Məhkəmə qərarları › İş №2-1(118)-1481/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1481/2021

17.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1481/2021 17.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq mehralı qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019- cu il tarixli 2 (060)-1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(060)-1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş iş yoldaşı olmuş X4 ona pul borclu olduğundan onunla iddiaçı arasında məhkəmə çəkişməsi başlamışdır. Bu zaman cavabdeh X4 notariat qaydada vəkillə müqavilə bağlayaraq, ( fəaliyyət qabiliyyəti olmayan şəxs notarial qaydada müqavilə bağlayıb) vəkili vasitəsi ilə məhkəməyə sənədlər təqdim edərək bildirdi ki, o " şizofreniya" diaqnozlu xəstədir və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsdir. Bu barədə Sumqayıt şəhər məhkəməsinin 11 aprel 2019- cu il tarixli 2(060) -1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir və bundan sonra Sumqayıt şəhər məhkəməsinin icraatında olan onun pul tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Bununla da onun hüquqları pozulur. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ona üç ay müddətində qəyyum təyin olunmalı olduğu halda qəyyum təyin etmirlər və müxtəlif bəhanələrlə süründürürlər. O dəfələrlə X3 qəyyum təyin olunması ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qətnaməsini icra etmək əvəzinə onu hüquq - mühafizə orqanlarına müraciət etməyini tövsiyə edirlər. Bu səbəbdən də məhkəməyə müraciət müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə ərizə ilə müraciət etmiş iddiaçı işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsləni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Gəbul edilməsi tələb edilən sərəncam fəaliyyət qabiliyyətinin itirmiş şəxsə qəyumun təyin edilməsi ilə bağlıdır ki, şəxs üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır ki, anoloji iddia tələbi ilə bağlı ümumi məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2019- cu il tarixli 2 (060)-1062/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 üzərində qəyyum və ya himayəçi təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar