarixədək həmin Trestin 1 nömrəli Təmirtikinti Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. 1974-cü ilin sentyabr ayından 22 aprel 1979-cu il tarixədək Sumqayıt Politexnik Texnikumunun “Sənaye və Mülki Tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. Noyabr 1975-noyabr 1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 14 may 1979-cu ildən 1708.1981-ci il tarixədək 103 saylı Tikinti İdarəsinə, xx.xx.1981-ci il tarixdən “Azərkimyatəmir” Trestində işə qəbul edilmiş və xx.xx.1998-ci ilədək həmin idarədə işləmişdir. xx.xx.2019-cu ildə “Dost” İş Mərkəzində işə qəbul edilmiş və hal-hazırda da həmin idarədə işləyir. Ümumi iş stajı 27 il təşkil edir. O, 65 yaşı tamam olan tarixdən, yəni xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh isə ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət və əyani təhsil dövrləri də nəzərə alınmaqla) ümumilikdə 20 il 5 ay 7 gün təşkil edir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərkimyatikinti” trestinin 1№-li TTQİ-də əmək fəaliyyəti dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Fondun Abşeron-Xızı regional filialı tərəfindən aparılan monitorinq nəticəsində iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş sözügedən qurumda xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1998- ci il tarixədək işləməsi faktını təsdiq edən heç bir arxiv sənədi aşkar olunmadığı üçün qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bundan başqa xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, şəxsin fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14042,76 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (iddiaçının müraciətindən imtina olunması müddətinə nəzərən) 16331 43 manat təşkil edir ki, bu da minimum pensiya kapitalı məbləğindən (34,560 manat) aşağıdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və pensiya kapitalı tələb olunan məbləğdən aşağı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. -iddiaçının adına açılmış ИТ№0436790 seriyalı əmək kitabçasından görünür ki,İddiaçı 14 may 1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək 103 saylı Tikinti İdarəsində, xx.xx.1981- 28,06.1998-ci illərdə “Azərkimyatəmir” Trestində ,xx.xx.2019-cu ildə “Dost” İş Mərkəzində işə qəbul edilmiş və hal-hazırda da həmin idarədə işləyir. - Məhkəmənin sorğusuna əsasən X2 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Azərkimya Tikinti” Trestinin nəzdində “Təchizat” kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. “Azərkimya” Təmir Tikinti Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin 1995-1998-ci illərin əmrlərinə və əmək haqqı cədvəllərinə baxılmış, İddiaçı adına rast gəlinməmişdir. -Məhkəmənin sorğusuna əsasən X2 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Azərikimyatəmirtikinti” trestinin 1 saylı TTQİ-nin 1992-ci və 1995-ci ilərə dair əmrlər kitablarına və 1995-ci ilin T-2 şəxsi vərəqələrə baxılmış, sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktubunda onun 1992-1998-ci illərdə işlədiyi müəssisənin arxiv sənədlərinin müəyyən olunmaması və bununla əmək kitabçasında aparılmış qeydin təsdiqlənməməsi ilə bağlı olduğunu göstərmişdir. Qeyd olunmalıdır ki, iddiaçının 1981-ci ildən 1998-ci ilə kimi işlədiyi müəssisə faktiki olaraq eyni müəssisə olmaqla ayrı-ayrı vaxtlarda başqa cür adlandırılmışdır. Əmək kitabçasında aparılan qeydlərdən göründüyü kimi iddiaçı “Azkimyatəmir” trestinə xx.xx.1981-ci il tarixdə mühəndis kimi işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə iqtisadçı, xx.xx.1987-ci il tarixdə baş iqtisadçı vəzifəsinə, xx.xx.1988-ci il tarixdə maddi-texniki təhcizat üzrə iqtisadçı keçirilmiş, xx.xx.1991-ci il tarixdə mərkəzi anbarın müdiri, xx.xx.1992-ci il tarixdə rextin “Təchizat” kiçik müəssəsinin alqı-satqı şöbəsinə anbar müdiri təyin edilmişdir. xx.xx.1992- ci il tarixdə “Təchizat” kiçik müəssisəsi Texniki istehsalat komplektləşdirmə idarəsi adlandırılmış, xx.xx.1993-cü il tarixdə “Azkimyatəmir” tresti “Azərikimyatikinti” tresti adlandırılmışdır. xx.xx.1993-cü il tarixdə iddiaçı Trestin materialtexniki təchizat şöbəsinə mərkəzi anbar müdiri, xx.xx.1995-ci il tarixdə həmin şöbəyə müvəqqəti olaraq mühəndis keçirilmiş, xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə “Azərkimyatikinti” trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində gözətçi vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müəssisənin adının tez-tez dəyişdirilməsi də arxiv sənədlərinin yerinin müəyyən edilməsində çətinlik yarada bilər. İddiaçının arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında apraılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddət ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqqları barədə məlumatların olmaması və s. həmin dövrün iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən social sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Təchizat” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Azərkimyatikinti” Trestində, xx.xx.1995ci il tarixdən xx.xx.1998-ci il tarixədək həmin Trestin 1 nömrəli Təmirtikinti Quraşdırma İdarəsində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova